Sizin reklam burada

Məsiyevə qoyulan qadağa, mesaj yaza bilməyən hakim-inspektor

Baxış Sayı:136


Pandemiya, müharibə hər nə qədər futbolu arxa plana atsa da, ilin sonunda istər-istəməz qalibi seçmək zərurəti yaranır. Bəli, futbolumuzun səviyyəsi xeyli enib, bəli, səviyyəli yerli futbolçuların sayı barmaqla göstəriləcək qədər azdı. Amma kimsə var, eləmi? Bəs onda başqalarının fonunda fərqlənən həmin kimsənin haqqını tapdalamaq olarmı? Təbii ki, olmaz. Biz də belə düşündük və ardıcıl 22-ci dəfə ilin ən yaxşı futbolçusunu seçməyə qərar verdik.
Sorğu niyə yaşamalıdı?


Girişdə vurğuladığım kimi, hər sorğu tarixin kassasına atılan qəpikdi. Ölkənin futbol səlnaməsini yazanlar 100-150 il ötəndən sonra da 2020-ni xatırlayanda Qara Qarayevin gərgin mübarizədə Şahruddin Məhəmmədəliyevə qalib gəlməsinin fərqinə varacaq, istər-istəməz rəqəmlərə müraciət etməli olacaq. Adi bir məqamı xatırladıram: “Futbol+”in işıq üzü görmədiyi 1995-ci ildə heç bir nəşr sorğu məsuliyyətini boynuna götürməyib və bu üzdən sıralamanın həmin xanası bu gün bom-boşdu. İnanmıram ki, kimsə belə mənzərədən məmnunluq duya. Deməli, 95-də yaşıl meydanlarda qəhrəmanlıq edən hansısa futbolçunun haqqı yeyilib.

“Ölkədə səviyyəli futbolçu az olduğuna görə sorğu keçirilməməlidi” iddiası kimi, pandemiya üzündən mövsümün yarımçıq qalması da ciddi dəlil deyil. Birincisi, hansısa futbolçunu dəyərləndirmək üçün 12 yox, 7 ay da kifayətdi. İkincisi, 2020-ni qısaldılmış rejimdə keçən dünya niyə Robert Levandovskini ilin ən yaxşı futbolçusu seçdi? Sadəcə, ona görə ki, polşalı hücumçunun bu il ideal formadan uzaq düşməsi, ilin ən yaxşısı seçilməməsi tam mümkün variantdı. Belədə onun haqqı yeyiləcəkdi.

Futbol ictimaiyyətinin qəribə vərdişləri

Qəzet səhifəsində yalnız respondentlərin kimə səs verdiyini və yekun nəticəni görən oxucu seçim prosesinin necə çətin getdiyindən xəbərsiz olur. Halbuki əməkdaşlarımız günlərlə, saatlarla telefonun dəstəyindən asılı qalır. Nə qədər əcaib görünsə də, futbol ictimaiyyətinin qəzetdən-saytdan bixəbər nümayəndələrinə siyahıdakı adları, hətta təmsil etdikləri komandaların adlarını bir-bir oxuyur, ili boşa verən Ramil Şeydayevə işarə ilə verilən “o niyə siyahıda yoxdu” sualını cavablamalı, biz 10 nəfərin adını deməmiş ilk “3-lüy”ü seçən bəzilərinin şıltaqlığına dözməli oluruq. Hətta elələri olur ki, dəfələrlə xatırlatmağımıza baxmayaraq, bir nəfəri seçir, ikincini, üçüncünü seçməyi unudur. Daha bir arzuolunmaz məqam budu ki, futbol ictimaiyyətinin onlarla nümayəndəsi günlərlə “feysbuk”a baxmır, ötənlərin məşhur hakimi, indi isə oyunlara hakim-inspektor kimi gedən birisi (adını bilmək istəyən mənə müraciət etsin…) adi “vatsap” yazışmasını bacarmır. Niyə belə düşünürəm? Səs-küydən, davranışından evdə - uşaqların, nəvələrin əhatəsində olduğu açıq-aydın duyulur, amma qırmızı-qırmızı “mən yoldayam, yaza bilmirəm” deyir. Belələrinin adını çəkmək, aləmə tanıtmaq şəxsən mənim üçün problem deyil. Sadəcə, illərdi respondentlər sırasındadılar deyə, istər-istəməz dözürəm.

Hakimlər kimdən çəkinir?

Şəxsən mən hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri arasında sorğu aparmalıydım. Fəxrlə deyə bilərəm ki, siyahıdakılardan yalnız Kamal Umudlu ilə danışmaq mümkün olmadı. Vətən müharibəsi başlayandan cəbhəyə yollanan referi həmin vaxt hələ tərxis olunmamışdı.
Futbol ictimaiyyətinin bu təbəqəsi ilə ünsiyyətin özünüməxsus çətinliyi var idi. Belə ki, sorğunun mahiyyətini, dolayısıyla həm də futbolumuzun keçmişini bilməyən bəzi gənc referilər ya mesaja cavab vermir, ya da Elçin Məsiyev kimi belə cavab göndərirdilər:

“Bizim birbaşa hansısa jurnalistlə kontaktda olmağımız qadağandı. Ona görə təəssüf ki, mən bu sorğuya birbaşa qoşula bilməyəcəm. Amma əlbəttə, siz AFFA-nın Hakimlər Departamentinə məlumat versəz və onlar mənə icazə versələr, onda mən də sorğuda iştirak edərəm”.

Elçin bəyə, Rəşad Əhmədova, bir çox başqalarına müsahibə götürmək istəmədiyimi, hansısa oyun haqda danışmayacaqlarını xatırladandan, uzun-uzadı izahat verəndən, daha yaşlı, münasibət saxladağımız hakimləri məsləhətçi kimi işə qoşandan sonra cavab almaq mümkün olurdu. Belə təəssürat yaranır ki, AFFA-nın Hakimlər Departamentinin rəhbərliyi, konkret Frits Stuxlik hakimlərə jurnalistlərlə istənilən şəkildə ünsiyyəti qadağan edib. Heç şübhəsiz, Avstriya kimi inkişaf etmiş ölkədə sorğu ilə müsahibənin, təhlilin, şərhin fərqini bilirlər. Deməli, Stuxlik cənablarının növbəti dərslərin birində qadağanı nisbətən yumşaltmasına ehtiyac var ki, nə vaxta küçədə tanış jurnalistin özündən getdiyini görən hansısa referi ona yaxınlaşa, yardım göstərə bilsin. Bir qədər mübaliğə olsa da, gerçək mənzərə belədi.

Sonda yuxarıda xatırladılan təbəqə ilə ünsiyyətin qurulmasında, telefon nömrələrinin tapılmasında mənə yaxından kömək edən Elgiz Abbasovla Elçin Məmmədova minnətdarlığımı çatdırmaq istəyirəm. Növbəti sorğularla görüşənə qədər!

HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR