Sizin reklam burada

Çeferin Qətərin çox şey qazanacağını düşünür

Title

UEFA prezidenti Aleksander Çeferin DÇ-2022-yə evsahibliyi edəcək Qətər yığmasının Avropa zonası üzrə seçmə mərhələdə millimizin yer aldığı qrupdakı komandalarla yoldaşlıq görüşləri keçirməsi barədə danışıb. Yeni stadionun açılışı üçün Dohaya yollanan sloveniyalı funksioner Qətərə dəvət göndərdiklərini deyib: “Avropalılar futbolda ən yaxşıdılar. Bu səbəbdən Qətər yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki qruplardan birindəki komandalarla oynaması onlara çox şey qazandıracaq. Dünyaya futbolun bir olduğu mesajını vermək istədik. Fikrimcə, çox yaxşı fikirdi. Bu haqda bir müddət müzakirə apardıq, eyni zamanda bütün üzv assosiasiyalar buna müsbət yanaşdı. İnanıram ki, A qrupundakı komandalarla oynamaq onlara təcrübə qazandıracaq və mundial vaxtı çox köməyi dəyəcək”.
Çeferin dünya çempionatına hazırlığın yüksək səviyyədə olduğunu söyləyib: “Bu ölkədəki hazırlıq haqda çox şey eşitmişəm. Ancaq bura gələndə daha da təsirləndim. İnfrastruktur parlaqdı. Tamamlanmayan bir neçə stadionu nəzərə almasaq, Qətər sabah dünya çempionatına evsahibliyi etməyə hazırdı”.
Qeyd edək ki, Qətər seçmə mərhələnin A qrupunda yer alan Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycanla yoldaşlıq görüşləri keçirəcək. Canni de Byazinin yetirmələrinin asiyalılarla oyunları 27 mart və 14 noyabr tarixlərinə təsadüf edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.