Sizin reklam burada

“Sumqayıt” və yığma üçün dörd türk “milliləşdirilir”

Title


Yığma üçün “milliləşdirmə” siyasəti 2021-ci ildə də davam edəcək. Belə ki, daha 4 Türkiyə əsilli futbolçunun ölkəmizə köçmək variantı yaranıb. Sosial şəbəkələrdə yer alan iddiaya görə, onların hamısı Almaniyanın 3-cü bundesliqa klubunda çıxış edirlər. Konkret “Türkgücü Münhen”in mərkəz müdafiəçisi Erol Alkan, “Çvikkau”nun sol cinah müdafiəçisi Can Coşqun, “İnqolştadt”ın hücumçusu Fatih Kaya və “Yurdingen”in forvardı Muhammed Kiprit hazırda “Sumqayıt” və AFFA rəhbərliyinin diqqət mərkəzindədi.

Münhen təmsilçisinin üzvü olan Erol Niderlandın paytaxtı Amsterdamda doğulub. Müdafiəçi Türkiyənin U-21 millisinin heyətində 3 oyuna çıxıb. 193 sm boya malik 26 yaşlı futbolçu “Türkgücü Münhen”in heyətində cari mövsüm 2 matçda meydanda olub. Peşəkar karyerasına “Elazığspor”da başlayan müdafiəçi “Kocaeli Birlik”, “Hatayspor”, “Dortrext”, “Beroe” kimi klublarda çıxış edib. Erol Alkanın hazırkı dəyəri 300 min avrodu.
“Çvikkau”nun üzvü olan Can Coşqun Berlində doğulub. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 11 qarşılaşmada komandasına kömək edib. Almaniyanın 15 yaşadək futbolçulardan ibarət millisinə dəvət alan Can meydana çıxmasa da, Türkiyənin U-19 və U-21 yığmalarının hərəsində iki dəfə forma şansı qazanıb. Yarımmüdafiəçi “Berliner”, “Burqhauzen” və “Fürz 2” klublarında çıxış edib. Can Coşqunun hazırkı dəyəri 150 min avrodu.
“İnqolştadt”ın hücumçusu Fatih Kaya da Berlində anadan olub. 21 yaşlı forvard bu mövsüm komandasının heyətində 7 oyun keçirib. O, bu matçlarda 1 assist edib. 183 sm boya malik hücumçu Almaniyanın U-19 yığmasında bir görüşdə meydanda olub. “İnqolştadt”ın yetirməsidi, peşəkar karyerası ərzində ancaq bu klubda çıxış edib. Hazırkı dəyəri 300 min avrodu.

Muhammed Kiprit Berlində doğulan türklərdəndi. Hücumçu bu mövsüm “Yurdingen”in heyətində 17 qarşılaşmada meydanda olub və 4 qol vurmağı bacarıb. Türkiyə və Almaniyanın U-19 yığmalarının hərəsində iki dəfə forma şansı qazanıb. Qardaş ölkənin U-21 millisində isə 4 oyunda iştirak edib, 1 dəfə rəqib qapısına yol tapıb. Almaniyanın “Herta”, Avstriyanın “Vakker” klublarında çıxış edib. 21 yaşlı forvardın hazırkı dəyəri 400 min avrodu.
Adı çəkilən oyunçuların “Sumqayıt”a gəlməsi və ümidləri doğrultması təqdirində “milliləşdirilməsi” nəzərdən keçirilir. Onlardan birinin hətta “Neftçi”nin formasını geymək ehtimalı da var. Erol və Canın klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdirsə, digərləri 2022-ci ilin yayına qədər komandalarına məxsusdu. Milli komandamızda çıxış etmək perspektivi bu oyunçular üçün də cəlbedicidi. Onlarla ilkin danışıqlardan sonra təklifi qəbul etdikləri bildirilir.

Məsələ ilə bağlı AFFA-dan rəsmi mövqe öyrənməyə çalışdıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı bu gün dəqiq məlumat veriləcəyini söylədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.