Sizin reklam burada

Bizim ermənilər

Baxış Sayı:312

Vətən müharibəsinin ən ağrılı və heç bir insanlığa sığmayan olayları, yəqin ki, Gəncə, Bərdə və Tərtərdə mülki əhalinin vəhşi erməni terroruna məruz qalması nəticədə körpə uşaqların, qadınların, qocaların, ümumiyyətlə, günahsız, dinc sakinlərin qətlə yetirilməsi idi.
Gəncə bombalananda erməniəsilli qadının xilasedicilərimiz tərəfindən dağıntılar arasından çıxarılmasının fotosunu yəqin görmüsüz. Heyf ki mənə görə yanlışlıq edilərək həmin qadını erməni soyadlı olduğu açıqlanmışdı. Yenə də subyektiv baxışım belədi ki, birinci Qarabağ savaşından sonra Azərbaycanda yaşayan ermənilərin hamısı könüllü şəkildə erməni soyadından imtina edib.
Bəlkə səhv edirəm və həqiqətən erməni soyadı ilə yaşayanlar da var. Amma erməni soyadı ilə və ya ya belə soyadı olmadan Azərbaycanda minlərlə erməniəsilli vətəndaşın yaşaması danılmaz faktdı. Onlar hər sahədə, demək olar, hamının qohumluğunda, qonşuluğunda, dostluğunda, ən pis halda tanışları arasında var. Tanınmış erməniəsilli azərbaycanlılar da az deyil. Amma biz "Azərbaycanda 30 min erməni yaşayır" deyəndə dünya erməniləri bu faktın yalan olduğunu, Azərbaycanda bir nəfər də erməninin qalmadığını bildirirlər. Ağılları ermənidən başqa millətin yaşamadığı monoetnik Ermənistana gedib. Təəssüf ki Azərbaycanda yaşayan tanınmış ermənilər bir dəfə də çıxıb soydaşlarına "biz burdayıq, bizdə hər şey yaxşıdı, bura Ermənistan deyil ki azərbaycanlıları qovmaqla kifayətlənməyib soyqırım edələr", - deyə cavab verməyib.
Bəs Azərbaycandakı erməniəsilli tanınmışlar niyə susur?
"Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Qalinanın, Qalinanın qardaşı, Ramiz Mehdiyevin kürəkəni olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü də çox rahat hiss edirdi" - bu sözləri deputat Fəzail Ağamalı 4 ay əvvəl AMEA prezidentinin nəvəsinin qalmaqallı toyu haqda danışarkən demişdi.
Siyasi elitanın bəzi təmsilçilərinin həyat yoldaşlarının, analarının, qaynanalarının və s. erməni olması heç kimə sirr deyil.
“Gülər Əhmədovanın nənəsi erməni olub, biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq” - bu sözləri isə Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov sabiq deputat haqda demişdi.
Yeri gəlmişkən, Gülər xanımın qardaşı İlqar
Mikayıloğlu da tanınmış simasıdı. İlqar bəyi çoxları ANS-dən tanıyır. O, birinci Qarabağ savaşını videooperator kimi lentə alanlardan olub. Futbol azarkeşləri isə onu daha çox Çempionlar Liqasının şərhlərindən xatırlayır. Düzdü, bu işdə çox da rəğbət qazandığını deyə bilmərik. Asif Bağırov - Gündüz Abbaszadə - İlqar Mikayıloğlu şərhçi “üçlüy”ünün ən zəif bəndi məhz sonuncu idi. Gündüz futbol biliyi, Asif orijinal zarafatları ilə yadda qalıbsa, İlqarın nə zarafatları duzu ilə seçilirdi, nə də futbol biliyi haqda yüksək fikir söyləmək mümkündü. Altay Əliyev və ya Doktor Ziya kimi danışığı ilə də yaddaşlara həkk olunmayıb.
İlqar Mikayıloğlu futbol şərhçisindən TV aparıcısı kimi daha məşhurdu. Amma burda da xüsusi intellekti, iti zəkası, hazırcavablığı, kreativ düşüncə və natiqliq qabiliyyəti ilə fərqlənmir. Bütün bunlara - 30 ildi Mirşahin, Vahid Naxış kimi sənətkarlarla çiyin-çiyinə çalışsa da, bu işdə heç bir tərəqqiyə nail olmamasına və çox güman, öz üzərində işləməməsinə baxmayaraq, İlqar Mikayıloğlu artıq üçüncü onillikdi müxtəlif kanallarda aparıcılıq edir, ekranlardan düşmür. Amma zəif tərəflərini deyiriksə, müsbət tərəflərini də unutmamalıyıq. Daha doğrusu, tərəfini. İlqar Mikayıloğlunun yeganə müsbət tərəfi vətənpərvərliyidi ki, şəxsən mən bu keyfiyyətinə görə qalan bütün çatışmazlıqlarına göz yummağın əleyhinə deyiləm. Görünür, məhz buna görə də “Real” TV-də Mehman Rəsulov kimi istedad dura-dura, Zəfər paradını aparmaq şərəfinə məhz o layiq görülmüşdü.
Futbolumuzun aparıcı simaları arasında da erməniəsillilər var. “Vikipediya” AFFA Məşçilər Komitəsinin sədri Vaqif Sadıqovun ana tərəfdən erməni olması ilə bağlı iddiadan yazır. Sadıqov sovet dövründə "Neftçi"nin oyunçusu olub. Təəssüf ki, məşqçi kimi uğursuzluqları ilə daha çox yadda qalıb. Xüsusən də yığmanın baş məşqşçisi olduğu dönəm unudulmur. Onun nəzəriyyəni yaxşı bildiyini, amma praktikada tətbiq etməkdə çətinlik çəkdiyini deyirlər.
Sadıqovu 21 ildən çoxdu şəxsən tanıyıram, salam-kalamımız var. Çox mədəni, alicənab, intelligent adam təsiri bağışlayır. Azərbaycan futbolunda bu səviyyədə adamları çıraqla axtarsan, tapa bilməzsən.
Daha bir məşqçi Rövşən Məmmədov isə bir neçə il əvvəl yeniyetmələrdən ibarət millidə və "İnter"də (indiki "Keşlə") çalışarkən özü digər erməniəsilli azərbaycanlılara gözəl örnək göstərərək, "Futbol+" qəzetinə müsahibəsində anasının erməni olduğunu demişdi.
Mən mediada yazılan bəzi tanınmış ermənilər haqda düşüncələrimi paylaşdım. Futbolumuzda mediada adı getməyən bir çox başqa tanınmış ermənilər də var. Amma bu haqda danışıb-danışmamaq onların öz haqqıdı. Çünki valideynləri seçmirlər, ölkəni isə seçmək imkanı var. Və bu insanlar Ermənistanı yox, Azərbaycanı seçib. Ümid edirəm ki, yazıda adı çəkilənlər məndən inciməz. Yeganə məqsədim bu dövrdə Ermənistanla informasiya savaşında da qalib gəlməyimiz və haqlıykən haqsız çıxarılmamaqdı. Məhz buna görə də Azərbaycanın tanınmış erməniləri bu haqda danışmaqdan, dünyaya çar çəkməkdən utanmamalıdı. Və bu yalnız futbol və ya idman adamlarına aid deyil. Məsələn, ulduz müğənnilər Sevda və Emma Ələkbərzadənin analarının erməni olması haqda illərdi sosial mediada yazırlar. Bununla mən sevimli mügənnilərimdən olan Sevda xanımı daha az sevmirəm. Hələ "Rast"ın solisti olanda oxuduğu bəzi mahnıları indi də əzbər bilirəm. Sevda xanım çıxıb "bəli, yazılanlar həqiqətdi" desə, mən onun "Rast"da yaratdığı şedevrləri - "Qurban adına", "Dəli ceyran" və başqa unudulmaz ifalarını daha az sevməyəcəm, əksinə, ona Azərbaycanın imici üçün fədakarlıqlara hazır biri kimi rəğbətim dəfələrlə artacaq.
Tanrı millətindən asılı olmayaraq bütün azərbaycanlıları qorusun!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR