Sizin reklam burada

“Sabah”ın “Neftçi” sindromu davam etdi, Namiq 150-də parladı

Baxış Sayı:117


45. Sabah (Bakı) – Neftçi (Bakı) 0:2 (0:1)
12. Alvaro Vilyet – 4,5
14. Slavik Alxasov – 4,5
13. Filip İvanoviç – 4,5
30. Mario Marina – 4,5
(28. Kevin Kubemba, 46) – 5,0
2. Amin Seydiyev – 5,0
6. Şakir Seyidov – 5,0
46. Aleksey İsayev – 4,5
11. Ozan Can Kökcü - 4,5
(23. Amadu Diallo, 63) – 5,0
77. Veysəl Rzayev – 5,5
7. Coşqun Diniyev (k) – 4,5
(90. Ramil Şeydayev, 77) – qiymətsiz
18. Xulio Sezar Rodriges – 4,5
Ehtiyat oyunçular
98. Yusif İmanov
8. Elşən Abdullayev
10. Yevgeni Koçuk
20. Elçin Mustafayev
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Veysəl Rzayev

30. Aqil Məmmədov – 5,5
91. Tallison Dias – 5,0
5. Anton Krivotsyuk – 5,5
6. Voislav Stankoviç – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
(70. Asim Əlizadə, 90) – qiymətsiz
24. Yusuf Laval – 5,5
(29. Sabir Buqrin, 61) – 5,5
7. Namiq Ələsgərov – 6,0
8. Emin Mahmudov (k) – 5,5
(10. Saman Nərimancahan, 74) – 5,5
36. Mamadu Kane – 5,5
22. Mirabdulla Abbasov – 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
20. Mərt Çelik
19. Fəhmin Muradbəyli
27. Fərid Yusifli
37. Vüsal Əsgərov
80. İsmayıl Zülfüqarlı
13. Prins İbara
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: N.Ələsgərov, 45+3-p. (0:1). N.Ələsgərov, 65 (0:2).
Vərəqələr: Ö.Buludov, 45+1 (qeyri-idman hərəkəti). C.Diniyev, 45+3 (hakimin qərarına etiraz). A.İsayev, 69 (qeyri-idman hərəkəti). X.S.Rodriges 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
20 dekabr. Masazır. “Bank Respublika Arena”. Tamaşaçısız
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bazar günü Masazırda əsl futbol havası hökm sürürdü. Azarkeşlər stadiona buraxılsaydı, ab-hava daha gözəl, futbol reallığa daha yaxın olardı. Azarkeşlərin olduğu həmin reallıqda Visente Qomes yenə arın-arxayın “tənqidlər məni maraqlandırmır” deyə bilərdi, ya yox? Qoy bu sual elə havadan asılı qalsın, yaşıl meydana baxaq.
Oyun başlayan kimi komandaların sərt, barışmaz mübarizə aparacağı, bir-birinə güzəştə getməyəcəyi aydın oldu. Qapıya ilk zərbə 8-ci dəqiqədə Coşqundan gəlsə də, ilk təhlükəli vəziyyət meydan sahiblərinin qapısı önündə yarandı. 11-ci dəqiqədə Ömərin cərimə meydançasına asması zamanı Vilyet uğursuz çıxışla topun Lavala düşməsinə səbəbkar oldu, o isə yaxın məsafədən qapıya düşə bilmədi, daha doğrusu, Marina zərbənin qarşısını aldı. Elə bu hücumun davamında yenə qapıçı çıxışda səhv etdi, Mirabdullanın boş qapıya gedən zərbəsini Amin xətt üzərindən çıxardı. “Ağ-qaralar” daha çox hücum edir, “tələbələr” isə əks-hücuma can atırdı. Meydan sahibləri 28-ci dəqiqədə təhlükəli hücum qurdu. Düzdü, bu hücuma Tallison kobud ötürmə səhvi ilə səbəbkar oldu. Onun ötürməsini ələ keçirən Kökcü əlverişli vəziyyətdən zərbə endirmək əvəzinə Şakiri zərbə mövqeyinə çıxarmaq istədi ki, bununla da gözəl imkan qaçırıldı. 35-ci dəqiqədə “Neftçi”nin çoxgedişli kombinasiyasını Mirabdulla dəqiq zərbə ilə bitirməyə borclu idi, amma topu yaxın məsafədən qapıdan aralı vurdu. Hamı ilk yarının qolsuz bitəcəyini düşündüyü anda Diniyev kobud səhvə qol verməklə “Neftçi”yə penalti qazandırdı. Qonaqların sürətli əks-hücumu zamanı Laval cinahında İsayevin başını gicəlləndirib, cərimə meydançasına daxil olan Eminə ötürmə verdi. “Sabah”ın kapitanı isə heç bir ehtiyac olmadan “Neftçi”nin kapitanın yerə sərdi. Maraqlıdı ki, “nöqtə”yə Emin yox, Namiq yaxınlaşdı.
Gözlənildiyi kimi, Visente Qomes 2-ci hissəyə dəyişikliklə başladı. Hələ ilk yarıda zədələnən Marina yerini hücumameyilli Kubembaya verdi, belədə Şakir müdafiənin sağ cinahına çəkildi. Bu dəyişiklikdən sonra “tələbələr” nisbətən fəallaşsa da, yenə təhlükəli vəziyyətlər yaratmaq mümkün olmurdu. Əksinə, “Neftçi”nin fərqi artırmaq imkanı var idi. 57-ci dəqiqədə Lavalın zərbəsindən sonra Vilyet iki cəhddə topu tutdu. 65-ci dəqiqədə isə oyunun taleyi həll olundu. Buqrinin qapıçı ilə təkbətək çıxardığı Mirabdullanın ilk, Tallisonun 2-ci zərbəsini Vilyet dəf etsə də, müdafiəçilərin məsuliyyətsizliyi Namiqin fərqi artırmasına şərait yaratdı. Şəxsən mən Visente Qomesin yerində olsaydım, heç düşünmədən dərhal Şeydayevi meydana buraxardım. Amma ispan məşqçi daha 12 dəqiqə gözləməyi lazım bildi. Hər halda, Ramil meydana çıxandan sonra daha real qol vəziyyətləri yarandı. O, iki dəfə fərqi azaltmağa yaxın oldu. 78-ci dəqiqədəki zərbəsinin qarşısını Aqil aldısa, 89-cı dəqiqədə zərbəni hədsiz gecikdirdi və təhlükə aradan qalxdı. Bu arada daha iki təhlükəli vəziyyət izlədik. Mirabdulla təkbətəki inanılmaz şəkildə boşa verdi, Veysəlin zərbəsi tirdən döndü. Beləliklə, “Neftçi” “Sabah”ı səfərdəki 4-cü oyunda da məğlub etdi. “Tələbələr”i bu baş məşqçiyə yaxşı heç nə gözləmir.
HUŞƏNG

