Yanvarın 5-də AFFA-nın inzibati binasında Vətən müharibəsinin iştirakçısı, qurumun kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə görüş keçirilib."Futbol+" xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov görüş zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib, Vətən müharibəsinin bütün iştirakçılarına ölkəmizin futbol ailəsi adından təşəkkürünü bildirib, Prezident İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə Mikayıllını bir daha təbrik edib.
Elxan bəyin Mikayıllı ilə görüşməsi təqdirəlayiq haldı. Bu onu göstərir ki, icraçı vitse-prezident sərəncamında olan və qələbəyə töhfə verən əməkdaşı unutmur. Ancaq bu yerdə onu da qeyd edək ki, 44 gün çəkən müharibədə AFFA-nı cəbhədə təkcə Orxan bəy təmsil etməyib. Onunla yanaşı, futbol hakimlərindən Əli Əliyev, Tural İbrahimov, Qalib Əliyev, Taleh Məmmədov, Kamal Umudlu, eyni zamanda Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov da ilk günlərdən “qaynar nöqtə”də olublar. Bəs görəsən, Elxan bəy onları niyə yada salmayıb, adını çəkdiklərimiz hansı səbəbdən diqqətdən kənarda qalıb?
Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Əslində dekabrda adını çəkdiyiniz yoldaşların hamısı ilə bir yerdə görüşməyi düşünmüşdük. Ancaq sonradan gördük ki, alınmır. Hər biri fərqli vaxtlarda tərxis olunur. Biri Bakıdadı, başqası rayona yollanıb. Məsələn, Mahal Məmmədov hazırda Tovuzda olduğundan bu görüşə qatıla bilmədi. Bir gün əvvəl onunla telefonla danışdım və məlum oldu ki, rayondadı. Ancaq adını çəkdiyiniz şəxslərin hamısı ilə görüş nəzərdə tutulub. Yaxın günlərdə onları da AFFA-ya dəvət edəcəyik”.