Sizin reklam burada

Ayxan Abbasov yoxdusa, qələbə də yoxdu

Baxış Sayı:108


50. Sumqayıt – Sabah (Bakı) 1:2 (1:1)
13. Aydın Bayramov – 5,0
7. Tellur Mütəllimov – 5,0
3. Vurğun Hüseynov (k) – 5,0
14. Elvin Bədəlov – 5,0
33. Eltun Turabov – 4,5
21. Adəm Həmati – 4,5
(37. Nicat Əliyev, 88) – qiymətsiz
6. Vüqar Mustafayev – 5,0
8. Səbuhi Abdullazadə - 4,5
97. Xəyal Nəcəfov – 5,5
10. Rəhim Sadıxov – 5,0
(20. Rüfət Abdullazadə, 51) – 4,5
60. Elvin Məmmədov – 5,0
(9. Əli Qurbani, 74) – 5,0
Ehtiyat oyunçular
71. Hüseynəli Quliyev
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Xəyal Nəcəfov
12. Alvaro Vilyet – 5,5
14. Slavik Alxasov – 5,5
13. Filip İvanoviç – 5,5
2. Amin Seydiyev – 5,5
6. Şakir Seyidov – 5,5
77. Veysəl Rzayev – 5,5
7. Coşqun Diniyev (k) – 5,5
23. Amadu Diallo – 5,0
(10. Yevgeni Koçuk, 84) – qiymətiz
46. Aleksey İsayev – 6,5
28. Kevin Kubemba – 6,0
11. Ozan Can Kökcü – 5,5
(17. Məhəmməd Mirzəbəyov, 80) – qiymətsiz
Ehtiyat oyunçular
98. Yusif İmanov
8. Elşən Abdullayev
19. Təmkin Xəlilzadə
20. Elçin Mustafayev
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Aleksey İsayev
Qollar: S.Alxasov, 26 (0:1). X.Nəcəfov, 31 (1:1). A. İsayev, 65-p. (1:2).
Vərəqələr: V.Mustafayev, 39 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 59 (hakimin qərarına etiraz). A.Bayramov, 64 (qeyri-idman hərəkəti). F.İvanoviç, 69 (qeyri-idman hərəkəti). A.Diallo, 75 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
24 dekabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
El arasında yaxşı bir deyim var: Allah heç bir ailəni böyüksüz etməsin. Dünən “Sumqayıt” bəlkə də məhz böyüksüz qaldığına görə, Ayxan Abbasovun koronavirusa yoluxması səbəbindən “doğma divarlar” arasında mövsümün ən uğursuz komandalarından olan “Sabah”a uduzdu. Oyunun əvvəli qarşılıqlı hücumlar şəraitində keçdi. Ancaq ümumilikdə topa nəzarət qonaqların tərəfindəydi. Bunun məntiqi nəticəsi kimi 26-cı dəqiqədə Slavik “ulduzunun parladığı” komandanı cəzalandırdı. Sol cinah müdafiəçisi kornerdən gələn ötürməni dəqiq tamamladı. Qoldan ruhlanan qonaqlar böyük qüvvə ilə irəli atılınca, meydan sahibləri 31-ci dəqiqədə “status-kvo”nu bərpa etdi. Xəyalın zərbəsi müdafiəçiyə toxunaraq, Vilyeti yanıltdı və qapı xəttini keçdi.
Fasilədən sonra “tələbələr” yenə mərkəzi ələ keçirərək oyuna diqtə edən tərəf idi. Qomesin yetirmələri xırda ötürmələrlə irəli atılıb rəqibin müdafiəsinə çətin anlar yaşadırdılar. Belə hücumların biri 65-ci dəqiqədə bəhrə verdi. Ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Kubembanı cərimə meydançasında “Sumqayıt”ın qolkiperi yerə sərdi və baş hakim haqlı olaraq penalti qərarı verdi. Topun arxasına keçən İsayev isə şansını boşa vermədi və ilin son matçında komandasına qələbə gətirən qolun müəllifi oldu. Qalan dəqiqələrdə hər iki komanda fərqlənmək üçün çox çalışsa da, tablodakı hesab dəyişmədi və “Sabah” qış fasiləsinə qələbə ilə yollanmağı bacardı.
RƏŞAD

Reaksiyalar
Elnur Çodarov: “Görüşə yaxşı hazırlaşmışdıq. İstəyirdik ilin son oyununda qələbə qazanaq. Bir az hava şətraiti buna imkan vermədi. Ehtiyat oyunçular skamyasının kasad olması da özünü göstərdi. Zədələlilər və virusa yoluxanlarla bağlı problemlərimiz var. Ona görə istədiyimizi tam göstərə bilmədik. Uşaqlar sona qədər vuruşdular. Mənfi yöndə fikir söyləmək olmaz, yenə sağ olsunlar. Camaləddin Xocaniyazov, Murad Xaçayev kimi futbolçuların, həmçinin baş məşqçimiz Ayxan Abbasovun texniki zonada olmaması oyuna təsir göstərdi, bu birmənalıdı”.
Visente Qomes: “Futbolularımı təbrik edirəm. Bu gün əllərindən gələni etdilər. Oyuna nəzarət hər iki hissədə bizim tərəfimizdə idi. Xüsusilə də ilk yarıda kifayət qədər qol imkanı yaratsaq da, bunlardan lazımınca istifadə edə bilmədik. Rəqib isə adi vəziyyətdən sonra hesabı bərabərləşdirdi. Oyunda bir az gərginlik, həyəcan yaşansa da, hesabda önə keçməyi bacardıq. Mövsüm ərzində yaxşı və pis oyunlar oynamışıq. Çatışmazlıq həm müdafiə, həm də hücum zamanı olur. Müdafiədə kiçik və çox sadə səhvlər edirik. Bunun üzərində çalışmışıq. Hücumda imkanlarımızı dəyərləndirə bilmirik. Hər qış fasiləsində olduğu kimi geridə qalan dövrü təhlil edəcək, sonra qərarlar verəcəyik. Bəxtiyar Həsənalızadə bir müddət bizimlə məşqlərdə iştirak edib. Baxdıq, onunla bağlı müsbət fikirlərim var. Qışdan sonra müdafiədə bizə kömək edəcək. Transfer büdcəsi barədə danışmaq istəmirəm. Hər şeyi təhlil etdikdən sonra qərar verəcəyik. Açığı, hazırkı şəraiti nəzərə alsaq, transferlər çətin görünür. Turnir cədvəlindəki mövqeyimiz ürəyimizcə deyil. Vətənim İspaniyaya dönəndə mənə ölkəniz və Azərbaycan futbolu ilə bağlı sual verdikdə məhz belə deyəcəm. Qış fasiləsindən qayıdandan sonra çalışacağıq ki, problemləri aradan qaldırıb, inkişaf edək. Çox gəzməyi sevən insan deyiləm. Azərbaycanda ancaq Bakıda olmuşam və burda adamlar çox mehribandı. Burda olmaqdan məmnunam. Koronavirusa görə bütün ölkəni dəyərləndirə bilmərəm. Hər yer bağlıdı. İspaniyada da eyni vəziyyətdi. İspaniyaya gedəcəyim halda həmin yerdə qalacam. Gözlədiyimdən daha səviyyəli çempionatla qarşılaşdım. 1-2 komandanı çıxmaqla, başqalarının səviyyəsi eynidi. Klubların fərqli oyun tərzləri var, bəziləri müdafiəyə, bəziləri hücuma çox diqqət yetirir. Açığı, mən İspaniya, Rusiya və Ukraynada işləmişəm, Azərbaycan çempionatının oranın səviyyəsinə çatmasına hələ var. Hazırda “qara zolaq”dayıq, ancaq Avropa Liqasına vəsiqə verən yerdən cəmi 3 xal geridəyik. Bu da bizə motivasiya verir. Qışda gücümüzü bərpa edib, daha yaxşı olmağa çalışacağıq”.

Gözdən qaçmadı
* İkinci hissənin gedişində Xəyal Nəcəfov yan xətt hakiminə Slavik Alxasovdan şikayət etməklə yadda qaldı. “Yoldaş hakim, görmürsən bu nə edir” demişdi ki, Slavik Nəcəfova cavab olaraq “ə, futbolunu oyna, hakimlər özləri bilir, nə vaxt qayda pozuntusu qeydə almaq lazımdı” söyləyib, Xəyalı öz işi ilə məşğul olmağa səslədi.
* “Sabah”ın qələbə qolunun müəllifi Aleksey İsayev iki il “Sumqayıt”ın şərəfini qoruduğundan penaltidən fərqləndiyi anda qol sevinci yaşamadı ki, bu da “kimyaçılar”ın rəhbərliyi tərəfindən razılıqla qarşılandı. Onu da qeyd edək ki, bu, İsayevin “Sabah”da ilk qolu idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR