“Səbail” premyer-liqanın ikinci yarısına hazırlığa start verib. Komanda yanvarın 4-də bir araya gəlib."Futbol+" xəbər verir ki, “Dənizçilər” yanvarın 21-dək “ASCO Arena”da hazırlıq keçəcək. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Paytaxt klubu “Sabah”la qüvvəsini sınayacaq.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin “Keşlə” ilə oyundan əvvəl verdiyi koronavirus testinin cavabı müsbət çıxmışdı. Həkimlərin nəzarəti ilə evdə müalicə alan mütəxəssis sağalaraq məşqlərə qayıdıb. Həm hazırlıq prosesinin axarı, həm də sağlamlığı ilə bağlı bilgi almaq onunla əlaqə saxladıq:
“Keşlə” ilə oyundan öncə özümü yaxşı hiss etmirdim. Test verilən zaman koronavirusa yoluxduğuma əmin idim. Sonradan nəticə pozitiv çıxdı. Əvvəlcə ciddiyə almırdım. Adi qrip olduğunu və tezliklə sağalacağımı düşünürdüm. 14 günlük karantinin ilk 5 günündən sonra ağırlaşdım. Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. Əvvəlcə başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. İndiyə qədər belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm, sadəcə, taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağalandan sonra bədən güc itirdiyinə görə ilk həftəni ehtiyatlı olmağı tövsiyə etdilər. Bu, bütün dünya üçün bəladı. İnşallah, Azərbaycan xalqı koronavirus xəstəliyindən uzaq olar. Tanrı bütün həmvətənlərimə güc versin. Həm futbolçu, həm də məşqçi kimi uzun müddətdi bu işlə məşğulam. Futbol peşəmizdi. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Ancaq sağlamlığıma görə dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyə edirəm”.Hacıyev komandasının onsuz keçirdiyi 2 matçı da dəyərləndirdi:
“Premyer-liqada, demək olar ki, bütün komandaların gücü eynidi. Yalnız “Qarabağ” və “Neftçi” fərqlənir. Lakin bəzən onlara qarşı da mübarizə aparmağın mümkün olduğunu görürük. Oyunlara gəlincə, ilk dəfədi məşq və oyunlarda virtual iştirak edirdim. Köməkçilərimə güvənirdim. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” - “Səbail” görüşündə bunun şahidi olduq. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci yarıda rəqib qapısı önündə yetərincə qol vəziyyəti yarada bildik. Sadəcə, sonluğu gətirə bilmədik. Nə qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı”.“Səbail”in baş məşqçisi hazırlıq prosesindən və transfer siyasətindən də danışdı:
“Yanvarın 4-də məşqlərə başladıq. Legionerlər isə 8-nə qədər hazırlığa qoşulacaqlar. Birhəftəlik toplanış olacaq. Toplanışa qədər olan məşqlər daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm də taktiki məşqlər keçəcəyik. Yanvarın 14-də “Sabah”la yoldaşlıq oyunu baş tutacaq. Bu gündən etibarən yanvarın 21-də keçiriləcək “Neftçi” ilə oyuna hazırlığa start verəcəyik. Heyətə ən azı üç futbolçu cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu alacağıq. Bilirik ki, vaxt çox azdı. İstədiyimiz kimi alınmasa, hazırkı komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücumameyilli futbolçu axtarışındayıq”.İLKİN SULTANLI