Gözdən qaçmadı
* Həm oyun, həm də 2-ci hissə anlaşılmaz səbəbdən bir neçə dəqiqə gecikmə ilə başladı.
* Turun başqa oyunlarında olduğu kimi, Masazırda da komandalar meydana “Qələbəni bizə yaşadanları yaşat” plakatı ilə çıxmışdı.
* Nə tökərsən aşına, o da çıxar qaşığına – bu atalar məsəli Coşqun Diniyevin hissənin sonundakı fəaliyyətinə tam uyğun gəlir. Coşqun 45+1-ci dəqiqədə Ömər Buludovun kobudluğundan sonra Şakir Seyidova üz tutaraq, “çalış ona 2-ci “sarı”nı aldır” deyəndən cəmi 2 dəqiqə sonra özü heç nədən penaltiyə səbəbkar oldu.
* 60-cı dəqiqədə “Sabah”ın kapitanı yenə diqqət mərkəzinə düşdü, özü də pis mənada. Laval zədələndiyi epizodda komanda yoldaşlarının topu meydandan çıxarmasına imkan verməyən Diniyev mərkəzdə dayanan Mirabdullanın üzərinə gedib, “lap zor edirəm” deməkdən də çəkinmədi. Ancaq sonra rəngləri hədsiz qarışdırdığını hiss edib, “Neftçi”nin qapıçısını səslədi və “Aqil, bir dənə səndən üzr istəyirəm” dedi.

Reaksiyalar
Samir Abasov: “Nə rəqibi təhlil etmişdik, nə də başqa bir şey. Bu gün koronavirusa görə elə vəziyyətdəyik ki, oyunla yox, xarakterimiz, ruhumuz ilə mübarizə aparmağa məcbur idik. Şükür Allaha, imkanlarımız da oldu. Xəstəliyə görə məşqlərdə əziyyət çəkirik. Bu gün uşaqlar bütün yaxşı keyfiyyətlərini ortaya qoymağa bacardılar. Bu gün hücumda problemlərimizin olduğunu düşünmürəm. Problemləri yavaş-yavaş aradan qaldırırıq. Heyətdəki oyunçular məni razı salır. Hələ ki heç bir mövqeyə oyunçu istəmirəm. “Qarabağ”la “Zirə”nin bugünkü nəticələrindən xəbərdaram. Açığını deyim ki, paltardəyişmə otağında hədsiz sevindik. Qış fasiləsinə lider kimi yollanmağımız mümkündü. İspan məşqçi Mario Kastelyanonun “Neftçi”dən ayrılmasına gəlincə, bura gələndə rəhbərliyə dedim ki, bir müddət işinə baxmaq istəyirəm. Açığı, “qane etmədi” deyə bilmərəm, sadəcə, fikirlərimiz üst-üstə düşmədi. Özü ilə də danışdım, məsələni izah etdim. Peşəkarlığına, insanlığına şübhə yoxdu”.
Visente Qomes: “1-ci hissə bərabər səviyyədə keçdi, sadəcə, penaltidən qol buraxdıq. 2-ci hissəyə “Neftçi” daha yaxşı başladı. Rəqibin 2-ci qolundan sonra ələ düşən fürsətlərdən yararla bilmədik. Bunu bacarsaydıq, oyun fərqli bitərdi. Cari mövsümdəki uğursuzluğun əsas səbəbi odu ki, rəqiblər bizlə müqayisədə qol vəziyyətlərindən daha yaxşı yararlanırlar. Əksər oyunlarda belə olub. Ramilin ehtiyatda qalması? Belə hesab etdim ki, bu start heyəti daha optimaldı. Ramillə bağlı problemim yoxdu. Bu gün meydana çıxandan sonra göstərdiyi oyun məni razı saldı. Tənqidlərə hörmət edirəm. Müsbət mənada tənqidləri qəbul edə bilərəm. Amma bəzən tənqidin heç bir köməyi dəymir. İspaniyada, Ukraynada olanda da mətbuatın tənqidinə fikir vermirdim. Qış fasiləsində komandanın durumunu təhlil edəcək və transferlə bağlı müəyyən qərarlar verəcəyik”.

Maraqlıdı...
Bu oyun Namiq Ələsgərov üçün yubileylə əlamətdar oldu. Yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirdi. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırdı. O, 4 klubun formasını geyib. “Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR