“Topaz” şikayət etmirsə, hər kəs bu bazara girə bilər?Qəzetimizin ötən saylarında “1xBet” və “Mostbet” ermənilərə sponsorluq edir” sərlövhəsi altında yazılar silsiləsi dərc olunmuşdu. Bir daha xatırladaq ki, həmin silsilədə söhbət ofşor zonalarda qeydiyyatdan keçən bukmeker kontorlarının Azərbaycanın dövlət büdcəsinə qara qəpik də ödəmədən sərbəst, daha doğrusu, qeyri-qanuni fəaliyyət göstərməsindən, vətəndaşlarımızın cibindən çıxarılan pulların ermənilərin varlanmasına xidmət etməsindən, nəhayət, dövlət orqanlarının bütün bunlara göz yummasından gedirdi. Məsələyə ictimai marağı nəzərə alaraq, dekabrın 18-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə aşağıdakı sorğunu göndərmişdik.
Hörmətli cənab nazir!
Hazırda ölkəmizdə fəaliyyət göstərən müxtəlif saytlarda ofşor zonalarda qeydiyyatdan keçən, Azərbaycan Respublikasının dövlət büdcəsinə vergi ödəməyən, yalnız vətəndaşlarımızın cibindən pullarının çıxarılmasına xidmət edən "Mostbet" və "1xBet" kimi bukmeker kontorlarının reklamı gedir, yəni adı çəkilən kontorlar təbliğ olunur. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 25 oktyabr 2016-cı il tarixli, 1086 saylı fərmanında belə bir bənd var:
4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.
Məlumat üçün nəzərinizə çatdırıram ki, "Mostbet" və "1xBet" çox rahat şəkildə ölkə ərazisində fəaliyyət göstərir, vətəndaşlarımızdan pul qəbul edir. Bu üzdən rəhbərlik etdiyiniz nazirliyin qeyri-qanuni bukmeker kontorlarının fəaliyyətini əngəlləməklə bağlı atdığı addımlara, bu yöndə hansı planlarının olduğuna dair ictimaiyyətə məlumat vermək zərurəti yaranıb. Bizə bununla bağlı məlumat verməyinizi xahiş edirik.Adı çəkilən nazirlik srağagün sorğunu cavablayıb:
“Sizin idman mərc oyunlarının təşkili və keçirilməsi, onların reklamı ilə bağlı məlumatların yayıldığı bəzi internet informasiya ehtiyatlarının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə elektron müraciətinizə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baxılmışdır.
Bildiririk ki, idman mərc oyunlarının təşkili, keçirilməsi və ümumilikdə bu sahədə fəaliyyət “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun 53-1.6-cı maddəsinə uyğun olaraq, idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar yayılması qadağan edilən informasiyalardı. Bu kimi məlumatların internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməməlidi.
Bununla yanaşı, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32.7-ci maddəsinə əsasən, keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
Eyni zamanda, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanın 4-cü bəndinə əsasən, idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən internet informasiya ehtiyatlarının ölkə ərazisində fəaliyyəti qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırılır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yalnız Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarının təşkili və həyata keçirilməsini təmin edən idman mərc oyunlarının operatorunun müvafiq qərarına və məlumatına əsasən idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən internet informasiya ehtiyatlarının ölkə ərazisində fəaliyyətinə məhdudiyyət tətbiq olunması məsələsinə baxıla bilər”.Nazirliyin cavabından belə çıxır ki, ölkəmizdə idman mərc oyunlarının yeganə qanuni operatoru “Topaz” şikayətlənmədiyi halda, bu məsələyə baxa bilməzlər. Bizdə olan bilgiyə görə, “Topaz” qeyri-qanuni bukmeker kontorlarının fəaliyyəti ilə bağlı dəfələrlə nazirliyə şikayət edib. Ancaq lap belə hesab edək ki, heç şikayət olmayıb. Deməli, istənilən başqa ölkənin, hətta Ermənistanın da şirkətləri pul ödəməklə Azərbaycan saytlarında ən müxtəlif məzmunlu reklamlar yerləşdirə bilər, buna görə kimsə onlara “gözün üstə qaşın var” deməyəcək. Təbii ki, çox absurd və tənqidə dözməyən mövqedi. Yuxarıda adı çəkilən nazirliyin əsas vəzifələrindən biri də KİV məkanına, elektron informasiya bazarına qeyri-leqal yolla daxil olan, ölkəmizin strateji maraqlarına cavab verməyən qaydada fəaliyyət göstərən internet resurslarını əngəlləmək, belə saytları ölkə ərazisində bloklamaqdı. Görünür, adamlar heç hansı işlə məşğul olacaqlarını da bilmirlər. Bu nazirliyin cavabına, necə deyərlər, bir quş. Görək sorğu göndərdiyimiz başqa qurumlar – Daxili İşlər Nazirliyi ilə Dövlət Vergi Xidməti nə deyəcək? Gözləyirik...
HUŞƏNG