
Aktual
357
7.01.2021, 18:30
Azərbaycanlı veteranlar Putinə məktub göndərib
“Neftçi”nin sabiq futbolçusu, “Dinamo” İdman Cəmiyyətinin Moskva şöbəsinin sabiq birinci müavini olan Vladimir Mixaylevskinin ötən ilin sonlarında İspaniyada həbs edilib, Rusiyaya ekstradisiya olunduğunu diqqətinizə çatdırmışdıq. Bir daha xatırladaq ki, Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə, veteran futbolçu böyük miqdarda əmlakın mənimsənilməsində ittiham olunur. İstintaq şöbəsi Mixaylevskinin İdman Cəmiyyətinə 21 milyon rubldan (485 min manat) çox ziyan vurduğunu iddia edir.
Onu da qeyd edək ki, məsələ ilə bağlı qəzetimizə açıqlama verən Veteranlar İttifaqının sədri Oqtay Abdullayev azərbaycanlı futbol veteranları adından Rusiya Baş Prokurorluğuna müraciət ünvanlayacağını bldirmişdi. “Neftçi”nin sabiq futbolçusunun ən yaxın dostlarından biri də bu komandanın sabiq “10 nömrə”si Maşallah Əhmədovdu. 4 il öncə, Əhmədov barəsində cinayət işi açılanda Mixaylevski onun müdafiəsinə qalxıb, Rusiya Futbol Veteranları İttifaqı adından SSRİ dönəminin bir çox tanınmış futbolçusunun imzası ilə Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı. Bəs görəsən, Mixaylevskinin çətin durumunda Əhmədov ona necə kömək etməyi düşünür?
Veteran futbolçu əvvəlcə dostunun, vaxtilə bir komandada çiyin-çiyinə oynadığı komanda yoldaşının başına gələnləri danışdı:
“İki gün öncə Vladimirin qardaşı Sergeylə danışmışam. O mənə olanları nəql etdi. Mixaylevskinin həyat yoldaşı 15 ildən artıqdı onkoloji xəstədi. Onu da deyim ki, Volodya (Mixaylevskini nəzərdə tutur) əslən yəhudi olsa da, yoldaşı Bakı ermənisidi. “Xallı” Edikin qızıdı. Edik Bakını çox istəyən, Moskvada yaşamasına baxmayaraq, Azərbaycandan söz düşəndə daim ermənilərin ağzından vuran bir kişi olub. Xanımı xəstə olduğundan Volodya İspaniyaya köçən ərəfədə varidatının bölüşdürülməsi ilə bağlı vəsiyyət hazırlayıb ki, orda da sahib olduğu otellərdən birini qızına hədiyyə edib. Bu məqam hüquqşünas olan yəhudi kürəkəninin xoşuma gəlməyib. Kürəkənin fikrincə, Mixaylevski oteli onun adına sənədləşdirməliymiş. Vladimir Rusiyadan gedəndən sonra kürəkəni onun “Dinamo”da işlədiyi dönəmdə gördüyü işləri araşdırmağa başlayıb. Sənədləri yoxladıqdan sonra guya 21 milyon rublun çatışmadığı ortaya çıxıb. Bundan yararlanaraq, Rusiya Baş Prokurorluğuna ərizə ilə müraciət edib. Hamı bilir ki, 21 milyon rubl Volodya üçün böyük pul deyil. Onun Moskvanın mərkəzində 5 evi var ki, birinin qiyməti də azı 5 milyon dollardı. Sadəcə, kürəkəninin arxasında bəzi qüvvələr durur ki, onlar Mixaylevskinin əmlakına göz dikiblər. Hər şey bundan başlayıb. Qardaşı mənimlə danışanda bildirdi ki, istintaq davam edir və böyük ehtimalla, Volodyanın günahsız olduğu sübuta yetiriləcək”.
Maşallah bəy dostuna qarşı qaldırılan iddianın yersiz olduğunu, Rusiya prezidenti Vladimir Putinə azərbaycanlı veteranlar adından məktub ünvanladıqlarını bildirdi:
“Mixaylevski mənimlə qardaş kimi olsa da, Azərbaycandan Mokvaya gedən bütün veteran futbolçulara yardım edib, əl tutub, kömək göstərib. Bunu heç kim dana bilməz. O Azərbaycanı, Bakını çox sevir. Dostuma nə kömək edə bilərəm? Mənim xahişimlə Oqtay Abdullayevin sayəsində azərbaycanlı veteran futbolçular adından Rusiya prezidenti Vladimir Putinə məktub yollamışıq. İstəyimiz odu ki, Mixaylevskinin istintaqı obyektiv aparılsın. Məktubda bildirmişik ki, Volodya SSRİ-nın yeniyetmələr və gənclər yığmasında çıxış edib, bu yaxınlarda dünyasını dəyişən Maradonaya qarşı oynayıb. İndi əlimizdən ancaq gözləmək gəlir. Ümid ediəm ki, hər şey xoş sonluqla bitəcək və Mixaylevski azadlığa çıxacaq”.
RƏŞAD