Əliyar Ağayev üç oyun idarə edibAvropada bu il üçün beynəlxalq səviyyəli matçlar başa çatıb. Millətlər Liqasının, Çempionlar Liqasının, Avropa Liqasının oyunları keçirilib. UEFA-nın bayrağı altında keçirilən qarşılaşmalardan, sadəcə, AL-də İ qrupunun “Vilyarreal” – “Qarabağ” matçı baş tutmayıb. Bu duellə bağlı yekun qərarı Avropanın ali futbol qurumu verəcək. Beləliklə, artıq deyə bilərik ki, Azərbaycan hakimləri bu il beynəlxalq səviyyədə işlərinə yekun vurublar. Bəs onlar üçün mövsüm nə ilə yadda qalıb? UEFA azərbaycanlı hakimlərə lazımi qədər güvənibmi?
Bu il öncə beynəlxalq arenada fit səsləndirən Rəhim Həsənov olub. Onun rəhbəri olduğu, Zeynal Zeynalov, Namiq Hüseynov və Elçin Məsiyevdən ibarət briqada Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres” (Lüksemburq) – “Zeta” (Monteneqro) matçını idarə edib. Qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. AL-in 1-ci təsnifat mərhələsində daha bir qarşılaşmaya azərbaycanlı hakimlər briqadası təyinat alıb. Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov və Kamal Umudludan ibarət heyət “Ordabası” (Qazaxıstan) – “Botaşani” (Rumıniya) görüşünü idarə edib. Matç 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Rəhim Həsənovun bu il beynəlxalq arenada idarə etdiyi ikinci qarşılaşma 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Oktyabrın 3-də keçirilən oyunda Qazaxıstan və Monteneqro yığmaları üz-üzə gəlib. Elşad Abdullayev, Pərvin Talıbov və Elçin Məsiyevin də iştirak etdiyi dueldən qonaqlar qələbə ilə ayrılıb – 4:0.
Əliyar Ağayevin beynəlxalq arenada ilk idarə etdiyi matç Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) dueli olub. Zeynal Zeynalov və Akif Əmirlinin köməkçi, Orxan Məmmədovun 4-cü hakim olduğu qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:0. Ağayev bundan 3 həftə sonra da meydana çıxıb. Millətlər Liqasının B Liqasının 4-cü qrupunun Bolqarıstan – Uels matçı azərbaycanlı FIFA referisinə tapşırılıb. Ona Zeynal Zeynalovla Akif Əmirli kömək edibr. 0:1 hesabı ilə bitən görüşün 4-cü hakimi Rəhim Həsənov olub.
Rauf Cabbarovun il ərzində idarə etdiyi 2-ci qarşılaşma 21 yaşadək futbolçulardan ibarət millilərin Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Ukrayna – Şimali İrlandiya duelində FIFA referisinə Elşad Abdullayevlə Pərvin Talıbov kömək edib. Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 4-cü hakimi Elçin Məsiyev olub.
Beynəlxalq turnirlərdə Azərbaycanı bu il son dəfə Əliyar Ağayevin briqadası təmsil edib. Avropa Liqasının G qrupunun AEK (Yunanıstan) – “Zarya” (Ukrayna) matçına təyinat alan FIFA referisinə Zeynal Zeynalovla Alif Əmirli yardımçı olub. 0:3 hesabı ilə bitən qarşılaşmanın 4-cü hakimi funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Beləliklə, UEFA 7 matç üçün ümumilikdə 11 hakimimizin xidmətindən istifadə edib. Baş hakim olaraq ən çox Əliyar Ağayev təyinat alıb – 3 dəfə. Bu il beynəlxalq arenalarda ən çox iştirak edən köməkçi-hakim Zeynal Zeynalov olub.
Zeynal Zeynalov – 4
Əliyar Ağayev – 3
Rəhim Həsənov – 3
Akif Əmirli – 3
Pərvin Talıbov - 3
Elşad Abdullayev – 3
Elçin Məsiyev – 3
Rauf Cabbarov – 2
Orxan Məmmədov – 2
Namiq Hüseynov – 1
Kamal Umudlu – 1
Qeyd edək ki, azərbaycan hakim-inspektorların və UEFA nümayəndələrin bu il təyinat aldıqları beynəlxalq qarşılaşmalar haqda növbəti saylarımızda məlumat verəcəyik.
İLKİN SULTANLI