Sizin reklam burada

Motal pendiri ilə böyüyən futbolçu

Baxış Sayı:212



Azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda maraqlı deyil. Niyə, nə üçün? Bu sualın şablon cavabları var ki, bunu da hər dəfə eşidirik: “Yerli klublar çox maaş verdiyindən bizimkilər evdən bayıra çıxmaq istəmir” və ya agentləimizin sevdiyi “biz Avropa İttifaqının üzvü olmadığımızdan Azərbaycan pasportu ilə xaricə yollanmaq çətindi” kimi fikirləri artıq neçə illərdi dillər əzbəridi.

Guya Afrikadan, Cənubi Amerikadan, Asiyadan gəlib Avropada “at oynadan” futbolçuların hamısının kimliyində “bunun əsli İtaliyadan, Almaniyadan, Macarıstandandı” yazılıb. Guya bizim klubların hamısı futbolçusuna ayda minimum 20 min dollar məvacib verir və buna görə Mahir Emreli kimi gələcək vəd edən, yaşının üstünə yaş gəlməsinə baxmayaraq, daim “istedadlı və perspektivli” yarlığı altında günü-gündən qocalan forvard Bakını tərk etmir. Artıq 10 yaşlı uşağa da məlumdu ki, bu fikirlər yalan və ucuz bəhanədi. Bizimkilərin səviyyəsi maksimum futbolu bizdən də zəif olan Estoniya, Moldova kimi ölkələrdə top qovmağa yetir. Türkiyənin birinci dəstəsi belə azərbaycanlı futbolçular üçün əlçatmaz görünür. Araz Abdullayevin timsalında bunun şahidi oluruq. Yaxşı olardı ki, özümüz-özümüzü aldatmayaq, yalanlar uydurub, öz yalanlarımıza uyğun da fikir irəli sürməyək. Bu gün Azərbaycanda Avropanın ortabab klubunda oynayacaq səviyyədə futbolçu yoxdu. Olsaydı, onun legioner həyatı yaşaması üçün nə pasport problemi olardı, nə də məvacib söhbəti ortaya atılardı. Bu xalqın genində futbol kodu olmayıb və bu gedişlə olmayacaq da. Anatoli Banişevski? Nəsli-şəcərəsi polyak olan, damarında müəyyən qədər malakan qanı axan “9 nömrə” bakılı olsa da, azərbaycanlı olmayıb. Nazim Süleymanovla Vəli Qasımovu deyirsizsə, onlar da ani parıldayan ulduz olublar. Bəli, güləş, boks bizlikdi. Çünki bu idman növlərində idmançıdan yaradıcılıq, kreativlik tələb olunmur. Gücün, dözümün varsa, çempion olmağı bacaracaqsan.

Ancaq futbol tam başqa sahədi. Futbolçu dözümlü və güclü olmaqla yanaşı, şahmatçı kimi ən azı iki gedişi əvvəlcədən müəyyənləşdirməlidi. Ancaq nə yazıq ki, azərbaycanlı futbolçularda bu yoxdu. Və bunun da səbəbi xalq olaraq yaradıcı olmamağımızdan irəli gəlir. Biz standarta öyrəşən, müəyyən olunmuş çərçivəni aşmayan, bəlli, sırf azərbaycanlılara məxsus yazılmamış qanunlara əməl etməyə öyrəşmişik ki, bu da inkişafın qarşısını alan amillərdən biridi. “Niyə yaradıcı xalq deyilik, dünya çapında tanınan və qəbul olunan yetərincə sənətkarımız var” deyib mənimlə razılaşmaya bilərsiz. Ancaq burda söhbət ayrı-ayrı fərdlərdən getmir. Ümumi şəkildə danışırıq. Məsələn, bu günə kimi mən də daxil olmaqla siz süfrənizdə hansı pendiri görmüsüz? Düşünmədən iki növ pendir adı çəkəcəksiz. Biri motal, o biri də adi. Əsrlər boyunca maldarlıqla məşğul olan xalq cəmi iki növ pendir ortaya çıxardığı halda, İsveçrə, Niderland kimi ölkələrdə təxminən 70-ə yaxın pendir növü var. Bu nəyin göstəricisidi? Təbii ki, xalqın yaradıcı olmasının. Və yaxud başqa misal çəkim. Niderlandda tək qızılgülün 55-ə yaxın növü var. Bəzi mənəvi dəyərlərə görə bəyənmədiyimiz niderlandlılar çərçivələri aşaraq bir qızılgüllə bütün dünyaya səs salmağı bacarıblar ki, bu da xalqın kreativliyinin göstərəcisidi. İndi siz durub motal pendiri ilə böyüyən futbolçunun Avropanı fəth etməsini gözləyirsiz? Olmayacaq, yaxın gələcəkdə gözlənilmir. Xalqın genində yaradıcılıq artmasa, bu mümkün olmayacaq.

Problem təkcə futbolla yekunlaşsaydı, nə var idi?! Bu gün bütün dünyada iqtisadi problemlər yaşanır. Pandemiya, demək olar ki, dünyanın siyasi xəritəsində yer alan bütün dövlətlərə təsir edib. Bizim kimi inkişafda olan əksər ölkələrin iqtisadçıları nə edir? Vəziyyətdən çıxmaq, vətəndaşını ağır durumdan xilas etmək üçün alternativ yollar axtarır, iqtisadiyyatı dirçəltmək, ayaqüstə saxlamaq üçün fərqli planlar cızırlar. Ancaq bizdə nə edirlər? İqtisadçı alimlərimiz ən bəsit yola, hər bi məhsulun maya dəyərinə təsir edən yanacağın qiymətini artırmağa üstünlük verib, vəziyyətdən çıxmağa çalışırlar. Bu fakt bir daha sübut edir ki, xalq olaraq, düşünməyi, yaratmağı bacarmırıq. Bizim üçün bəlli standartlar var və əsrlər boyunca da bu yolla gedirik. Futbolçumuz da belədi, alimimiz də!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR