Sizin reklam burada

AİJF Daşqın Əzizi mükafatlandırdı

Title

Dünən Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əzizlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakına görə Əzizə qurumun üzvləri adından təşəkkür edib və onu idman jurnalistlərinin fəxri adlandırıb. Mehdiyev Vətən müharibəsində Azərbaycanın tarixi qələbəyə imza atdığını vurğulayıb: “Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qısa müddətdə gerçəkləşdirdi. Ölkəmiz bu böyük zəfərlə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi”.
Sonra AİJF-nin vitse-prezidenti Firuz Abdulla və İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində digər gənclərimiz kimi, idman jurnalistlərinin də böyük şücaət göstərdiklərini qeyd ediblər və Əzizə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Səmimi görüşə görə AİJF rəhbərliyinə təşəkkürünü bildirən Daşqın müzəffər Azərbaycan ordusunun sıralarında döyüşməkdən qürur hissi keçirdiyini bildirib: “44 günlük müharibə zamanı əli silah tutan hər kəs doğma torpaqları uğrunda cəsarətlə ölüm-dirim savaşına can atırdı. Bütün azərbaycanlıların ürəyi doğma Qarabağla döyünürdü və hər birimiz yalnız qələbə uğrunda döyüşürdük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların haqqı ödənməz”. Əziz görüş zamanı qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Mehdiyev qaziyə AİJF-nin “İdman mediasının fəxri” mükafatını, Abdulla isə üzvlük vəsiqəsini və xatirə hədiyyəsini təqdim edib. Həmçinin İdarə Heyətinin qərarı ilə AİJF tərəfindən onun müalicəsinə dəstək məqsədilə maddi yardım da göstərilib.
Sonda Məmmədov sədri olduğu İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən “İlin döyüşkən idman jurnalisti” nominasiyasında qalib gəldiyi üçün ona təşkilatın mükafatı və xatirə hədiyyəsini təqdim edib.
Tədbirdə qeyd olunub ki, Vətən müharibəsində iştirak edən digər idman jurnalistləri ilə də AİJF-də yanvar ayı ərzində görüşlər keçiriləcək. Karantin qaydalarına riayət edilməsi məqsədilə və bəzi idman jurnalistlərinin hələ də ordu sıralarında olduğu nəzərə alınaraq, görüşlərin fərdi qaydada keçirilməsi qərara alınıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.