Sizin reklam burada

Mirabdulla komandasının xilaskarı rolunda

Baxış Sayı:136


51. Neftçi (Bakı) – Keşlə 2:1 (0:0)
30. Aqil Məmmədov – 5,5
91. Tallison Dias – 5,5
5. Anton Krivotsyuk – 5,5
6. Voislav Stankoviç – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
29. Sabir Buqrin – 5,5
7. Namiq Ələsgərov – 5,5
(10. Saman Nərimancahan, 85) – qiymətsiz
8. Emin Mahmudov (k) – 5,5
36. Mamadu Kane – 5,5
22. Mirabdulla Abbasov – 6,0
(19. Fəhmin Muradbəyli, 88) – qiymətsiz
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
20. Mərt Çelik
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
70. Asim Əlizadə
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Mirabdulla Abbasov
1. Stanislav Namaşko – 5,0
19. Azər Salahlı – 4,5
3. Tərlan Quliyev (k) – 4,5
4. Şəhriyar Əliyev – 4,5
8. Tural Axundov – 5,0
20. Rail Məlikov – 4,5
(99. Rafael Məhərrəmli, 46) – 5,0
7. Rəhman Hacıyev – 5,5
25. Con Kamara – 5,0
10. Sezar Meza Kolli – 5,0
(14. Turan Vəlizadə, 82) – qiymətsiz
48. Dmitri Klots – 5,0
97. Xəzər Mahmudov- 5,0
(11. Silvio Rodriges, 69) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
39. Elnur Süleymanov
87. Tunar Mütəllimov
Məşqçi: Zaur İsmayılov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Qollar: M.Abbasov, 65 (1:0, E.Mahmudov). R.Hacıyev, 68 (1:1). M.Abbasov, 81 (2:1, N.Ələsgərov).
Vərəqə: A.Krivotsyuk, 18 (qeyri-idman hərəkəti) – sarı.
Rəsmi şəxslərə edilən xəbərdarlıq: S.Abasov, 75 (texniki zona qaydalarını pozduğuna görə) – sarı.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
24 dekabr. Bakı. Bakcell Arena. Tamaşaçısız.
İkinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Neftçi” meydana çıxarkən artıq “Qarabağ”ın əzmkar qələbəsindən xəbərdar idi. Aydın məsələdi ki, bakılılar ili zirvədə başa vurmaq üçün əlindən gələni edəcəkdi. Xatırladaq ki, “Keşlə” son üç oyunda uduzmuşdusa, “Neftçi” Samir Abasovun gəlişindən sonra məğlubiyyətlə üzləşməmişdi.
Gözlənildiyi kimi, “ağ-qaralar” oyuna daha fəal başladı. Amma rəqib qapısına ilk zərbə hücumameyilli oyunçulardan yox, müdafiəçi Tallisondan gəldi. Onun 9-cu dəqiqədəki zərbəsi qapının üstündən keçdi. “Qırmızılar” da əlini yanına salmamışdı. 20-ci dəqiqədə Meza Kolli təxminən 25 metrdən endirdiyi zərbə ilə Aqil Məmmədovun sayıqlığını yoxladı. Qapıçı yerində idi və zərbəni dəf etməkdə çətinlik çəkmədi. 29-cu dəqiqədə Sezar yenə təxminən eyni məsafədən, amma bu dəfə sağ cinahdan qapıya zərbə vursa da, nəticə fərqli olmadı. Komandalar çox çalışsa da, fasiləyə qədər bərabərlik pozulmadı.
Elə 2-ci hissədə də futbolçular uzaqdan zərbələrə daha çox həvəs göstərirdi. Onları buna sövq edən əsas amil hava şəraiti idi. Yəni yağışlı-qarlı havada topun sürüşkən olduğunu, zərbələrin qapıçılar üçün çətinlik yaradacağını düşünürdülər. 56-cı dəqiqədə Meza Kollidən ötürmə alan Tural Axundov da uzaq məsafədən qapıya zərbə vurmağa qərar verdi. Təbii ki, Aqil belə topları buraxan qapıçılardan deyil. Bu zərbədən dərhal sonra “Neftçi” oyundakı ilk real qol vəziyyətini yaratdı. Sağ cinahla irəliləyən Namiq cərimə meydançasına ideal asma etdi. Burda Şəhriyarı qabaqlayan Mirabdulla sərt zərbə ilə tiri silkələdi. “Sabah”la oyunda da çoxlu qol imkanını boşa verən hücumçu bir azdan səhvini düzəldəcəkdi. Söhbət 65-ci dəqiqədəki qoldan gedir. Həmin epizodda Emin Mahmudov cərimə meydançasına “paraşüt” ötürmə göndərdi. Tərlan Quliyev düşünməkdəykən Mirabdulla onu işsiz qoydu və yaxın məsafədən zərbə ilə mövsümdə ilk qolunu vurdu. Amma ruhdan düşməyən “qırmızılar” dərhal hesabı bərabərləşdirdi. Düzdü, bu qolu komanda əməyinin yox, istisnasız Rəhmanın fərdi ustalığının nəticəsi saymaq lazımdı. O, Kanedən asanlıqla sıyrılıb, 35-40 metrdən elə möhtəşəm zərbə vurdu ki, Aqil yerindən tərpənməyə macal tapmadı. “Neftçi”nin əhval-ruhiyyəsini, qış fasiləsinə lider kimi yollanmaq istəyini nəzərə alsaq,daha bir qol gözləmək olardı. 75-ci dəqiqədə Namiq əlverişli zərbə mövqeyinə çıxsa da, topu qapıdan aralı vurdu. Və gözlənilən qolu 81-ci dəqiqədə gördük. Baş rollarda yenə Emin, Namiq və Mirabdulla idi. Sağ cinahla hücum zamanı kapitan Namiqə ara ötürməsi etdi. O isə Namaşkaya lap yaxın olandan sonra zərbə vurmaq əvəzinə topu bir qədər arxada qərarlaşan Mirabdullaya ötürdü. Tərlan bu dəfə də hücumçunun fərqlənməsinə əngəl ola bilmədi. “Keşlə”nin növbəti dəfə hesabı bərabərləşdirməyə vaxtı qalsa da, gücü qalmamışdı. Beləliklə, inamlı olmayan, amma vacib qələbə qazanan “Neftçi” qış fasiləsinə lider kimi yollandı. Artıq əminliklə demək olar ki, mövsümün 2-ci yarısı daha maraqlı keçəcək, nəhayət, ciddi çempionluq mübarizəsi izləyəcəyik.

Reaksiya
Samir Abasov: "İlk növbədə Yunis Hüseynova Allah şəfa versin, yastığı yüngül olsun. Üzücü xəbəri eşitdik ki, o da "korona" bəlasına düçar olub. İnşallah, tezliklə sağalaraq yaşıl meydanlara qayıtsın. Oyuna gəlincə, ilk dəqiqələrdən yaxşı əhval-ruhiyyədəydik. Sadəcə, fasiləyədək bəzi problemlər yaşadıq. Rəqib həddən artıq sıx oynayırdı, onun müdafiəsini yara bilmirdik. Bizə qol vəziyyətləri yaratmaqda da böyük problemlər yaşatdı. Amma ikinci yarıda istəyimizə nail olduq. Bütün işləri təkcə mərkəz hücumçusunun üstünə yıxmıram. Bəzi futbolçular var ki, mütləq hücumda yer almalıdılar. Əlimizdəki forvardlar məni qane edir. Fasilədə rəhbərliklə danışacağıq. Hələlik hər şey bizi qane edir. Qapıçıdan tutmuş hücumçuyadək heç kimin əsas heyətdə möhkəmləndiyini demək olmaz. Mirabdulla Abbasov bu gedişlə böyük işlər görəcək. Bizə ümid verir. Amma 100 faizlik heç nə yoxdu. Çempionatda yaxşı rəqiblərimiz var. "Neftçi" uzun müddətdi qızıl medallar uğrunda mübarizə aparır. Bizi fasilədən sonra çətin oyunlar gözləyir. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik".
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR