Sizin reklam burada

"Qəbələ" Ceyms Adeniyi transferindən qazanc əldə etməyi planlaşdırır

Title
"Qəbələ" Ceyms Adeniyi transferindən qazanc əldə etməyi planlaşdırır


Premyer-liqanın qalan 7 klubu ilə yanaşı, “Qəbələ” də dünən toplanışa start verib.

"Futbol+" xəbər verir ki, “qırmızı-qaralar” əvvəlcə toplanışı Bakıda, daha dəqiqi, Olimpiya Stadionunun (BOS) ehtiyat meydanında keçməyi düşünürdü. Ancaq son anda plan dəyişib və bölgə təmsilçisi doğma Qəbələyə üz tutmağı lazım bilib. Səbəbini klubun mətbuat katibi Anar Hacıyevdən eşidək:

“Komanda mövsümün çox hissəsini BOS-da məşq edib. Qış hazırlıq planı tutularkən də məşqlərin həmin arenada keçirilməsi nəzərdə tutulmuşdu. Bu üzdən qəzetinizə açıqlamamda toplanışın paytaxtda baş tutacağını söyləmişdim. Ancaq sonradan stadion rəhbərliyi bizə bildirdi ki, mövsümə uyğun olaraq meydanlara aqrotexniki qulluq edilməlidi. Bu səbəbdən orda hazırlıq keçməyimizə icazə verilmədi. Belədə komanda Qəbələyə üz tutmağı lazım bildi. Yəni bu məsələdə qeyri-adi heç nə yoxdu. Sadəcə, biz qarşı tərəfin mövqeyini öyrənmədən məkan müəyyənləşdirmişdik”.

Hazırda komanda ilə birgə Qəbələdə olan Anar bəy hazırlığın ilk günü barədə də məlumat verdi:

“İlk məşqdə yerli oyunçular iştirak ediblər. Legionerlər yanvarın 8-dən komandaya qoşulacaqlar”.

Bölgə təmsilçisi fasilə dönəmində iki yoxlama görüşü keçirməyi planlaşdırır. “Qırmızı-qaralar” ilk oyunu yanvarın 10-da “Neftçi”yə qarşı keçirməyi planlaşdırsa da, sonradan rəqib dəyişib. Bunu da klub rəsmisi bizə bildirdi:

“Toplanış dönəmində Elmar Baxşıyevin istəyinə uyğun iki yoxlama matçı keçirmək planlaşdırlmışdı. Və rəqiblər müəyyənləşmişdi. Komanda yanvarın 10-da “Neftçi”, 14-də isə “Sumqayıt” ilə qarşılaşmalıydı. “Sumqayıt”la matç deyilən tarixdə baş tutacaq. Ancaq “Neftçi” ilə oyun keçirilməyəcək. Əvəzində yeni rəqib tapıldı. “Qəbələ” yanvarın 10-da birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gələcək”.

Son günlər “Qəbələ”nin hücumçusu Ceyms Adeniyinin adı “Neftçi” ilə yanaşı çəkilirdi. Mediada yayılan xəbərlərə inansaq, “qırmızı-qaralar” paytaxt təmsilçisindən bu keçidin reallaşması üçün 100 min dollar tələb edir. Ancaq dünən mediaya açıqlama verən klubun baş meneceri Zaur Əzizov nigeriyalı futbolçu ilə İsrail təmsilçisinin maraqlandığını bildirib:

“Ceyms Adeniyinin Kiryat-Şimona "Hapoel"inə keçidini yekunlaşdırmağa çalışırıq. Futbolçu ilə danişiğimiz yekunlaşıb. İsrail təmsilçisi ilə bəzi detalları razılaşmağımız qalıb. Bu transferdən qazancla çıxmağa çalışırıq”.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov isə açıqlamasında cəbhədə olduğu müddətdə komandanın premyer-liqada layiqincə çıxış etdiyini bildirib:

“Komanda son oyunlarda, doğrudan da, çox yaxşı təsir bağışladı. İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik. Cəbhədə oldğum müddətdə nadir hallarda komanda ilə maraqlana bilirdim. Yalnız telefon işlədə bildiyim vaxtlarda xəbərləri oxuyur, məlumat alırdım. İmkan olanda klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayırdım. Amma ümumi ab-havadan xəbərim var idi. Bilirdim ki, uşaqlar yoxluğumu hiss etdirməməyə çalışırlar".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.