
Aktual
11 550
25.12.2020, 15:01
Nurlan İbrahimov susqunluğu pozdu
“Əlbəttə, heç nə bitməyib, mübarizə davam edir”
Ermənilərin Bərdəyə terror hücumu zamanı hisslərini emosional şəkildə ifadə edən və buna görə UEFA-nın futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyduğu “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov dünən uzun fasilədən sonra “feysbuk” hesabında paylaşım edib: “Öncə susdum. Susdum ki, ölkə tarixinin ən şanlı mübarizəsində fərd olaraq durumum ümummilli maraqlara toz olmasın. Amma Azərbaycan xalqı o qədər möhtəşəmdi ki, bunu yazmaya bilməzdim.
Son 2 ayda yazan, zəng edən, axtaran, tanıyan-bilməyən, adımı taq edib-etməyən, 7–dən 77-yə, etnik fərq etmədən, dünyanın 4 bir yanından, diplomatından, məmurundan tutmuş əyalətdə yaşayan sadə vətəndaşa qədər dəstəyiniz o qədər inanılmaz idi ki... Əlbəttə, taleyimizə yazılıbsa, bir gün qələmə alacağım kitabda Azərbaycan insanının dünyaya sığmayan ürəyini, incəliyini, həssaslığını zərrə-zərrə sətirlərə tökəcəm. Acısına rəğmən, Vətən müharibəsinin iştirakçılarının diqqətini, şəhid ailələrinin dəstəyini, cibindəki təqaüdünü təklif edən, işlərində bürokratik sərhədləri aşaraq dəstək verən, sözlə, dillə, canla, gözyaşıyla dəstək olan insan(lığ)ımızın qarşısında təzim edirəm. Bu zaman aralığında sayagəlməz qədər eşitdiyim “sənin üçün nə edə bilərəm” ifadəsindəki dünya boyda Azərbaycandı bu vətən insanı. Əlbəttə, heç nə bitməyib, mübarizə davam edir. Süni bürokratik əngəllərə baxmayaraq, haqqımızı sona qədər almağa çalışacağıq. Azərbaycan(lılar) möhtəşəmdi, daha da möhtəşəm olacaq”.
Yeri gəlmişkən, UEFA “Qarabağ”ın Nurlan İbrahimovla bağlı verdiyi apellyasiya şikayətini qəbul etməyib. Bu haqda oxu.az saytına klub rəsmisinin vəkili Fərid Haqverdiyev açıqlama verib. Onun sözlərinə görə, Avropanın ali futbol qurumunun cəzası həddən artıq sərtdi və aramsız təzyiq altında qəbul olunub: “Təəssüf ki, şikayətimiz qəbul edilmədi. Zənnimcə, bunda süni əngəllər də əsas rol oynadı. Növbəti etirazımız da UEFA tərəfindən bu gün verilən qərarla, apellyasiya şikayətinin mahiyyətinə baxılmadan qəbul olunmadı. Hesab edirik ki, UEFA-nın qəbul etdiyi qərar əsassızdı. Belə ki, qurumun apellyasiya şikayətinin mahiyyətinə baxmadan onu qəbul etməməsi nəticəsində Nurlan İbrahimovun ədalətli məhkəmə araşdırması hüququ tam pozulub. Nurlan bəy iş üzrə etirazlarını, sübutlarını, işin halları ilə bağlı izahatlarını təqdim etmək hüququndan məhrum olunub. Bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət hazırlanıb veriləcək. Ümid edirik ki, qeyd etdiyimiz pozuntular CAS tərəfindən aradan qaldırılacaq və yekunda Nurlan bəyə münasibətdə ədalətli qərar veriləcək”.