Sizin reklam burada

Samir Abasov onu bəyənməyincə...

Baxış Sayı:108

Samir Abasov onu bəyənməyincə...


Hər il olduğu kimi, bu dəfə də dekabrın son günlərində ənənəvi sorğular keçirildi. Adətən, belə sorğuların məqsədi il ərzində fərqlənənləri müəyyənləşdirmək, “ən yaxşı” adına layiq görülənləri mükafatlandırmaqdı. Sözsüz, belə sorğulardan ən obyektivi və əhatəlisi qəzetimizin keçirdiyidi.

Artıq “Futbol+” öz sorğusunu ənənəyə çevirib və rəyi soruşulanların sırası xeyli genişdi. Özü də bu sıra ildən-ilə genişlənir. Düzdü, koronavirus pandemiyası həyatın bütün sahələri kimi, idman dünyasını da alt-üst etdi. Belədə idman yarışları, futbol çempionatları da alayarımçıq keçirildi. Tribunalara azarkeşlərin buraxılmaması, məcburi fasilələr mübarizələrin, yarışların dadını-duzunu qaçırdı. Bununla belə, olub-keçənləri bir daha gözdən keçirdik, il ərzində fərqlənənlərin adını sorğu anketlərində qeyd etdik. Mənim üçün ötən ilin ən yaxşı futbolçusu Şahruddin Məhəmmədəliyevdi. Ona görə də seçim edərkən “Qarabağ”ın və millimizin “1 nömrə”sinin adını ilk sırada qeyd etmişdim. Şahruddini Qara Qarayevdən də bir addım öndə görürdüm. Bu da təsadüfi deyildi. Şahruddin həm millimizin, həm də “Qarabağ”ın heyətində “1 nömrə” adına tam layiq idi. Elə bu səbəbdən də Qurban Qurbanov kimi, Canni De Byazi də ona etimad göstərir, məsul qarşılaşmalarda “çərçivə”ni dağıstanlı qapıçıya tapşırırdı.

Siz də yaxşı bilirsiz ki, Məhəmmədəliyev “Qarabağ”ın “Molde” ilə qarşılaşmasında, millimizin isə Lüksemburqla səfərdə oyununda penaltini dəf etməyi bacarmış, bununla da komanda yoldaşlarına əlavə motivasiya vermişdi. Elə həmin “Molde” ilə görüşdə qapıçımızın “nöqtə”yə necə inamla yanaşması, penaltini inamla qola çevirməsi də yaxşı yadımızdadı. Təkcə bu epizodlar deyil. Şahruddin “Qarabağ”ı neçə-neçə epizodda real qoldan xilas edib. “Makkabi” ilə İstanbuldakı oyunda qazandığımız 1 xalda onun böyük xidmətləri var idi. Avropa Liqasının qrup mərhələsindəki digər görüşlərdə də Məhəmmədəliyevin qurtarışları saysız-hesabsız oldu. Çətin məqamlarda özünə inanır, “çərçivə”nin əsl ağası kimi görünür, komanda yoldaşlarını da irəli getməyə səsləyirdi. Bütün bunları nəzərə alaraq, Şahruddini ötən ilin ən yaxşısı saymışdım. Qara Qarayevin sabit oyununu, fərdi keyfiyyətlərini, universallığını da yetərincə qiymətləndirirəm. Son illərdə bir qayda olaraq belə səsvermələrdə Qaranın adını yaxşılar sırasında çəkmişəm. Amma təkcə bir məqamı xatırlatmaq kifayətdi ki, Qaranın özü də eyni sorğuda ilin ən yaxşısı kimi Şahrudddin Məhəmmədəliyevi fərqləndirib. Məncə, əlavə şərhə ehtiyac yoxdu.

Bu yazını qələmə almaqda məqsədim təkcə seçimimi əsaslandırmaq deyil. Çoxlarının bilmədiyi maraqlı bir tarixçə ilə oxucularımızı tanış etməkdi. Sözsüz, Şahruddin bir günün içində indiki səviyyəsinə yüksəlməyib. Onun da yanlışları, inamsız oyunlar olub. Amma mütəxəssislər həmişə Məhəmmədəliyevin istedadına inanıb, fiziki göstəriciləri ilə öyünə bilməsə də, onun gələcəkdə yaxşı qapıçı olacağını vurğulayıblar. Məlum məsələdi ki, Şahruddinin əsas üstünlüyü çevikliyi, cəld reaksiyaları və özünə yetərincə güvənməsidi. 1994-cü ildə Mahaçqalada dünyaya göz açan Şahruddin bir müddət Moskva “Torpedo”sunun aşağı yaş qruplarında oynayıb, hətta Rusiyanın gənclər yığmasının heyətində toplanışa da yollanıb. Sonra isə yüksək rəqabətə davam gətirməyib, tale onun yolunu Qusara salıb. Maraqlıdı ki, Məhəmmədəliyev “Şahdağ”a Mahaçqalanın həvəskar komandasından gəlib. Deməli, Azərbaycandan gələn çağırış onun peşəkar futbola qayıtması, orda möhkəmlənməsi üçün yeni şans olub. Görünən odu ki, Şahruddin də bunu yaxşı başa düşüb, işinə ciddi yanaşıb.

Onun həyatını dəyişən əsas hadisə isə Samir Abasovun verdiyi qərar olub. Bəli, Məhəmmədəliyevlə Abasovun yolu “Sumqayıt”da kəsişib. 2014/15 mövsümündə Şahruddin “Sumqayıt”ın “çərçivə”sini qoruyub. Onun meydana çıxdığı 34 oyunda rəqiblər “Sumqayıt”ın qapısına 50 dəfə yol tapıblar. Görünür, bu göstərici Samir Abasovu qane etməyib və çalışdırıcı Şahruddinin komandadan göndərilməsinə qərar verib. Klubsuz qalan Şahruddin həmin vaxt U-21 yığmamıza da dəvət alırdı və yerli futbolçu kimi limitə düşdüyündən əhəmiyyətli füqur sayılırdı. Nədənsə bu məqam Samir Abasovun diqqətindən yayınıb. Məhəmmədəliyev “Sumqayıt”dan göndərildiyini, klubsuz qaldığını əvvəlcə həmyerlisi, yaxın dostu Bədavi Hüseynova bildirir. O da öz növbəsində məsələni Rəşad Sadıqova nəql edir. Çox keçmədən Şahruddinin “Qarabağ”a dəvət edilməsi, əvəzedici qapıçı kimi heyətə salınması Qurban Qurbanovla müzakirə olunur. Azərbaycanlı pasportuna sahib, özü də limitin tələblərinə cavab verən qapıçının azad agent olması, yüksək əməkhaqqı tələb etməməsi “Qarabağ”a yolunu açır. Nəticə göz qabağındadı. Samir Abasovun “Sumqayıt”a layiq görmədiyi Şahruddin bu gün Azərbaycan çempionatının ən yaxşıları sırasındadı. Klubunun və millimizin heyətində öz mövqeyinin şəksiz lideridi. Kim bilir, Şahruddin həmin vaxt “Sumqayıt”da qalsaydı, bütün bu uğurları qazana biləcəkdimi? Atalarımızın “hər işdə bir xeyir var” deyimi bu məsələdə əcəb yerinə düşür. Ümid edirəm ki, ötən illərdə təcrübəsini artıran təkcə Şahruddin olmayıb. Samir Abasov da daha diqqətli və uzaqgörən olmağı öyrənib.

AMAL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR