Sizin reklam burada

Vurğun Hüseynov: “12-ci oyunçu”nu itirmişik”

Title

Mövsümün əvvəlində bəlkə də heç kim “Sumqayıt”dan belə uğurlu çıxış gözləmirdi.

"Futbol+" xəbər verir ki, qış fasiləsinə 4-cü pillədə yollanan “kimyaçılar” bir neçə tur lider kimi hamıya yuxarıdan aşağı baxmağa da imkan tapdı. Ancaq heyətin kasadlığı, zədəli futbolçuların sayının artması və ən əsası koronavirusa kütləvi yoluxma Ayxan Abbasovun yetirmələrinə mane oldu və ardıcıl 3 oyunda xala həsrət qalan kollektiv ilk “üçlük”dən aralı düşdü. “Böyük tənəffüs”dən sonra sumqayıtlılardan nə gözləmək olar? Bu və bizi maraqlandıran başqa suallar ətrafında komandanın kapitanı, təcrübəli müdafiəçi Vurğun Hüseynovla söhbətləşdik.

- Əvvəlcə komandanın ilk dövrədəki çıxışı barədə fikir bildirərdin. Turnir cədvəlindəki mövqeyiniz səni qane edir, yoxsa “daha yaxşı ola bilərdi” düşünürsən?[
- Bu haqda heç də birmənalı fikir bildirmək olmur. Çempionatın əvvəlində kimsə mənə desəydi ki, şərəfini qoruduğun komanda ilk dövrədə uğurlu qrafik cızıb lider olacaq, inanmazdım. Ancaq biz bunu bacardıq və ilk 7 turdan sonra zirvədə qərarlaşdıq. Oyundan-oyuna uşaqlarda özünəinam artdı ki, bunda da baş məşqçinin və köməkçilərinin danılmaz zəhməti var. Bu gün hamı deyir ki, premyer-liqada ən baxımlı oyun sərgiləyən 3 komanda varsa, onun da biri “Sumqayıt”dı. Bunun arxasında isə gərgin əmək durur. Çalışırıq baş məşqçinin, rəhbərliyin etimadını doğruldaq, azarkeşlərimizə belə çətin vaxtda sevinc yaşadaq. Təəssüf ki, ikinci dövrənin gedişində itkilərimiz çox oldu, zədəli futbolçuların sayı artdı. Bu da istər-istəməz oyunumuza təsir göstərdi. Bütün bunların zirvəsi isə futbolçularımızın kütləvi şəkildə COVID-19-a yoluxması oldu. Bəlkə də heyətimiz geniş olsaydı, itkiləri “sığortalayıb” fasiləyə daha üst pillədə yollana bilərdik. Ancaq yaşadıqlarımızı nəzərə aldıqda fasiləyə avrokuboklara vəsiqə verən 4-cü pillədə yollanmağımız, məncə, qənaətbəx nəticə kimi qəbul oluna bilər.

- Bəzilərinin fikrincə, “Sumqayıt” bu gün bir futbolçudan asılı komandadı, Əli Qurbani meydanda olmayanda qələbə qazana bilmir. Bu yanaşma ilə razısan?
- Əli bizim üçün önəmli oyunçudu. Vurduğu qollarla komandanın irəli getməsinə yardım edir. Ancaq bu o demək deyil ki, bütün yük onun üzərinə düşür. Meydanda olanların hər birinin öz işi var. Müdafiəçi etibarlı oynamasa, Əli nə qədər qol vursa da, xeyri olmaz. Və ya yarımmüdafiə xətti Qurbanini topla təmin etməsə, o, necə qolları sıralaya bilərdi? Qapıçılarımızın “çərçivə”də inamlı oyununu da unutmaq olmaz. Deməyim odu ki, bizim komandanın əsas üstün cəhəti kollektiv oyundu. Kimlərisə xüsusi fərqləndirmək düzgün olmaz. Bəli, Qurbani “vuran ayaqdı”, amma onunla çiyin-çiyinə oynayanların da zəhmətini kiçiltmək düzgün çıxmaz.

- Ayxan Abbasov tez-tez heyətin kasadlığından şikayətlənir. Onun dedikləri ilə razısan?
- Açıq deyirəm, “Sumqayıt” azarkeşlərini pis-yaxşı sevindirə bilirsə, bu baş məşqçinin əməyidi. Ayxan müəllim daim üzərində işləyən, hər məşqdə futbolçuya yeni nəsə öyrədən savadlı mütəxəssisdi. Futbolu bilməklə yanaşı, insani keyfiyyətlərinə də söz ola bilməz. O heyətin kasad olduğunu deyirsə, deməli, bildiyi nəsə var. Onun haqlı olduğunu son oyunlarda gördük.
- İkinci dövrədə elə oyunlar oldu ki, 90 dəqiqə başa çatandan sonra “bu matçı əldən verdik” fikri ilə yuxuya gedəsən?
- Bəli. Evdə “Qəbələ” və “Sabah”la görüşlərimiz məhz belə oldu. Komanda bu oyunlarda uduzmalı deyildi. Hər iksindən qələbə ilə ayrılsaydıq - məncə, buna layiq idik - indi turnir cədvəlində 4-cü yox, 3-cü pillədə olardıq. Bir də “Zirə” ilə səfərdəki oyunumuzu qeyd edərdim. Həmin matçda 1 xal qazansaq da, 3 xala layiq oyun nümayiş etdirmişdik.

- Konovirusa yoluxanlardan biri də sən idin. Xəstəliyi necə keçirdin?
- Dad hiss etmirdim. Bir neçə gün hərarətim yüksək oldu, quru öskürək var idi. Ancaq deyim ki ağır keçirdim, yalan danışmış olaram. Ən çətini 14 gün cəmiyyətdən təcrid olunmaq idi. Hər gün aktiv idmanla məşğul olan biri üçün dörd divar arasında qalmaq sözün həqiqi mənasında çox çətin idi. Allaha çox şükür, bu bəladan qutardım. İndi özümü çox yaxşı hiss edirəm və böyük həvəslə məşq edirəm.

- Fasilədən sonra azarkeşlər “Sumqayıt”dan nə gözləsin?
- Mayda hansı pillədə olacağımızı indidən deyə bilmərəm. İndi elə vaxtdı ki, bilmirsən sabah başına nə gələcək. Kim düşünərdi ki, dekabrda komandamızın, demək olar, hamısı virusa yoluxacaq. Ancaq ona əminliklə söz verirəm ki, azarkeşlərimiz mübarizə əzmi yüksək olan, hər xal üçün meydanda maksimum güc sərf edən, baxımlı oyun sərgiləyən “Sumqayıt” görəcəklər. Yəqin fasilədə heyətə də əl gəzdiriləcək, yeni tarnsferlər olacaq. İstəyirik ki, “Sumqayıt” bu il də ölkəmizi avrokuboklarda təmsil etsin. Buna nail olub-olmayacağımızı zaman göstərəcək.

- Azarkeşlərdən söz düşmüşkən, boş tribunalar qarşısında oynamaq çətin deyil?
- Futbolun bəzəyi vurulan qollar və azarkeşlərdi. Xüsusilə də azarkeşlərsiz futbolun ləzzəti yoxdu. Sumqayıtlı fanatların Azərbaycan futbolunda öz yeri var. Onlar bizim “12-ci oyunçumuzdu”. Bütün ev oyunlarımız, demək olar ki, dolu tribunalar qarşısında keçirilirdi. Təəssüf ki, indi bəlli səbəbdən “12-ci oyunçu”nu itirmişik. İnşallah, bu zəhrimar pandemiya sona çatar və tərəfdarımıza qovuşarıq. Udanda da, uduzanda da komandanın yanında olublar ki, buna görə onlara həmişə təşəkkür etmişik.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.