Sizin reklam burada

Tərlan Əhmədov metroda relslərin üzərinə yıxılıb

Baxış Sayı:216


“Mənə, SSRİ yığmasının oyunçusuna təyyarənin yük yerində yer ayırdılar”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı tarixin yaddaşına köçən AZAL-ın, həmçinin “Neftçi” və “Keşlə”nin sabiq baş məşçisi, hazırda işsiz olan Tərlan Əhmədovdu.
“O qədər otağa girib-çıxır ki, sən hər yerdə baş məşqçimizi görürsən”
Uşaq vaxtı idman təmayüllü internat məktəbində oxuyanda Azərbaycanda hər yaş qrupu üzrə yığmalar var idi. 1971-ci il doğumlu futbolçulardan formalaşan yığma ilə Özbəkistana turnirə yollanmışdıq. Orda da idman təmayüllü idman məktəbində qalırdıq. Yığmanın da baş məşqçisi dünyasını dəyişən mütəxəssislərimizdən biri olduğu üçün adını çəkməyəcəm. Baş məşqçi hər gün otağa gəlib bizə iuradlarını bildirir, kimin nə işlə məşğul olduğunu ətraflı deyib, belə etməməyimizi istəyirdi. Otaqda da 12 nəfər qalırdıq. Çalışdırıcının ardıcıl gündəlik işlərimiz barədə məlumatlı olması uşaqları şübhələndirmişdi. Öz aramızda “satqın” axtarırdıq. Vəziyyət o həddə çatmışdı ki, hamı bir-birindən şübhələnirdi. Bir gün günorta “sakit saat”da pəncərəyə yaxınlaşıb, ətrafı seyr etməyə başladım. Mənimlə vaxtilə “Qarabağ”da oynamış Vəli Hüseynovun çarpayısı yanaşı idi. Pəncərədən baxanda gözümə baş məşqçimiz dəydi. Üzümü Vəliyə tutaraq “Hüseynov, baş məşqçimizi pəncərədə gördüm. Elə bil şəklini də şüşəyə yapışdırablar” söylədim. Vəli də mənə “o qədər otağa girib-çıxır ki, sən hər yerdə baş məşqçimizi görürsən” deyib, yanıma gəldi. O da mənimlə yanaşı dayanıb çölə baxanda bir qədər də təəccüblə qayıtdı ki “deyəsən, bu odu axı” söylədi. İkimiz də birdən “o niyə ağaca çıxıb” dedik. Sən demə, baş məşqçi hər gün bizim otaqla üzbəüz olan hündür ağaca dırmaşaraq otağımıza nəzarət edirmiş. Bu üzdən nə etdiyimizi, kimin yatdığını, kimin həmin saatlarda nə iş gördüyünü izləyə bilirmiş. Pəncərəni açıb “siz orda nə edirsiz” sualını vermişdim ki, özünü vəziyyətdən çıxarmaq üçün “sən niyə yatmırsan” sualını verdi. Onda bildik ki, aramızda “göstəbək” yoxdu, sadəcə, baş məşqçi hər gün ağaca dırmaşaraq bizi ordan güdür.
“İçsəydin, daha yaxşı vəzifə tutardın”
1990-cı ilin mayında “Neftçi” ilə Nijni Novqoroda yollanmışdıq. Həmin vaxt mən də SSRİ-nin U-19-u ilə birlikdə Hollandiyada təşkil olunan turnirə yollanmalıydım. Rəhbərlik lazımi yerlərdən xahiş edib mənə icazə almışdı ki, həmin oyundan sonra özləri yola salacaqlar. Həmin matçdan 2:0 hesabı ilə qalib ayrıldıq. Oyun başa çatan kimi rəhbərlik məni bir avtobusa oturdub hava limanına yola saldı. Sürücü o qədər yavaş sürürdü ki, arada durub sınıq-salxaq rus dilində “məni tez çatdır, təyyarəyə gecikirəm” deyirdim. Ancaq nə fayda. Rus sürücü elə bil and içmişdi ki, avtobusu 60-dan yuxarı sürməyəcək. Hava limanına çatanda məlum oldu ki, təyyarəyə gecikmişəm. Əlimdəki teleqramı hava limanının rəhbərliynə təqdim etdikdən sonra məni YAK-la yola salmağı lazım bildilər. Onda da yer olmadığından mənə, SSRİ yığmasının oyunçusuna təyyarənin yük yerində yer ayırdılar. Təyyarə havaya qalxanda özümə yer düzəltməli oldum. Yük yerindəki iki çantanı altıma qoyub, birini də kürəyimin arxasına yerləşdirdim və oturdum. Öz idman çantamı da qucağıma aldım. Təxminən bir saata yaxın uçmalıydıq. Təyyarə havaya qalxandan bir müddət sonra gördüm bir rus yük yerinə gəldi. Məni çantaların üstündə oturan görüb əsəbləşdi: “sən kimsən və çantamın üstündə niyə oturmusan? Sən bilirsən o çantada necə qiymətli yük var” deyib üstümə gəldi. İstər-istəməz ayağa qalxdım və ona çantasını açmağa şərait yaratdım. Rus qardaş çantasını açıb içindən araq çıxardı və “sən belə qiymətli malın üstündə necə otura bilərsən” söylədi. Ardınca “ümumiyyətlə, kimsən və burda nə gəzirsən” sualını verdi. Özümdən asılı olmayaraq “mən mühafizəçiyəm və araq da içmirəm” söylədim. Geri dönüb qayıdanda rus balası mənim bu sözlərimə qarşılıq olaraq “içmirsən deyə, mühafizəçi işləyirsən, içsəydin, daha yaxşı vəzifə tutardın” deyib getdi.
“Səni kül vəziyyətdə görməmək üçün qaçıb gizləndim”
1990-cı ilin martı idi.Yeniyetmə vaxtı bizimlə bir yerdə oynamış iki dostumuz Rusiyadan Azərbaycana gəlmişdilər. Mən və Vidadi Rzayev onlara Bakıdakı restoranların birində qonaqlıq verdik. Yeyib-içməkdən sonra “Sahil” metrosuna düşdük. Saat 12-yə 5-10 dəqiqə qalmışdı. Onda nə mənim, nə Vidadinin maşını var idi. Elə oldu ki, bu dostlarımız Rusiyada öz aralarında yaşanan anlaşılmazlığı yada salıb mübahisə etməyə başladılar. Onu da bildirim ki, dostlarımızın biri Bərdədən, digəri isə Salyandan idi. Metroya düşüb platformanın kənarında dayananda da mübahisə davam edirdi. Birdən dözməyərək əlimi atıb salyanlı dostumuza “bəsdirin də, mübahisəniz elə bura qalmışdı” demişdim ki, o məni yana itələdi. Gördüm relslərin üstünə düşürəm, əlimi atıb onun yaxasından tutdum. O da özünü saxlaya bilmədi və hər ikimiz relslərin üstünə düşdük. Yaxşı ki, qatarın gəlməyinə hələ bir neçə dəqiqə qalmışdı. Birtəhər ayağa durandan sonra gözüm Vidadini axtardı ki, əlini uzadıb bizə platformaya çıxmaqda yardım etsin. Vidadi nə gəzir? Gördüm nə o var, nə də bərdəli dostumuz. Təxminən yarım dəqiqə keçmişdi ki, gördüm Rzayev sütunun arxasından başını çıxarıb relsə baxır və tez də geri çəkilir. Həmin an onu səslədim. Rzayev səsimə səs verib platformaya yaxınlaşdı və əlini uzadıb çıxmağımıza yardım etdi. Yuxarı çıxandan sonra ona “sən niyə gizlənmişdin, niyə qaçdın” sualını verdim. Vidadi də həyəcanlı şəkildə “bəs deyirlər relsin üstünə düşənləri tok vurub kül edir. Səni kül vəziyyətdə görməmək üçün qaçıb gizləndim” cavabını verdi.
“Bilirdim sağ-salamat gələcəksiz”
“Terek”də oynayırdım. Mənimlə yanaşı, Vidadi Rzayev və adını çəkmək istəmədəyim gəncəli futbolçu da orda idi. Bir gün bizə maaş verildi. İdman çantamızın altına pulları yığıb üstünə də çirkli paltarlarımızı qoyub vağzala gəldik. Kislovodsk-Bakı qatarı ilə bir neçə günlük vətənə qayıdırdıq. Özünüz bilirsiz də, həmin illərdə vəziyyət necə idi. Reket, adam soymaq çox yayılmışdı, xüsusilə də Çeçenistanda. Vağzalda qatar gözləyirdik ki, iki nəfər bizə yaxınlaşdı. Biri milis, biri də mülki geyimdə idi. Milis nəfəri Vidadidən sənədlərini göstərməsini istədi. “Futbolçuyuq, “Terek”də oynayırıq” dedik ki, bizə dəyməsinlər. Milis “bilirik ki, futbolçusuz, ancaq qanun naminə sənədlərə baxmalıyıq” deyib onlarla birgə milis bölməsinə getməyimizi istədi. Mən də bölmənin vağzalda olduğunu bilirdim və düşünürdüm ki, ora gedəndən bir neçə dəqiqə sonra qayıdıb gələcəyik. Gördüm artıq vağzalı, bölməni də ötmüşük. Bunlar bizi qaranlıq yerə, qarajların yanına aparırlar. Daha bir mülki formada olan şəxs bizə qoşulub. “Bölməni keçdik, bizi hara aparırsız” demişdim ki, üç nəfərdən biri “səsinizi çıxarmayın, pulları bizə verin. Əks halda burdan sizin meyidiniz çıxacaq” dedi. Həmin an nə deyəsən, hansı addımı atasan? “Pulumuz yoxdu, istəyirsizsə, çantamızı yoxlaya bilərsiz” söylədim. Başladıq bunlara yalvar-yaxar etməyə. Başqa əlacımız yoxdu. Bir tərəfdə canımız, bir tərəfdə də əziyyətlə qazandığımız pul. Birdən aralarından biri qayıtdı ki, bunlar 3 nəfər idilər, biri yoxdu. Gəncəli futbolçu aradan çıxmışdı. Reketlər çantalara baxıb pulu tapmadılar və bizi buraxdılar. Artıq qatar getdiyindən məcbur olub bazaya qayıtmalı olduq. Otağa girəndə gördük ki, bayaq bizmlə bir yerdə olan dostumuz yorğanı başına çəkib yatır. İndi Vidadini saxlamaq olar. Rzayev buna ağzına gələni deyir, o da müxtəlif bəhanələr gətirərək özünə haqq qazandırmağa çalışır. Dözməyərək “heç olmasa, başımıza gələnlər haqda bazadakılara xəbər verərdin” demişdim ki, “bilirdim sağ-salamat gələcəksiz” cavabını verdi. Həmin an Vidadi ilə bilmədik onun bu sözünə gülək, yoxsa ağlayaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR