Sizin reklam burada

“Zirə” liderlik fürsətini əldən verdi

Müəllif: football Tarix: 23-12-2020, 16:29 132 Baxış

47. Zirə - Sumqayıt 2:2 (0:1)
1. Mateus Albino – 5,0
32. Qismət Alıyev – 5,5
12. Lazar Corceviç – 5,0
44. Dmitrios Çantakias – 5,0
2. Sərtan Taşkın – 5,5
7. Tural Bayramlı – 4,5
(21. Hacıağa Hacılı, 46) – 5,0
30. Riçard Almeyda – 5,5
10. Ağabala Ramazanov (k) – 6,0
8. İlkin Muradov - 4,5
(91. Ruslan Qurbanov, 46) – 4,0
11. Klesio Bauk – 5,0
9. Davit Volkov - 5,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
3. Ali Sisey
20. Əli Şirinov
77. Cəlal Hüseynov
27. Tamerlan Burcəliyev
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ağabala Ramazanov

13. Aydın Bayramov – 5,0
7. Tellur Mütəllimov – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
14. Elvin Bədəlov – 5,5
4. Kərəm Sultanov – 5,0
21. Adəm Həmati – 5,5
6. Vüqar Mustafayev – 5,5
17. Murad Xaçayev – 6,0
97. Xəyal Nəcəfov – 5,5
(20. Rüfət Abdullazadə, 90) – qiymətsiz
10. Rəhim Sadıxov – 5,5
(8. Səbuhi Abdullazadə, 62) – 5,0
60. Elvin Məmmədov (k) – 5,5
(9. Əli Qurbani, 74) – 5,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
37. Nicat Əliyev
29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Murad Xaçayev
Qollar: M.Xaçayev, 11 (0:1, A.Həmati). A.Ramazanov, 56 (1:1). R.Sadıxov, 57 (1:2, X.Nəcəfov). Q.Alıyev, 62 (2:2).
Vərəqələr: E.Bədəlov, 5 (qeyri-idman hərəkəti). M.Xaçayev, 55 (qeyri-idman hərəkəti). H.Hacılı, 63 (qeyri-idman hərəkəti). V.Mustafayev, 89 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
20 dekabr. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti 6,0.
Zirədə keçirilən matçın fasiləsi başa çatan vaxt artıq “Qəbələ” – Qarabağ” oyununun nəticəsi məlum idi. “Zirə” qələbə qzanacağı halda liderliyə yüksələ bilərdi ki, yəqin Rəşad Sadıqov da məhz bunu nəzərə alıb, fasilədən sonra əvəzetmə edərkən meydanda 4 forvardın olmasına qərar verdi. Çünki birinci hissədə “qartallar” üstün təsir bağışlasalar da, tablodakı hesab qəsəbə təmsilçisinin xeyrinə deyildi. Oyunu əks-hücum üzərində quran “kimyaçılar” 11-ci dəqiqədə istəyinə çatmışdı. Meydan sahiblərinin top itkisindən sonra Adəm sürətlə sağ cinahla irəliləyib cərimə meydançasına ötürmə verincə, güclü zərbəyə malik Xaçayev topu tora qovuşdurmuşdu. İlk yarıda “qartallar”ın fərqlənmək üçün imkanları olsa da, qonalar müdafiədə etibarlı oynayaraq qapını toxunulmaz saxlamağı bacarmışdı.
Fasilədə risk etməyi lazım bilən Sadıqov Turalla İlkini oyundan çıxarıb müvafiq olaraq meydana Hacıağa ilə Ruslanı buraxdı və onun bu gedişi 56-cı dəqiqədə effekt verdi. Çoxsaylı hücumların birində “kimyaçılar”ın müdafiəçiləri “Zirə”nin futbolçusuna qarşı kobud oynadı. Duran topun arxasına keçən Ağabala təxminən 23 metrdən topu “9-luğ”a sancdı. Ancaq meydan sahiblərinin sevinci uzun çəkmədi. Cəmi 1 dəqiqə sonra Xəyaldan ideal ötürmə alan Rəhim qapıçı ilə təkbətək çıxıb, onu da aldadaraq yenidən qonaqları hesabda önə çıxardı. 62-ci dəqiqədə isə Qismət bəlkə də mövsümün ən gözəl qolunu vurmaqla tarazlığı bərpa etdi. Ruslanın kornerdən qapı önünə asmasını Kərəm başı ilə uzaqlaşdırsa da, top Alıyevin üstünə gəldi və o, gəlişinə zərbə endirdi. Tirə dəyən “mərmi” “çərçivə”nin içinə düşdü. Qalan dəqiqələr meydan sahiblərinın müəyyən ərazi üstünlüyü şəraitində keçsə də, “kimyaçılar” özlərinə sərf edən hesabı qorumağı bacardılar.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Mətbuat konfransında iştirak edən hər kəsi salamlayıram. Bizi çətin oyun gözlədiyini bilirdik. Bilirsiz ki, komandamız ağır xəstəlikdən çıxıb. Bu gün hesabın necə olacağından asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən xarakter göstərdilər. Açıq deyim, heyəti qurmaqda çətinlik çəkirdik. Dünən əksər oyunçuların yaxınlaşaraq, heyətdə olmaq, meydana çıxmaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bir daha bu komanda ilə fəxr etdim. Məsələn, Rəhim Sadıxov iki məşqin ardından oyuna çıxmışdı. 3-4 futbolçumuz var idi ki, iki məşqdən sonra bu gün əsas heyətdə yer almışdı. Rəşad Sadıqov yaxşı komanda qurub, “Zirə”nin gücünü də bilirdik. Nəticəyə oynayan mübariz komandadı. Ona da uğurlar arzulayıram. Bizim işimiz çətindi. Növbəti tur “Sabah”la qarşılaşmada mübariz, əzmkar oyun sərgiləyib fasiləni gözləyəcəyik ki, kollektiv yenidən toparlansın. Bu uşaqlara inanıram. Bir daha hər kəsə bildirmək istədiyim bir şey var. Təəssüf ki, “Qəbələ” ilə matçdan sonra söylədiklərimi başqa cür anladılr. Hamı bilsin ki, biz heç bir rəqibdən çəkinməmişik və istənilən komandaya qarşı oynamağa hazırıq. Mən, sadəcə, həmin gün oyuna saatlar qalmış 4-5 futbolçumuzun hərarətinin yüksəldiyini, bu üzdən heyətə sala bilmədiyimi söyləmişdim və onu da əlavə etmişdim ki, günlər ötdükcə vəziyyət daha da pisləşir, buna qarşı tədbir görülməlidi. Zaman düz dediyimi göstərdi. Məhz həmin həftədən sonra bütün komandalarda kütləvi yoluxma oldu. Təəssüf ki, bəzi media qurumları, “Sumqayıt”ı istəməyənlər dediklərimi başqa cür yozdular. Mən mübarizə aparmaqdan qorxmuram. Qorxsaydım, hər il yenilənən “Sumqayıt”da işləməzdim. Bizi tənqid edirdilər ki, bu komanda yığmaya az oyunçu verir. Bu il bizdən çox sayda futbolçu milliyə yollanır. İndi də deyirlər ki, niyə “Sumqayıt”dan ölkənin əsas komandasına çox oyunçu dəvət olunur? Mənə maraqlıdı, bizdən nə istəyirlər? Xahiş edirəm hər kəsdən, nə olur-olsun, kimin kimlə nə prinsipi var, öz işidi, ancaq futbolçuların haqqına girməyək. Sevinməlyik ki, milliyə Aydın, Xəyal kimi yerli uşaqlar dəvət alır. Digər komandalarda da gənc oyunçular yetişir. Əl-ələ verib Azərbaycan futboluna xidmət etməliyik. “Sumqayıt” çempionatda oynamaq istəmir” kimi fikir yoxdu. Biz çempionatın davam etməsini istəyirik, ancaq bu xəstəlik çox ağırdı və demək olar, 16 futbolçumuz iki həftə məşqlərdən kənarda qaldı. Cəmi iki məşqdən sonra belə qərar verilibsə, ona hörmətlə yanaşırıq və çıxıb oynayırıq. Bəzən “24 futbolçuları var, oynamalıdılar” kimi yazılar oxuyuram. Mənə görə bu bir az ədalətli qərar olmadı. Bizdə o sayda oyunçu yoxdu. 2003-04-cü il doğumluları nəzərə alırlarsa... Belədisə, “Sabah” – “Zirə” matçını təxirə salmamalıydılar. Maşallah, hər ikisinin 30-dan çox ounçusu var. Onlar meydana çıxsaydılar, biz də məcbur olub eyni addımı atacaqdıq. Bizim “Qəbələ” ilə qarşılaşmamızı iki gün sonraya ertələməsəydilər, 6-cı gün bizdə heç bir problem olmayacaqdı. Ancaq vaxt dəyişdi, belədə mənim oyunçularım xəstələndi və yekunda məğlub olduq. Danışanda obyektiv olmaq lazımdı. Allaha şükür, bu günə kimi yalan danışmamışam. Bizə inanmadılar və gecə ilə gəlib testlərimiz yoxladılar. Eybi yox, canları sağ olsun, alnımız həmişə açıq olub. Sözümüzü demişik və deyəcəyik. Heç nədən çəkinmirəm və heç vaxt da çəkinməmişəm. Bu iş mənim üçün ikinci dərəcəlidi. Əsas məqsədim düzgün olmaq və hər şeyi olduğu kimi deməkdi. Futbolçuya görə məsuliyyət daşıyıram. Sabah onlardan birinə nəsə olsa, birinci mənə deyəcəklər ki, niyə onu meydana buraxmısan? Üç həftə idi mediadan uzaq düşmüşdüm. Barəmizdə çox yazıb-pozurdular. İnşallah, yolumuza davam edəcəyik. İnanıram ki, “Sumqayıt” tədricən özünə gələcək”.
Rəşad Sadıqov: “Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Gedişat elə idi ki, hücum etdikdə qapımızda qollar gördük. İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımi səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi. "Sumqayıt" çempionatda ən təhlükəli komandalardan biridi. Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar həmişə çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orda da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi. Bu gün iki dəfə hesabda geri düşdüyümüzü nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil. Ən azı "Sumqayıt"la xal fərqini saxladıq. "Keşlə"nin məğlub olduğunu eşitdim. Belədə 1 xal daha da dəyərli olur. Matça 4-3-3 sxemi ilə başlasaq da, ikinci hissədə 4-2-3-1 sisteminə keçdik. Çünki hesabda geridəydik. Rəqib bizi yaxşı təhlil etmişdi. Hücum etməyə imkan vermirdi. Biz də sistemi dəyişib rəqibin müdafiəsində çaşqınlıq yaratmaq istədik. Açığı, effekt də verdi. Bəzi epizodlarda Ruslan Qurbanov mövqe səhvlərinə yol verdi. Çünki öyrəşdiyi mövqe deyildi. Məcburiyyətdən onu hücumun arxasına pleymeyker kimi qoymuşdum. Əslində Ağabala Ramazanovla yaxşı rotasiyalar edirdi. Hər ikisində qol imkanları oldu. Ümumilikdə ikinci hissədən çox razı qaldım. İdarəçilik yaxşı səviyyədə oldu. Bəzən epizodlara fərqli reaksiya verirdim. Bu da oyunun gərginliyi ilə bağlı idi. Matçdan sonra yaşananlara soyuq başla baxanda hakimin həmin an düzgün qərar qəbul etdiyini görürsən”.

Gözdən qaçmadı
* 90 dəqiqə ərzində “Zirə”nin baş məşçisinin hakimlərlə “ulduzu barışmadı”. Tez-tez Rəşad Əhmədova etirazını bildirən “qartallar”ın baş məşqçisi 4-cü hakim funksiyasını yerinə yetirən Nicat İsmayıllıya da söz atmağı unutmurdu. Epizodların birində Sadıqov üzünü Nicata tutaraq “əsas hakim sənsən, yoxsa Rəşad? O gözünün qabağında baş verənə görə fitini səsləndirmədiyi halda, sən burdan ora ona deyirsən ki, qayda pozuntusu var. Vallah, futbolda belə şey yoxdu” deyib, narazılığını büruzə verdi.
* Fasilədə əvəzləndiyindən ikinci hissəni tribunadan izləmək məcburiyyətində qalan İklin Muradovun olduğu yerdən bir neçə dəfə baş hakimin qərarına etiraz bildirməsi Rəşad Sadıqovu əsəbləşdirdi. Baş məşqçi tribunaya boylanaraq, ona və yanındakılara susmağı əmr etdi.
* Hakimdən narazı qalan təkcə meydanda mübarizə aparan komandaların baş məşqçiləri və futbolçular deyildi. Vəziyyət o həddə çatmışdı ki, “Sumqayıt”ın avtobusunun sürücüsü, bütün çempionat matçlarını sakit izləyən Yavər də özündən çıxmışdı. Rəşad Əhmədovun idarəçiyindən narazı qalan Yavər biranlıq özünü saxlaya bilməyərək ”bunu aşağı yaş qruplarının çempionatına göndərmək lazımdı. Bu hakimin böyük futboldan anlayışı yoxdu” deməklə diqət mərkəzinə düşdü.
SON XƏBƏRLƏR