Sizin reklam burada

İlqar Qurbanov AFFA ilə dekabrda anlaşıb

Baxış Sayı:146


Bir müddət əvvəl karyerasını başa vuran İlqar Qurbanovun yeni iş yeri müəyyənləşib.

Futbol+ xəbər verir ki, 34 yaşlı sabiq futbolçu millidə skaut kimi çalışacaq. Qurbanovla birillik müqavilə bağlanıb. Dünən əlaqə saxladığımız səbəbkar artıq işə başladığını dedi:

“AFFA ilə dekabrda danışdıq, razılaşdıq. Artıq yavaş-yavaş vəzifəmin icrasına başlayıram. Hansısa problemlə qarşılaşacağımı düşünmürəm. Əsas futbolçuların özləri ilə bağlıdı. Milliyə gəlmək, klubla razılaşmaq, hansı ölkədən necə gəlmək və sair kimi məsələlər var. Başqa hansısa problem olacağını düşünmürəm. Vacib olan futbolçunun istəyidi. Bu, çox geniş məsələdi. Tək bizim istəyimizlə həll olunmur. Futbolçunun həvəsi, fikirləri, karyerası ilə bağlı planları vacibdi. Bunların hamısını düşünüb, sonra qərar qəbul etmək lazımdı. Futbolçu karyeramı yeni bitirdim. Gələcək karyeramla bağlı da fikirlərim var idi. Açığı, daha çox bu sahənin üzərində dayanırdım. Bu işlə məşğul olmaq həvəsində olmuşam”.


Millinin sabiq üzvü ölkə futbolunun hazırkı vəziyyəti ilə bağlı da fikirlərini bölüşdü:

“Əsas məsələ uşaq futboludu. Uşaq futbolu bizdə yaxşı səviyyədə deyil. Bunun üzərində klublarla işləmək lazımdı. Bu məsələdə onların da üzərinə çox iş düşür. Geniş mövzudu. İstənilən halda uşaq futboluna böyük önəm verilməlidi”.


Qurbanov milli komandanın DÇ-2022-dəki qrupunu və şanslarını da dəyərləndirdi:

“Bəllidi ki, çətin qrupa düşmüşük. Rəqiblərimiz səviyyəli, böyük tarixə malik komandalardı. Hər birinin keyfiyyətli və müxtəlik ölkələrdə legioner həyatı yaşayan futbolçuları var. Bu baxımdan millimiz üçün çətin olacaq. Amma istənilən halda komanda mübarizə aparmalıdı. Yığmanın layiqincə mübarizə aparacağını düşünürəm”.


Həmsöhbətimizin “yerli futbolçuların səviyyəsinin yüksək olmamasının və orta səviyyəli komandalarda legioner həyatı yaşayanların, yoxluğunun səbəbi nədi” sualına cavabı belə oldu:

“Bu məsələdə əsas problemin nə olduğunu deyə bilmərəm, çünki problem çoxdu. Bu yöndə hərtərəfli işləmək lazımdı. “Filan problem var, ona görə futbolçu getmir, oynamır” deyə bilmərik. Hər bir problemin üzərində dayanmaq, işləmək lazımdı. Futbolçular xaricə gedəndə də əziyyət çəkirlər, müəyyən problemlər yaşayırlar”.


AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR