“Neftçi”nin sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib. "Futbol+" xəbər verir ki, Veteran futbolçu 72 yaşında dünyasını dəyişib. Veteranlar İttifaqının sədri Oqtay Abdullayev mətbuata açılqmasında mərhumla iki gün öncə danışdığını bildirb:
“Rafiqin heç bir xəstəliyi yox idi. İki gün əvvəl telefonla danışırdıq, deyib-gülürdü. Heç nəyi də yox idi. Gecə yatıb, oyanmayıb”.
Qeyd edək ki, futbolçu karyerasına 1966-cı ildə Bakı “Lokomotiv”ində başlayan Əlizadə 1966-72 və 1976-82-ci illərdə “Neftçi”də çıxış edib. O, həmçinin Tiraspol şəhərinin komandasının (1973-74) və Odessa “Çernomorets”inin (1975) formasını geyib. 1988-89-cu illərdə Bakı “Termist”ində oynayan-məşqçi kimi çalışıb. Sonradan futzala keçən forvard 1991-ci ildə “Neftçi”nin şərəfini qoruyub və SSRİ yığmasında 2 oyuna çıxıb. Həmyerlimiz həm SSRİ millisinin, həm də “Dina”nın məşqçisi də olub. O, 1992-2008-ci illərdə bu klubun idman direktoru, 2010-17-də vitse-prezidenti kimi çalışıb. Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki sonuncu dəfə Avropa çempionluğunu qazanan Rusiya futzal yığmasının köməkçi-məşqçisi olub. 2019-da Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib. Onu da bildirək ki, 2019-cu ilin sonundan mərhuma AFFA İcraiyyə Komitəsinin qərarına əsasən assosiasiya tərəfindən xüsusi təqaüd verilib. Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev Rafiq Əlizadənin ölümü barədə danışıb. 81 yaşlı funksioner TASS-a açıqlamasında Rusiyanın futzal üzrə əməkdar məşqçisinin vəfatını böyük itki adlandırıb. Andreyev Əlizadənin qəfil dünyasını dəyişdiyini söyləyib:
"O, dünən vəfat edib. Ölümünün səbəbi hələ bəlli deyil. Yaxınları deyir ki, Əlizadə özünü yaxşı hiss edirdi. Əlbəttə, bu Rusiya mini-futbolu üçün böyük itkidi".
Rafiq Əlizadənin ən yaxın dostlarından biri də beynəlxalq dərəcəli hakim, Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovdu. Rüstəm bəy mərhumla bağlı xatirələrini bizimlə bölüşdü:
“Rafiqlə “Neftçi”yə, demək olar ki, eyni vaxtda gəlmişik. Mən, Əlizadə və Smolnikov 1966-cı ildə əsas komandaya cəlb olunduq. Rəhmətlik ona qədər Kamil Eynullayevin rəhbərliyi altında “Lokomotiv”də oynayırdı. Eynullayev Əhməd Ələsgərovla yaxın id və ona Əlizadəni məsləhət görmüşdü. Əhməd müəllim də bir-iki məşqdən sonra onu bəyəndi və “Neftçi”yə dəvət etdi. Əlizadə çox sürətli, topla mükəmməl davranan və yüksək texnikaya malik futbolçu idi. Bir dəfə Anatoli Banişevski ona “sən çox əziyyət çəkirsən. Özünü çox yorma, onsuz da 5-10 dəqiqə futbol oynayırsan” demişdi. Əlizadə də ona cavab olaraq “əziyyət çəkmirəm, 5-10 dəqiqə oynasam da, futboldan ləzzət alıram. Əziyyət çəkmək, meydanda can qoymaq sizlərin işidi” söyləmişdi. Çox yüngül və texnikalı olduğundan cərimə meydançasının daxilində həmişə təhlükəli olurdu. O penalti qazanmaq üzrə usta idi. Muşkavets soyadlı rus hakim var idi. Bir dəfə “Neftçi”nin oyununa təyinat almışdı. Matçdan öncə Əlizadəyə yaxınlaşaraq “özünü yorma, nə qədər yıxılsan da, penalti verməyəcəm”, - deyə xəbərdarlıq etmişdi. Bilirdi ki, Əlizadə çox vaxt hakimləri aldadır. Rafiq həmin oyunda bir neçə dəfə yerdə qalsa da, hakimin fiti səslənmirdi ki, səslənmirdi. Sona 7-8 dəqiqə qalmış Əlizadə rəqibin üç müdafiəçisinin arasına girib özünü onlara toxunduraraq elə yıxıldı ki, Muşkavets özü də bilmədən avtomatik fitini səsləndirdi və penalti təyin etdi. Rəhmətlik belə işlərin professoru idi. Əhməd Ələsgərov xətrini çox istəyirdi. Tənbəl oyunçu olsa da, Əhməd müəllimin incə damarını tutmuşdu. Ələsgərov hətta onu “Çernomorets”ə də dəvət etmişdi”.
Rüstəm bəy mərhumun Rusiyaya köçməsinin tarixçəsi barədə də danışdı:
“Böyük futbolda karyerasını başa vurandan sonra mini-futbola üz tutdu. “Neftçi”nin və SSRİ yığmasının şərəfini qorudu. Həmin illərdə Rusiyada “Dina” klubu yarandı. Prezidenti də Kozlov soyadlı bankir idi. Onu da deyim ki, “Dina” onun həyat yoldaşının adı idi. O bir dəfə Bakıya gəlmişdi. Burda bir neçə gün qaldı, onu Qubaya qonaq apardıq. Həmin vaxt Əlizadə də bizimlə idi. Çox şirindil və zarafatcıl olduğundan Kozlovla çox tez dil tapdı. Çox keçmədən “Dina”nın prezidenti Rafiqi Moskvaya dəvət etdi və klubun idman direktoru oldu. “Dina” mini-futbolda Çempionlar Liqasının qalibi olanda ona ev verildi, “Əməkdar məşqçi” adı aldı”.
Rəhimov yaxın dostunun Moskvada dəfn olunacağını da bildirdi:
“Bu gün həyat yoldaşı və qızı ilə danışmışam. Rusiyada bayram tətili sabah (bu gün) başa çatır. Əlizadənin nəşi morqda olduğundan sabah və ya birisigün Moskvada dəfn olunacaq. Rusiyada yaşayan digər veteran futbolçumuz Rafiq Quliyev maddi cəhətdən mərhumun ailəsinə yardım edib. Çox təəssüf ki, pandemiya üzündən dəfndə iştirak edə bilməyəcəyik. Allah rəhmət eləsin, çox yaxşı, gülərüz, mehriban insan idi”.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da mərhumun qızı Xumar xanımla əlaqə saxlayaraq, Azərbaycan futbol ictimaiyyəti adından başsağlığı verib və istənilən dəstəyə hazır olduqlarını deyib. Amma Xumar xanım heç bir maddi yardıma ehtiyaclarının olmadığını, diqqətə görə minnətdarlığını bildirib.
RƏŞAD