Sizin reklam burada

Öküzün üstündən yıxılma, De Byazi!

Title

Başqa ölkələrdə il sona yaxınlaşanda yığma mövzusuna daim müraciət edir, ilin futbol uğurlarına həm də yığma müstəvisində baxırlar. Allah bizə, yəni Azərbaycanın futbol camiəsinə bu baxımdan xoş tale yazmayıb, 29 illik tariximiz məğlubiyyətlər, qəm-qüssə, hər cür bəd hesab ilə zəngindi. 2020-ni ölkə, yığma, futbolumuz ilə tanışlığa həsr edən Canni De Byazi üçün Millətlər Liqasının son seçmə mərhələsi də avans rolunu oynadı. Adam gəldi, baxdı, gördü və hədsiz nikbin danışıqla yadda qaldı. Millətlər Liqasındakı oyunların onun fikirlərinə, dünyagörüşünə necə təsir edib-etmədiyini bilmirəm. Bildiyim isə odu ki, yığma növbəti bayramda – xalqımız üçün daha önəmli olan Novruz günlərində çox-çox ağır sınaqdan çıxmalıdı. Təqvim xoş deyil və De Byazinin komandası martın 24-də Portuqaliya, 30-da isə Serbiya ilə qarşılaşmalıdı. Anladığımız qədər bunlar qrupun divləridi. Bəs italyan məşqçi nə etməlidi? Zarafat damarım tutsaydı, deyərdim ki, öküzü minməli, bacardığı qədər qaçmalıdı. Amma o qorxaq deyil, odu ki, yığmanı çətin oyunlara hazırlamaq boynunun borcudu.
Hə, Öküz ili, adətən, yığma üçün uğurlu olmur. O gün kimsə hesablamışdı, 1997-yə və 2009-a təsadüf edən əvvəlki Öküz ilində 23 oyun keçirib, bunların yalnız üçündə qələbə qazanmışıq. 2021-də, yəni növbəti Öküz ilində 8 seçmə oyun keçirməliyik. Təbii ki, məhz DÇ-nin seçmə mərhələsi italyan mütəxəssisin işinə qiymət vermək baxımından həlledici əhəmiyyət daşıyacaq. Sözüm De Byaziyədi: öküzə min, ancaq rəqiblərin qabağından qaçmaq yox, yeni qələbələrə çatmaq üçün. Yığma bu ölkənin futbolsevərlərinə uğur, nəticə borcludu. Bir ölkədə futbolun səviyyəsinin ölçü-dəyər vahidi də, adətən, onun yığması olur. Bizi bu xoşbəxtlikdən məhrum etmə, sinyor De Byazi! Komandanda Mahir Emreli, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə kimi “Öküzlər” var, onları yeni səviyyəyə yüksəltməyi də unutma!
HUŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.