Sizin reklam burada

“Koronavirus “Keşlə”yə çox böyük ziyan vurdu”

Title

Qış fasiləsi ərəfəsində Gürcüstanın “Samtredia” klubundan ayrılan Nicat Qurbanov yenidən premyer-liqada top qovacaq.

28 yaşlı hücumçu “Keşlə”nin uğurları üçün çalışacaq. Onunla seçimi və başqa mövzular ətrafında danışdıq.

- Bir müddətdi zədəliydin. İndi vəziyyətin necədi?
- Yaxşıdı. Zədəm tam sağalıb. Yeni komandamla məşq edirəm. Bir problem yoxdu.

- “Samtredia”dan ayrılmağın haqda danışaq. Niyə bu qərara gəldin?
- Klubla müqaviləmin müddəti başa çatdı. Komandada, demək olar ki, bütün futbolçuların müqaviləsi bitdi. Gürcüstanda belə qayda var ki, büdcə təsdiqlənməmiş futbolçuyla danışıq aparıla bilməz. Düzdü, klubdan qalmağımı istədilər, amma həm büdcə təsdiqlənməmişdi, həm də necə olacağı bilinmirdi. Başqa təkliflər də var idi, sadəcə, “Keşlə”nin təklifi daha uyğun oldu.

- Təkliflər Gürcüstan klublarından idi?
- Bəli, üç klubdan təklif aldım. Hər biri konkret variant idi. Sadəcə, bəzi şərtlərdə razılaşa bilmədik. Bu üzdən həmin klublara keçidim baş tutmadı. Amma ad açıqlamaq düzgün olmaz.

- “Keşlə”dən ilk təklif nə vaxt gəldi?
- “Keşlə” 3-4 gün əvvəl təklif göndərdi. Sonra oturub danışdıq, razılaşdıq.

- Gürcüstanda oynayarkən Azərbaycan çempionatını izləyirdin?
- Əlbəttə. Burda həm dostlarım oynayır, həm də öz çempionatımızla maraqlanırdım. Düzdü, bizim oyunlarımızla eyni vaxta düşdüyü üçün hamısına çatdırıb baxa bilmirdim. Amma fürsət yaranan kimi maraqlanırdım.

- Çempionatın səviyyəsini necə dəyərləndirirsən?
- Son illər müəyyən eniş hiss olunur. Düşünürəm ki, bunda çempionata yaxşı futbolçuların gələ bilməməsi də rol oynayıb. Bunlar bir-biri ilə bağlıdı. Çempionatın səviyyəsi yaxşı olmadığı üçün futbolçular gəlmir. Yüksək keyfiyyətli futbolçular gəlmədiyi üçün getdikcə geriləyirik. Bunlar istər-istəməz təsir edir. Təəssüf ki, son illər məhz belədi. Ümid edirəm ki, gələcəkdə çempionatın səviyyəsi yüksələr və ən azı 7-8 il əvvəlki səviyyəyə çatarıq.

- İki ölkənin çempionatının hazırkı vəziyyətini müqayisə etsən, nələri vurğulaya bilərsiz?
- Bizim çempionatda “Qarabağ” və “Neftçi ön plana çıxır. Bu klubların səviyyəsi Gürcüstan klublarından fərqlənir. “Qarabağ” onların klublarından iki dəfə üstündü. “Neftçi”ni isə birbaş üstün hesab edirəm. Digər klubları götürsək, hamısı eyni səviyyədədi.

- Premyer-liqa klublarının cari mövsümdəki çıxışı barədə nə düşünürsən?
- Koronavirus bütün klublara mənfi təsir göstərdi. Həm futbolçular xəstələndi, həm də çempionatda fasilə yarandı. Virusa yoluxanlar da sağalmaq üçün iki həftə gözləməli oldular. Bir futbolçu üçün 2 həftə məşq etməmək çox çətin və uzun müddətdi. Komandalar gah zəif çıxış etdilər, gah yaxşı təsir bağışladılar. Bəzi klublarda 12-14 futbolçu xəstə oldu, konkret “Keşlə” və “Sumqayıt” oxşar durumla üzləşdi. Çempionatın ən vacib dönəmində və futbolçuların formaya düşdüyü anda fasilə verildi. Ümumilikdə indiki vəziyyətdə premyer-liqanı davam etdirmək özü də böyük iş idi. Ümid edirəm ki, qış fasiləsindən sonra hər şey öz yolunda gedər, virus çempionata təsir etməz.

- “Keşlə”nin uğursuz çıxışı və turnir cədvəlinin son pillələrində qərarlaşması səni qorxutmur?
- Bayaq da qeyd etdiyim kimi, koronavirus “Keşlə”yə çox böyük ziyan vurdu. Bir müddət komandanın, demək olar ki, yarısı məşq etmirdi. Bu, bəhanə yox, faktdı. Düşünürəm ki, fasilədən sonra komanda toplarlanacaq və daha yaxşı çıxış etməyə başlayacaq. O ki qaldı turnir cədvəlindəki mövqeyə, komandalar arasında xal fərqi böyük deyil. Autsayderlə 3-cü pillə arasında böyük fərq yoxdu. Hər komanda uda da bilər, uduza da. Bu baxımdan çempionat maraqlı keçir, hesabı təxmin etmək olmur. Ona görə düşünürəm ki, çəkinməməliyik. Komanda toparlanıb oyununu göstərməli və nəticə qazanmalıdı.

- Cari mövsüm üçün əsas hədəf nədi?
- Məqsəd ilk “3-lük”də qərarlaşmaq, avrokuboklarda mübarizə aparmaqdı.

- Bir az da milli komandadan danışaq. DÇ-2022-də qrupumuz, rəqiblər bəlli oldu. Şanslar haqda nə düşünürsən?
- Hər şeyə real baxmaq lazımdı. Millimiz bu qrupda autsayder sayılır. Rəqiblərimiz elə komandalardı ki, bizim üçün çox çətin olacaq. Amma hər komandaya qarşı doğru taktika seçərək, uğurlu mübarizə aparmaq olar. Onu da qeyd edim ki, millidə debütantlar çoxdu. Yeni futbolçulara şans verilir ki, bizim üçün çox vacibdi, gələcəyə hesablanan addımdı. Bu, bizi ancaq sevindirə bilər. Başa düşürəm, hər kəs nəticə gözləyir, amma indiki zamanda nəticə bir az çətin olacaq. Gənc futbolçularla təcrübə toplayıb, gələcəyi planlaşdırmaq lazımdı. Demirəm ki, qrupda bütün rəqiblərə uduzacağıq, yox. Hər şey futbolçuların özündən, baş məşqçinin seçəcəyi taktikadan asılıdı. Ən yaxşı nəticəyə ümid edirik.

AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.