Sizin reklam burada

Frits Stuxlikin “böyük qələbəsi”

Baxış Sayı:146

2018-ci il sentyabrın 13-də “İdman” TV-dən gələn dəvət əsasında həmin telekanala yollanmışdım. Bu yerdə indikindən iraq deyim. Çünki mənim “mavi ekran”dan dediklərim kimlərinsə xoşuna gəlməyib və xeyli müddətdi ki, ekranlara gedən yollarım bağlanıb. Amma belə şeylər bizim cəmiyyətdə normaldı, odu ki, qayıdaq söhbətimizin əvvəlinə. Hə, həmin axşam “İdman” TV-nin binasına çatan kimi ordakı dostlardan maraqlı bir xəbər eşitdim. Dedilər ki, AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında Xəqani Məmmədovu Hakimlər Komitəsindən uzaqlaşdıracaqlar. Onun yerinə isə Avstriyadan yeni sədr gətirəcəklər. Bununla da AFFA-nın “əcnəbiləşdirmə” siyasəti Hakimlər Komitəsinə sirayət edəcək. Millilərin baş məşqçiləri, həkimi, AFFA-nın nəzarətində olan telekanalın baş direktoru kimi, hakimlərə də əcnəbi rəhbər təyin olunacaqdı. Xəbəri eşitdiyim dostumuz əvvəllər də mənə bu qəbildən olan “isti” və məxfi məlumatlar demişdi və sonradan onun dedikləri təsdiqini tapmışdı. Buna görə də ona inanmaqdan başqa əlacım qalmadı.
Ertəsi gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Bir qrup qalstuklu cənab assosiasiyanın sevə-sevə əməkdaşlıq etdiyi beşulduzlu otellərdən birinin təmtəraqlı zalına toplaşdılar və əvvəlcədən verilən tapşırıqlara uyğun olaraq əllərini yuxarı qaldırıb, sonra da aşağı endirdilər. Guya ki, aparılan müzakirələrdən sonra belə bir qərar ictimaiyyətə açıqlandı: “AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturunun dəyişdirilməsi qərara alınıb. Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Frits Stuxlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək və birbaşa AFFA İcraiyyə Komitəsinə tabe olacaq. Komitə rübdə bir dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub”.
Qərarı şərh etməyə, AFFA-nın əcnəbi sevgisinə don geydirməyə çalışan baş katib Elxan Məmmədov toplantıdan sonra mikrofonlar önünə keçmiş və “ütülü sözləri” bir-birinin ardınca düzmüşdü. Cənab Məmmədov əminliklə söyləmişdi ki, verdikləri qərarlar Azərbaycan hakimliyinin inkişafına böyük təkan verəcək, UEFA-nın azərbaycanlı hakimlərə etimadını artıracaq. Hələ uzun müddət əvvəl Xaqani Məmmədova düşmənlik edənlərin ağzından bu cür sözlər eşidirdik. Deyirdilər ki, UEFA-da Məmmədova hörmət qoyan yoxdu, bizim Hakimlər Komitəsinin sədri ingilis dilini bilmir. İddialara görə, elə bu səbəbdən də bizim FİFA referilərinə inanan yoxdu, UEFA onları gec-gec xatırlayır, məsul oyunlara təyinat vermir. Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin iclasından sonra dedikləri də həmin o ara söhbətlərinin rəsmi şəkildə dilə gətirilməsiydi. AFFA-nın baş katibini kimsə inandırmışdı ki, Xaqani Məmmədov gedəndən sonra komitəyə ingilis dilini yaxşı bilən, UEFA-da tanınan bir sədr gətirsə, azərbaycanlı hakimlərin də səsi Çempionlar Liqasının qrup mərhələsindən gələcək, təyinatlar bir-birinin ardınca düzüləcək, bizim gənc hakimləri elit qrupa daxil edəcəklər.
AFFA İcraiyyə Komitəsinin məlum toplantısından, yəni ki, Frits Stuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunmasından 2 il 3 aydan çox vaxt keçib. Hakimliklə bağlı hansısa müsbət dəyişiklik varmı? Yoxdu, əzizlərim, yoxdu! Bunu tam səmimiyyətim və qətiyyətim ilə deyirəm. Hakimliyimizin göz bəbəyi yerində sayır. Stuxlik yunan dostu Kiros Vassarasla əlbir olub, Ağayevi bir neçə dəfə Yunanıstan çempionatının oyunlarına göndərdi. Məlum məsələdi ki, Vassaras bu təyinatla AFFA-nın ona ödədiyi yüksək qonorarların əvəzini ödəmiş olurdu. Stuxlikin Azərbaycana gəlişində böyük rol oynayan Vassaras AFFA-nın bahalı tərəfdaşlarından biriydi. Hə, pulumuzu Vassaras yedi, Stuxlik yedi, amma hakimliyimiz inkişaf etmədi, UEFA-nın bizə göstərdiyi etimad artmadı. Əksinə, əvvəlcə yerimizdə saymağa başladıq, sonra da gerilədik. Hanı Əliyar Ağayevin açdığı cığırla irəliləyən gənc hakimlərimiz? Stuxlikin Azərbaycan hakimliyinə qazandırdığı hansısa uğur varmı?
“Hakimlərdən həmişə səhv gözləyin” deyərək, onların başının altına yastıq qoyan avstriyalı sədr son 27 aydakı ən böyük uğurunu qazanıb. Bu münasibətlə onu təbrik edirəm. Bəli, həmin uğur ondan ibarətdi ki, Stuxlik çoxdan prinsip apardığı Rəhim Həsənovu FİFA referisi adından məhrum etdi. Azərbaycanı Avropanın yaşıl meydanlarında uğurla təmsil edən hakimlərdən birini itirdik. Onun nə vecinə? Avrokuboklarda rəzil olan Azərbaycan olacaq. Arxasını Elxan Məmmədova söykəyən Stuxlik isə hələlik qazandığı bu “böyük qələbə”nin zövqünü yaşasın. Eşitdiyimizə görə, avstriyalı sədr həyatdan zövq almaq üçün hər vasitəni məqbul bilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR