Sizin reklam burada

“İnanıram ki, qışdan sonra tam fərqli “Sumqayıt” görə bilərik”

Baxış Sayı:67





Təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hazırlıq prosesi barədə klubun rəsmi saytına müsahibə verib. Mütəxəssis bir sıra vacib məsələlərə toxunub.

- Premyer-liqanın 2020/21 mövsümünün arxada qalan ilk yarısını necə dəyərləndirərdiz?

- Lap əvvəldən başlasaq, deyə bilərik ki, mövsümün əvvəlində bir neçə əsas futbolçumuzla yollarımız ayrıldı. 2020/21 mövsümünün startı ilə yanaşı, bizi Avropa Liqasında da çətin debütün gözlədiyini bilirdik. Vaxt azlığına baxmayaraq, öncə əksər futbolçularımızla müqavilələri yenilədik və bir neçə yeni oyunçunu heyətimizə qatmaqla Qəbələyə - təlim-məşq toplanışına yollandıq. Mövsümöncəsi hazırlıq mərhələsidə çətinlik çəksək də, qayıdandan sonra yeni transferlər də daxil olmaqla, heyəti komplektləşdirə bildik. Premyer-liqanın debüt matçında “Keşlə”yə minimal hesabla məğlub olduq, ardınca şəhərin və klubun tarixində ən vacib oyunlardan birini keçirdik. Əslində Avropa Liqasında püşk də üzümüzə gülməmişdi. Olduqca çətin komandaya rəqib olduq. Buna baxmayaraq, Şimali Makedoniya “Şkendiya”sı ilə oyunda komanda pis təsir bağışlamadı. Lakin sonda təcrübə sözünü dedi, məğlub olaraq mübarizəni dayandırdıq. Zaman keçdikcə gördük ki, çox güclü bir rəqibə qarşı mübarizə aparmışıq. “Şkendiya” bizdən sonra bir mərhələ də keçib, İngiltərə “Tottenhem”inə uduzmaqla mübarizəni dayandırdı. Həmin komanda hazırda Şimali Makedoniya çempionatının lideridi. Mövsümün ilk iki görüşündə məğlub olmağımıza baxmayaraq, komandadakı irəliləyişi görürdüm. Daha sonra ardıcıl qələbələr qazanmaqla uğurlu qrafik yaxaladıq. İlk dövrəni lider kimi tamamlamağımız formada olmağımızın və düzgün çalışmağımızın bariz nümunəsi idi. Çempionatın gedişində də deyirdim ki, bu tempdə davam etmək üçün heyətimizin geniş olması şərtdi. Belə bir vəziyyətdə gözlənilməz zədə hər şeyi “darmadağın” edə bilərdi ki, bu da baş verdi. Ən yaxşı formada olduğumuz dövrdə birdən-birə iki mövqedə əsas futbolçularımızı itirdik. Süleyman Əhmədovun U-21 millisinin heyətində zədələnməsi və ilk dövrədə 6 qol vuran hücumçumuz Əli Qurbaninin zədələnərək ikiaylığa sıradan çıxması oyunumuza təsir göstərdi. Nə qədər alternativ variant fikirləşsək də, zədələr oyun sistemimizi sıradan çıxardı. Digər məsələ isə son üç qarşılaşma ərəfəsində məlum COVID-19 infeksiyasının təsiri idi. Təsəvvür edin, 11-ci turda “Qəbələ” ilə matça hazırlaşırsan, bir gün öncə oteldə olduğun müddətdə oyun təxirə salınır və qarşılaşma iki gün sonraya keçirilir. İki gün sonra həmin oyundan əvvəl bir neçə futbolçun xəstələnir və heyəti qurmaqda çətinlik çəkirsən. Daha sonra komandanın böyük hissəsinin virusa yoluxması və ikihəftəlik məlum təxirəsalmadan sonra iki oyuna çıxmaq bizim üçün olduqca çətin idi. Ağır xəstəlikdən sonra iki həftə məşqsiz qalan futbolçularım “Zirə” ilə qarşılaşmada güc tapıb mübarizə apardı, lakin son oyunda “Sabah”la matçda gücümüz tam tükənmişdi. Təbii ki, bunlar itirdiyimiz xalların bəhanəsi ola bilməz. Ümumilikdə futbolçularım qış fasiləsinə qədər özlərini hər tərəfdən yaxşı göstərə bildilər.

