Sizin reklam burada

Emin Mahmudov “Apollon”un təklifini geri çevirib

Title

“Bu gün “Neftçi”nin oyunçusuyam, sabahı isə bilmək olmaz”
“Neftçi”nin kapitanı Emin Mahmudov yayda ölkə xaricindən təklif alıbmış. Cənubi Kipr təmsilçisi “Apollon” “ağ-qaralar”ın yarımmüdafiəçisini rənglərinə bağlamaq istəyib. Lakin Mahmudov paytaxt təmsilçisində qalmağı lazım bilib.
Bununla bağlı futbolçunun agenti Aleksandr Manyakov özünün “teleqram” kanalında yazıb. O, 28 yaşlı futbolçunun təklifi qəbul etmədiyini bildirib: "Çoxları Emin Mahmudovu Moskva "Spartak"ı və Rusiyanın başqa klublarındakı çıxışından xatırlayır. İndi "Neftçi"nin kapitanıdı. Eminin müqaviləsinin müddəti bitirdi, "Apollon"un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynayırdı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər. Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdı. Ancaq sonda Mahmudov mənəvi və etik səbəblərdən komandasını dəyişmək istəmədi. Kapitanı olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü".
Məsələ ilə bağlı Eminin də fikirlərini öyrənməyi lazım bildik: “Agentim lazım olan sözləri deyib. Mən artıq nə söyləyim?! Bəli, yayda “Neftçi” ilə müqaviləmin müddəti başa çatanda “Apollon”dan təklif almışdım. Keçidin maliyyə tərəfindən danışmaq istəmirəm. Şərtlər münasib olsa da, “Neftçi” ilə yeni anlaşma bağlamağı lazım bildim. Klubla hələ 3 illik müqaviləm var və yəqin anlaşmanın sonuna qədər burda qalacam. Hazırda “Neftçi”də məni hər şey qane edir”.
“Ağ-qaralar”ın kapitanı gələcəkdə yenidən legioner həyatı yaşaya biləcəyini də vurğuladı: “Bu gün “Neftçi”nin oyunçusuyam, sabahı isə bilmək olmaz. Xaricdən normal təklif gəlsə, dəyərləndirə bilərəm. Hazırda isə bütün diqqətim şərəfini qoruduğum komandaya yönəlib”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.