“Ölkədən kənara çıxdığımız zaman böyük problem yaşayırıq”Milli komandanın baş məşqçisi Canni De Byazi İrlandiyanın “İndependent” nəşrinə müsahibə verib. İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində eyni qrupda yer alan yığmamızın və İrlandiyanın son matçlarda qol vura bilməməsi haqda bunları deyib: "Beynəlxalq arenada qol vurmaq çox çətindi. Sizdə Ronaldo yoxdusa, qol vurmağınız çətindi. Azərbaycan millisinin futbolçuları qol vurmaqda sıxıntı yaşasa da, komanda şəklində performansdan razıyam. Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var. Qol buraxmamağımız çox vacibdi. İndi komandamızda balans var. Böyük hücumçularımız yoxdu ki, bu da bir problemdi. Ancaq yaxşı təşkilatlanırıq. Stefan Kenni yığmada fəaliyyətə məndən 4 ay əvvəl başladı, bir az çox vaxt keçirdi. Amma bu elə də çox deyil. Uelsə qarşı yaxşı oynasalar da, uğursuz şəkildə qol buraxdılar. Uelsə uduzsalar da, rəqibdən yaxşı oynadılar. İrlandiyanın oyun üslubunu bəyənirəm. Qələbə qazanmaq üçün çox imkanları oldu. Sadəcə, son ötürmələrdə dəqiqlik çatmırdı. İstənilən halda, bu komandanın oyun üslubunu qiymətləndirirəm. İrlandların İngiltərədə uğurlu çıxış edən futbolçuları var. Məsələn, ikinci qapıçıları “Liverpul”da oynayır. Amma Azərbaycanda belə deyil. “Liverpul” kimi klubda 22 yaşlı qapıçın varsa, ölkən üçün çox yaxşı haldı. İrlandiyanın yeni çalışdırıcı ilə yeni yolda olduğunu bilirəm. Millətlər Liqasındakı son üç oyununuzu və AÇ-2020-nin seçmə mərhələ matçlarınızı izlədim. İngiltərə ilə görüşə baxdım, yaxşı komandanız var”.
Portuqaliyanı qrupun favoriti sayan 64 yaşlı mütəxəssisin fikrincə, 2-ci yer uğrunda mübarizədə əsas rəqiblər İrlandiya ilə Serbiya olacaq: “Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadı. Seçmə mərhələdəki xəyallarımızı gerçəkləşdirməyimiz çox çətin olacaq. Unutmayaq ki, 5-ci səbətdən gəlmişik. Portuqaliya başqalarından fərqli keyfiyyətdədi. Onlar yalnız Ronaldodan ibarət deyil, Avropanın böyük çempionatlarında çıxış edən oyunçuları var. İrlandiya və Serbiya arasında ikinci yer uğrunda yarış olacaq”.
AFFA-nın baş məşqçi axtarışı zamanı digər namizədlərdən olan Roy Kinlə bağlı fikirlərini də bölüşən De Byazi həmçinin Azərbaycanda yaşadığını vurğulayıb: “Roy Kin əla, möhtəşəm oyunçu idi. Buna görə özümü onunla müqayisə etməyəcəm. Azərbaycana gəlmək və burda yaşamaq mənim üçün vacib idi. Yaxşı insanlardı, bura gələn əcnəbilərə münasibətdə çox mehribandılar. Xəzər dənizinin yanındayıq, çox gözəl şəhər və stadionumuz var”.
Millimizin baş məşqçisi ən böyük problem kimi azərbaycanlı futbolçuların legioner həyatı yaşamamasını göstərib: “İrlandiyalı futbolçular İngiltərədə, güclü liqalarda oynayırlar. Mənim oyunçularımın isə hamısı Azərbaycanda çıxış edir. Təbii ki, İngiltərə çempionatı ilə müqayisədə daha aşağı səviyyədi. Texniki səviyyə qaydasındadı, amma çatışmayan rəqabət səviyyəsidi. Oynamaq üçün ölkədən kənara çıxdığımız zaman böyük problem yaşayırıq”.
De Byazi Albaniya yığmasındakı uğuru təkrarlamağı arzuladığını gizlətməyib: “Albaniya yığmasında olduğum vaxt çox az adam Fransaya, Avropa çempionatına gedə biləcəyimizi düşünürdü. Orda da indiki olduğum mövqedə başlamışdım. Mümkünsüz heç nə yoxdu. Möhtəşəm bir şey haqda xəyal qura bilərsən. Bunu Albaniya ilə bacardıq, bütün oyunlarda qalib gəlməyə çalışdıq. Hər zaman qələbə qazanmaq asan deyil. 5-ci səbətdən çıxan komanda üçün seçmə mərhələni keçmək çətindi”.
Qeyd edək ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə (müsabiqədənkənar qatılıb) mübarizə aparacaq.