“Hakimlikdə heç bir inkişaf yoxdu”“İdman TV”-də yayımlanan “Mərkəz xətti” verişinin qonağı olan AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov xələfi Frits Stuxliki tənqid edib. O, avstriyalı funksionerin hakimlər arasında ayrı-seçkilik hallarına yol verməsindən danışıb. Elçin Məsiyevin Rəhim Həsənovun əvəzinə FİFA referisi adına layiq görülməsini düzgün saymayan X.Məmmədov belə deyib: “Bu, son illərdə çox bəlalı problemə çevrilib. Doğrudan da, mətbuat demir, mən demirəm. Artıq ötən turdan hakimlər üsyan ediblər. Yəni yeni gələn rəhbərin öz sevimli hakimləri var. Onlar kor-koranə irəli çəkilir. Bu da təcrübəli FİFA hakimlərinə pis təsir edir. Bir yox, bir neçə nəfər var ki, rəhbərin onlara qarşı xoş münasibəti var. Bilmirəm, bu hardan qaynaqlanır, niyə baş verir. Tək bir nəfər yox, bir neçə nəfərdi. Götürək gələn ildən FİFA hakimliyi dərəcəsi daşıyacaq Elçin Məsiyevi. Fikirləşirəm ki, o, hələ hazır deyil bu adı daşımağa, Azərbaycanı hardasa təmsil etməyə. Eşitdiyimə görə, rəhbərin sevimli kadrlarından biridi”.
Məlum olduğu kimi, AFFA-nın bir neçə gün əvvəl açıqladığı siyahıda 17 ədalət təmsilçisi yer alıb. Ötən il bu rəqəm 14-ə bərabər idi. Artım futzal hakimləri və qadın referi köməkçilərinin siyahısında qeydə alınıb. Artıq ölkəmizi beynəlxalq oyunlarda 1 yox, 3 futzal hakimi təmsil edəcək. Əli Cəbrayılov və Knyaz Əmiraslanov bu siyahıya əlavə olunub. Qadın referi köməkçilərinin sayı isə Sevda Nuriyeva ilə 2-yə çatıb. Bundan başqa, iki dəyişiklik də baş verib. Kişi referilərin siyahısında Rəhim Həsənovu Elçin Məsiyev, referi köməkçilərində isə Mübariz Haşımovu Cavanşir Yusifov əvəzləyib.
Xaqani bəy tənqidi çıxışını bu yöndə davam etdirib: “Bizim vaxtımızda 23 FİFA dərəcəli hakimimiz vardı, say indi 17-yə düşüb. Mətbuatda belə bir şey oxudum ki, guya FİFA hakimlərimizin sayı artıb. Bu ağ yalandı. Heç bir say artmayıb. Bizə verilən yer üç nəfərdi. Sadəcə, qadin FİFA hakimləri ayrıca nəzərə alınır. Onu da say olaraq qatıblar 3 kişi hakimin yanına. Heç kim demir ki, bizdə həmişə iki qadın FİFA hakimi olub. İndi isə yalnız Yuliya Qurbanova qalıb. Hakimlikdə heç bir inkişaf yoxdu. Futzalda da, cimərlik futbolunda da hakim sayı azalıb. Yeni rəhbərlik gələndən 3-4 FİFA hakimi yenilərlə dəyişdirilib. Yenilik, əvəzetmə lazımdı. Rəhim Həsənov neçə ildir üçüncü kateqoriyada qalır. FİFA-da yazılmamış belə bir qanun var ki, bir hakim 3 ildən artıq eyni kateqoriyada qalırsa, deməli, onun heç bir perspektivi yoxdu. Amma 1 il də gözləmək olardı. Daha yaxşı bir hakim ortaya çıxarmaq üçün".