Sizin reklam burada

Üzümüzü “ağardan” futbol veteranları

Baxış Sayı:207


Özümü şiddətlə qınayıram. Başımız qarışıb, Azərbaycanda “Yeni nəsil Veteranlar Şurası” adlı qurumun olduğunu unutmuşam.

Mən belə səhvlərə yol verməzdim. Sözün düzü, bir tərəfdən koronavirus pandemiyası və xüsusi karantin rejimi, o biri tərəfdən də sentyabrın 27-də başlayan Vətən müharibəsi başımızı əməlli-başlı qatıb. Özümə təkcə bu iki məqamla haqq qazandırmaq istəmirəm. Siz də bilirsiz ki, mən əsasən çox hörmətli Vaqif Sadıqovun rəhbərliyi altında iri addımlarla irəliləyən Məşqçilər Komitəsinin fəaliyyətini izləyirəm. Özü də yaxından və böyük zövqlə.Amma bir yaxşı o biri yaxşının varlığına mane ola bilməzdi. Mən heyətində Ramiz Məmmədov, Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Mahir Şükürov, Emin Quliyev, Kənan Kərimovun olduğu bu şuranın fəaliyyətini də yaxından öyrənməklə heç nə itirməzdim. Əksinə, bundan böyük zövq alardım. Günahkaram, əzizlərim. Bilmirəm, bu günahımı adlarını yuxarıda sadaladığım dəyərli veteranlarımız bağışlayarlar, ya yox.

“Yaşıl eynəkli adam” televiziya tamaşasında məşhur bir səhnə var. Rəhmətlik Yaşar Nurinin canlandırdığı Kazım sevimli videomaqnitofonunda hansısa xarici teleserialı izləyir. Özü də böyük həyəcanla. İzləyə-izləyə də ekranda canlanan səhnələri sevimli arvadı üçün səsləndirir. Epizodların birində senatorun qızının adını çəkir. Arvadı da xasiyyətini dərhal biruzə verib, senatorun qızının əynində nə olduğunu soruşur. Məlum məsələdi ki, sovet dövrünün azərbaycanlı xanımlarının əksəriyyətində bu xasiyyət var idi. Xüsusən də maddi vəziyyəti yaxşı olan, xaricdə yaşayanların həyat şəraitini görmək və müəyyən mənada təkrarlamaq imkanı olanların. Kazımın arvadı da senatorun qızının əynində nə olduğunu ona görə soruşur ki, görsün həmin paltarlardan onda var, ya yox. Yoxdusa, Kazımdan onu almağı, yerin altından tapmağı tələb etsin. Amma Kazımın verdiyi cavab onu şoka salır. Kazım deyir ki, senatorun qızının əynində elə əynidi. Yəni senatorun qızı anadangəlmə lüt-üryandı. Bunu birbaşa deyə bilmədiyi üçün də “əynində elə əynidi” deyir. Kazımın əzilib-büzülən xanımı əvvəl nə eşitdiyinin fərqində olmur, sonra da başa düşür ki, əri həyəcanla senatorun qızının lüt bədəninə baxır.
Məsəli futbol veteranlarımızdan uzaq olsun, indi bizim “Yeni nəsil Veteranlar Şurası” adlı qurumun da fəaliyyəti elə onun fəaliyyətsizliyi olub. Dağdan ağır futbol veteranları ötən ilin yayında bu şuranı yaradıblar. Məlum məsələdi ki, şuranın yaradılmasında AFFA-nın həm vitse-prezidenti, həm də baş katibi Elxan Məmmədovun da marağı olub. Nazim Süleymanovun rəhbərliyi altında formalaşdırılan Həmkarlar İttifaqı veteranları canlandırdı. Cənab Məmmədovun veteranların təşkilatlanmasından, bununla da AFFA-dan hesabat tələb edəcəyindən qorxuya düşməsi mümkündü. Ona görə də Nazim Süleymanovun ətrafına toplaşan veteranları Həmkarlar İttifaqından bir-bir kənarlaşdırmaq üçün müxtəlif planlar düşünməyə, onları həyata keçirməyə başladı. Onlardan da biri çox sevdiyi “parçala, hökm sür” metodu idi. Bizim veteranların pul və vəzifə hərisliyi Məmmədovun bu planının həyata keçməsini də xeyli asanlaşdırdı. Əvvəlcə illərdi “fil qulağında yatan” Oqtay Abdullayev və onun təşkilatı fəallaşdı. Ondan sonra Yunis Hüseynovu Lippertə köməkçi təyin etdilər, Zaur Ramazanov və Mahir Şükürov kimi “canlı bombaları” AFFA-ya tərəf çəkməyə çalışdılar. Babək Alxasov, Əfqan Talıbov kimi zəif xarakterlilər isə boş-boş vədlərin qarşısında belə şam kimi əridilər.

Sözümün canı nədi, onu deyim. Bir tərəfdən koronavirus pandemiyası və sərt karantin qaydaları, digər tərəfdən də veteranların asanlıqla pərən-pərən düşməsi Nazim Süleymanovun rəhbərlik etdiyi Həmkarlar İttifaqının da təşkilatlanmasını, gücə çevrilməsini yubatdı. Belədə Elxan Məmmədovun əli-qolu açıldı, bivec veteranların nazıyla oynamaq, onlara layiq olduqlarından artıq diqqət göstərmək AFFA-nın vitse-prezidenti və baş katibinin marağında olmadı. Nəticədə özünü Veteranlar Şurası elan edənlər də zamanla unudulmağa, lazımsız adama çevrilməyə başladı. Ramiz Məmmədovun iddialarına inansaq, Elxan Məmmədov nəinki onlara verdiyi sözləri yerinə yetirib, hətta şuranın fəaliyyətinə mane olmağa başlayıb. Sitat: “Bizim şura skaut işi görməli, istedadlı uşaqların üzə çıxması yönündə çalışmalıydı. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşümüz oldu, lakin verilən vədlər kağız üzərində qaldı. Böyük sözlər verilmişdi ki, bu iş yavaş-yavaş irəliləyəcək. AFFA heç bir il maliyyə ayırmadı”. Onun bu açıqlamasından sonra elə şuranı yaradanlar arasında ikitirəlik, mübahisələr, qarşılıqlı ittihamlar səslənməyə başlayıb. Məlum məsələdi ki, Ramiz Məmmədovu yalançı çıxarmağa çalışanlar AFFA-nın de-fakto rəhbəri olan şəxsə yarınmağa, onun gözündə ucalmağa çalışırlar. Yəni ki, “ay Elxan müəllim, baxın, biz sizə yenə sadiqik”. Amma unudurlar ki, Elxan Məmmədov istəsəydi, elə onların “fəaliyyətini” daha əvvəldən “qiymətləndirər”, veteranları irəli çəkərdi. Daha azərbaycanlı veteranları Lippert kimilərin ayağına verməzdi. Veteranlarımız da sağ olsunlar, həmişə “üzümüzü ağ edirlər”. Yazımı hələlik burda saxlayıram. Amma sözüm bitməyib. Sağlıq olsun, davam edəcəyik...

AMAL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR