Sizin reklam burada

Samir Əliyev: “İstərdim ki, ölkə xaricində təlim-məşq toplanışı keçək”

Title
Samir Əliyev: “İstərdim ki, ölkə xaricində təlim-məşq toplanışı keçək”

De Byazi U-19-un daha iki üzvünü gözaltı edib
COVID-19 pandemiyasının Avropa ölkələrinə təsiri nəzərə alınaraq, UEFA-nın bayrağı altında keçirilən bir sıra turnirlərlə bağlı UEFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul olunub. İclasda bir sıra turnirlərin seçmə mərhələri ləğv olunsa da, qərar 19 yaşlı oğlanların yarışına şamil edilməyib. Millimiz 2021-ci ilin martında Fransa, Yunanıstan və Moldovanın yer aldığı 8-ci qrupda mübarizəyə başlayacaq. Həm UEFA-nın qərarını, həm də qrupdakı rəqiblərimizi dəyərləndirməsi üçün U-19-un baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq.
- UEFA-nın qərarına əsasən 19 yaşlı futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə mərhələsinin oyunları COVID-19 pandemiyasına görə təxirə salınmadı. Qərarı necə dəyərləndirirsiz?
- Bunu gözləmək olardı. Lakin bizim üçün çətin olacaq. Həm çempionat keçirilmir, həm də yığmamızın əsas üzvləri, demək olar ki, premyer-liqa və divizion klublarının oyunçularıdı. Bildiyiniz kimi, Azərbaycan çempionatında fasilə də tez başa çatacaq. Oyunçuların milliyə dəvət olunması üçün klublarımız güzəştə getməlidilər. Bu da bir az çətin olacaq. Həmin dövrdə futbolçular komandalarına lazım ola bilərlər. Heyət baxımından çətinlik çəkə bilərik.
- Ümumiyyətlə, seçmə mərhələyə necə hazırlaşmağı düşünürsüz?
- İstərdim ki, ölkə xaricində təlim-məşq toplanışı keçək. Lakin indiki dövrdə bu, mümkün deyil. Qış tətilindən qayıdandan sonra hər şey bəlli olacaq. Amma 3 toplanış keçmək istəyirəm. Yanvarda, fevralda və əsas hazırlıq dövrü sayılacaq martda. Yenə deyirəm, ölkə xaricində mümkün olsaydı, yaxşı olardı. Komanda yoldaşlıq görüşlərində qüvvəsini sınayardı. Lakin bu, baş tutmasa, paytaxtda yığışmalı olacağıq. Burda hazırlıq xarakterli matçlar keçirə bilərik. Gözləyək, görək nə baş verir.
- Yığmaya dəvət edəcəyiniz futbolçuları müəyyənləşdirmisiz?
- Bir daha qeyd edim ki, bizim komandanın üzvləri premyer-liqa və divizionda oynayan futbolçulardı. Əsas yük düşəcək klubların üstünə. AFFA-nın da dəstəyi ilə bu məsələni həll etməyə çalışacağıq. Düzdü, klublar həmişə yığma ilə bağlı güzəştə gediblər. Öz futbolçularını istənilən vaxt millinin düşərgəsinə göndəriblər. İndi də həmin güzəşti onlardan gözləməli olacağıq. Ümumilikdə sərəncamımda 54 futbolçu var. Başqa ölkələrdəki kimi 400-500 nəfər deyil ki, onlar arasından seçim edək. Bu səbəbdən də siyahıda olanlardan ən güclüləri və yaxşıları seçməyə çalışacağıq. Onları daha da inkişaf etdirib, ölkəmizi layiqincə təmsil etmələrinə şəriat yaradacağıq.
- Rəqibləri necə dəyərləndirərdiz?
- Düşünürəm ki, qrupun favoriti Fransadı. Çünki onların futbolçuları Avropanın top-5 çempionatının üzvləridi. Əksəriyyəti öz çempionatlarında çıxış edir. Özlərini də yaxşı tərəfdən göstərirlər. Onlarla mübarizə aparmaq çətin görünür. Lakin bu futboldu, hər şey ola bilər. Bu yaş qruplarında güclü və ya zəif amili yalnız hazırlıq prosesindən asılı olur. Bəli, fransız futbolçular oyun sarıdan bəlkə də əziyyət çəkmirlər. Amma onlara qarşı oynamaq mümkündü. Digər rəqiblər haqda çox şey bilmirik. Pandemiya onları təhlil etməyimizə mane oldu. Çünki onlarda da bizdəki kimi U-19 liqası keçirilmir. Futbolçuları haqda da çox məlumatım yoxdu. Lakin düşünürəm ki, qrupda ikinci ola bilərik. Yunanıstan və Moldovanı məğlub edə biləcək komanda formalaşdıra bilərik. Futbolçularımda bu potensialı hiss edirəm.
- AFFA Milan Obradoviçlə yeni müqavilə bağlayacaq. Onu oyunçu ilə təmin etməli olan şəxslərdən biri də sizsiz. Bu baxımdan 21 yaşlılardan ibarət komandaya kimləri məsləhət görəcəyinizi bilirsiz?
- Artıq bu proses çoxdan başlayıb. 21 yaşlılardan ibarət milli komandanın İsveçrə ilə son matçına mənim komandamdan 5 futbolçum çağırılmışdı. Ümumiyyətlə, bu yığmalar bir-biri ilə əlaqəlidi. Obradoviçlə müntəzəm oyunçular haqda danışıqlarımız olur. Onun şəxsən bəyəndiyi futbolçular var. Təbii ki, mən də öz təklifimi etmişəm. Hələ üç futbolçum da əsas milli komandaya namizəddi.
- Onlar kimlərdi?
- Ad çəkməyə ehtiyac yoxdu. Canni De Byazi həmin futbolçuların adını siyahısına salıb. Onları daim nəzarətdə saxlayır.
- Ad çəkməməyinizə səbəb nədi?
- Birini hamınız bilirsiz. Musa Qurbanlı əslində U-19 millisinin üzvüdü. Əsas yığmanın son toplanışına dəvət olundu. Hətta Sloveniya ilə oyunda da meydana çıxdı. Onunla birgə siyahıya başqa biri də əlavə olunmuşdu. Lakin son anda nəsə oldu və toplanışa getmədi. Bundan əlavə, başqa bir futbolçumuz da De Byazinin xüsusi nəzarətindədi. Həmin 2 futbolçunun adını çəkmək istəmirəm. Ulduz xəstəliyinə tutula bilərlər. Həm ailəsindən, həm də başqa yerlərdən basqı ola bilər. Bu səbəbdən də istəmirəm ki, adlarını çəkim. Yaxın zamanlarda milliyə dəvət olunanda özünüz biləcəksiz. İndi əsas məqsədimiz həmin futbolçuların inkişafına nəzarət etməkdi. Onlara güvənib, dəstək olmaq lazımdı. Çalışmalıyıq ki, belə futbolçularımızın sayı günü-gündən artsın. Çünki ölkəmizdə istedadlı futbolçular çoxdu. Onları tapıb, ortaya çıxarmaq isə bizim işimizdi. Bunun üçün də əlimizdən gələnin artığını edərik.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.