Sizin reklam burada

“Belə əfsanəvi futbolçunun mənə inanması qürurvericidi”

Title

Tural Manafov ilk qoluna çox sevinib
“Səbail”in müdafiəçisi Tural Manafov klub saytına müsahibə verib. 22 yaşlı futbolçu premyer-liqanın 13-cü turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları oyunda vurduğu qola və başqa məqamlara toxunub.
- İlk qolunuzla bağlı təəssüratınız nələrdi?
- “Səbail”də ilk qoluma görə çox sevindim. Bu həm də premyer-liqada ilk qolum idi. Təbii ki, çox sevindirici haldı.
- “Səbail”də cərimə zərbəsini, adətən, Rahid Əmirquliyev və ya Əfran İsmayılov yerinə yetirir. Həmin matçda bu məsuliyyəti boynunuza götürmək əvvəlcədən planlaşdırılmışdı?
- Xeyr. Əfran İsmayılov vurmalıydı. Sadəcə, həm uzaqdan, həm də sol tərəfə meyilli olmasına görə mənə təklif etdilər, razılaşdım. Sağ olsunlar, güvənib cərimə zərbəsini yerinə yetirməyi mənə həvalə etdilər.
- Əcnəbi, yaxud yerli kumiriniz var?
- Yerli kumirim yoxdu. Əcnəbilərdən isə Marselodu (“Real”ın braziliyalı müdafiəçisi).
- Rahid Əmirquliyev gənc kadrlardan sizin adınızı həm perspektivli oyunçu, həm də gələcəkdə milliyə namizədlərdən biri kimi çəkmişdi. Bu barədə nə düşünürsüz?
- Bu fikirlərinə görə özünə də təşəkkürümü bildirmişəm. Belə əfsanəvi futbolçunun mənə inanması qürurvericidi. Mən də şansı gözləyirəm ki, həm millidə, həm də legioner kimi başqa ölkədə karyerama davam etmək üçün təklif gəlsin və dəyərləndirim.
- Pandemiya oyunlara təsir etməklə yanaşı, sizdə hansısa psixoloji çətinliklər yaratdı?
- Psixoloji çətinlik futbolumuza görə oldu. Çünki çempionatın dayanması heç birimizə xoş deyildi. Oyunlar dayanır və biz çıxış edə bilmirik, məşqlər də dayandıqca geri qalırıq.
- “Səbail”də həm müdafiədə, həm də yarımmüdafiədə oynamısız. Özünüzü hansı mövqedə daha uğurlu sayırsız?
- Mən özümü müdafiədə rahat və uğurlu hesab edirəm.
- Komanda yoldaşlarınızla münasibətləriniz necədi? Yaxın dostunuz varmı?
- Komandada hamıyla əlaqəm çox yaxşıdı. Gənclərdən Ruslan Hacıyev və Ədilxan Qarəhmədovla daha yaxınam. Ümumilikdə böyük-kiçik fərqi olmadan hamıya hörmət edir və bunun qarşılığını görürəm.
- Vurduğunuz qol sosial şəbəkələrdə çox bəyənildi. Azarkeşlər stadionda olsaydı, auranı təsəvvür etmək çətin deyildi. Bu haqda nə düşünürsüz?
- Öncə azarkeşlər üçün darıxdığımızı qeyd etmək istəyirəm. Karantin rejimi bitəndən sonra oyunlara daha çox gəlmələrini və dəstək olmalarını istəyirəm. Onların dəstəyi bizi motivasiya edir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.