- Qış fasiləsinə qədər qarşınıza qoyduğunuz məqsədlərə çata bildizmi?
- Qış fasiləsinə qədər lider kimi tamamladığımız birinci dövrədən sonra ikinci yarıda uğursuz oyunlar keçirməyimizə baxmayaraq, işimizin öhdəsindən gəldiyimizi düşünürəm. Hazırda 4-cü pillədə qərarlaşmışıq və 3-cü yerdən 4 xal geridəyik. Ümumilikdə yarımillik dövr ərzində işimizin bəhrəsini gördüyümüzü düşünürəm. Bu müddət ərzində əsas milliyə “Sumqayıt”dan 6 futbolçu dəvət olundu ki, bu da bizi sevindirməyə bilməzdi. Arxada qalan dönəmdə gənc futbolçuların yetişməsinə çalışdıq və buna qismən nail olduq. Premyer-liqada 13 turda ümumilikdə 7 limit futbolçusunun xidmətindən istifadə etdik. Elə qarşılaşmalar oldu ki, start heyətimizdə 3 limit futbolçusu yer aldı. Daim gənc futbolçuların inkişafı üçün çalışan “Sumqayıt” bu işi yenə də davam etdirəcək. Arxada qalan 6 ay ərzində akademiyamızdan gənc futbolçuları müntəzəm məşqlərə dəvət edirdik. Nəticədə bu müddət ərzində 3 yeni gənc futbolçumuzla peşəkar müqavilə bağladıq.

- Hazırda davam edən qış təlim-məşq toplanışı barədə məlumat verməyinizi xahiş edərdik...
- Yanvarın 4-dən premyer-liqanın ikinci mərhələsi üçün məşqlərə başladıq. Sumqayıtda “Kapital Bank Arena”da baş tutan ilk mərhələdə daha çox fiziki hazırlıq üzrə çalışdıq. 4 günlük proqramın ardından isə dünəndən başlayaraq Mərdəkanda yerləşən Milli komandaların məşq mərkəzində təlim-məşq toplanışına start verdik. Ölkə xaricində olan futbolçularımız da artıq ailələrinin yanından qayıdıblar və dünəndən etibarən tam heyətlə hazırlığımız davam edir. Ayın 14-dək davam edəcək toplanış ərzində iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Belə ki, yanvarın 10-da “Dalğa Arena”da “Zirə”, 14-də isə doğma meydanda “Qəbələ” ilə qarşılaşacağıq (müsahibə “Zirə” ilə oyundan əvvəl götürülüb – red.). Pandemiya ilə əlaqədar fərqli proqram üzərində çalışırıq. Vaxt azlığına baxmayaraq, maksimum hazırlıq keçmək istəyirik. Açığı, bizi fasilədən sonra rəqabət və daha çətin oyunlar gözləyir.

- Yeni futbolçuların heyətə cəlb olunması gözlənilir?
- Yeni futbolçulara ehtiyacımızın olduğunu bilirik. Hazırda bunun üzərində işlər gedir. İlk gələn futbolçu cinah müdafiəçisi Cabir Əmirli oldu. Onu mövsümün sonuna kimi “Neftçi”dən icarəyə götürmüşük. Hazırda danışıq apardığımız bir neçə futbolçu da var. Danışıqlar müsbət nəticələnsə, yaxın günlərdə yeni transferlərimiz olacaq. İlk növbədə hər mövqedə sağlam rəqabət görmək istəyirəm. Fasilədən sonra bizi çətin təqvim gözləyir. İstədiklərimizi edə bilsək, inanıram ki, qışdan sonra tam fərqli “Sumqayıt” görə bilərik.

- Mövsümün qalan hissəsi üçün gözləntiləriniz...
- Məlumdu ki, bu il qış toplanışı digər illərdən fərqli oldu. Əvvəlki illərdə Antalyada xarici klublara qarşı yoxlama oyunları keçirməklə komandanı pillə-pillə formaya salırdıq. Bu dəfə isə həm vaxtımız azdı, həm də komanda ağır xəstəlikdən çıxıb. İkihəftəlik təlim-məşq toplanışı ərzində komandanı maksimum formada hazır vəziyyətə gətirmək istəyirik. Həmişəki kimi, futbolçularıma inamım sonsuzdu. Bütün gücümüzü ortaya qoyub yenidən Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Buna imkanımız da var. Əsas məqsədlərimizdən biri həmişəki kimi yenə gəncləri üzə çıxarmaq və ölkə futboluna yeni adlar qazandırmaq olacaq. Mövsümün əvvəlindən qarşıya qoyduğumuz hədəf çempionatda mübariz, əzmkar bir komanda formalaşdırmaq idi. Şükürlər olsun ki, buna nail olmuşuq. Daha bir önəmli hədəfimiz isə milli komandalara verdiyimiz futbolçu sayının çox olmasıdı. Əsas millinin, U-21-in son toplanışlarına çağrılan futbolçuların performansı bizi sevindirdi. Millinin məşqçiləri ilə də daim ünsiyyətdəyik. Ümidvarıq ki, “Sumqayıt”dan yığmalara gedən futbolçu sayı növbəti toplanışlarda daha çox olacaq.

RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR