Sizin reklam burada

Zaur Hidayətov uğursuz zarafatın qurbanı ola bilərmiş

Baxış Sayı:171


“Beləcə gecə 10-nun yarısında səslənən fitin sirrini açmış olduq”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı hazırda “Sumqayıt-2”nin baş məşqçisi Zaur Hidayətovdu.
“15 nömrəli kazinoya gəlmişəm, indi məharətinizi göstərin”
“Neftçi”də oynadığım dönəm idi. Bizdə də bir adət var idi ki, komanda bazada qalan gün axşam yeməyindən sonra mənim otağıma toplaşıb loto oynayırdıq. Bir gün ənənəvi olaraq uşaqlar yeməkdan sonra otağa toplaşdılar. Həmişə oynayanlardan biri də Bəxtiyar Musayev idi. Ancaq nədənsə həmin gün Bəxtiyar gecikirdi. Təxminən yarım saat onu gözləyəndən sonra səbrimiz daşdı və telefonu götürüb zəng vurdum. Dəstəyi götürər-götürməz “harda qalmısan, gəl çıx da. Uşaqlar səni gözləməkdən beziblər” söylədim. Qarşı tərəf “hara gəlim” deyincə, “necə yəni hara gəlim, bilmirsən harda olmalısan? 15 nömrəli kazinoda səni gözləyirlər” cavabını verdim və “no” düyməsini basdım. Bu söhbətin üstündən heç 5 dəqiqə keçməmiş bir də gördük baş məşqçinin köməkçisi Yaşar Vahabzadə qapını açıb içəri girdi. Biz də hazır vəziyyətdəyik ki, oyuna başlayaq. Loto kartları paylanılıb, pullar ortada. Bir qalıb torbadan daş çıxarmaq. Yaşar müəllimi görüncə hamımız çaşdıq. O heç vaxt belə etməzdi, otaqları gəzmək, kimin gecə nə işlə məşğul olduğunu yoxlamaq onluq deyildi. Arada gələndə də qapını döyməmiş içəri girməzdi. İndi otaqdakı futbolçuların hamısı başını aşağı salaraq sakit dayanıb. Vahabzadə bir-bir uşaqları süzdü və “15 nömrəli kazinoya gəlmişəm, indi məharətinizi göstərin” deyib, əsəbi şəkildə əlini stola çırpdı. Sən demə, Bəxtiyarla onun telefon nömrəsini səhv salmışam. Nömrələr bir-birinə oxşadığından Musayevin əvəzinə çaşıb Yaşar müəllimə zəng vurmuşam, “kazino”ya dəvət etmişəm. Ondan sonra hər dəfə Vahabzadə məni görəndə “15 nömrəli kazino” söhbətini yada salır.
“2 ay hər gecə stolun üstünə 5 dollar qoyub öz kinolarına baxdı”
“MKT-Araz”da oynadığım vaxt Moris Mutemba ilə bir otaqda qalırdım. O da 18+ filmlərin xəstəsi idi. Hər gecə həmin filmlərin səsinə oyanır, səhər də məşqdə yuxulu olurdum. Adam sanki xəstə idi, hər gün porno filmlərə baxmasa, yata bilmirdi. Bir gün, iki gün, bir həftə, boğaza yığılmışam. Bunun gic-gic filmləri məni bezdirib. Bir gün onun DVD-sini götürdüm və gizlətdim. Yuxusuz qalmaqdan bezdiyimdəm bu addımı atmağa məcbur oldum. Bu otağa gəlib DVD-ni görməyəndə havalandı və kimin götürdüyünü soruşdu. Dedim mən götürmüşəm və qaytarmaq fikrim də yoxdu. İndi bu özünə əl qatıb. Gah yalvarır, gah da hədə-qorxu gəlir ki, DVD-ni verim. Mən də konkret bildirdim ki, artıq sənin filmlərin məni təngə gətirib, neçə gecədi normal yata bilmirəm. Bu səbəbdən də qaytarmayacam. Birdən qayıtdı ki, sənə nə versəm, onu mənə verərsən? Bir az fikirləşib “bu şərtlə qaytararam ki, hər gecə filmə baxmaq üçün mənə 5 dollar verəsən”. Bunu özüm bilərəkdən belə dedim ki, əl çəksin. Bilirəm axı çox xəsis biridi və şərtimlə razılaşmayacaq. Bir az fikirləşdi və gözləmədiyim halda “mən razı” dedi. Artıq geri çəkilməyin yeri yox idi, söz ağzımdan çıxmışdı. Bu minvalla Moris təxminən 2 ay hər gecə stolun üstünə 5 dollar qoyub, öz kinolarına baxdı.
“Arada da fiti çalırmış ki, məşq görüntüsü yaratsın”
“Karat”da oynayırdım. Çempionatda yığmanın oyunları ilə bağlı fasilə yarananda komanda təlim-məşq toplanışı üçün Buzovnaya üz tuturdu. Bir gün axşam yeməyindən sonra uşaqlarla gəzintiyə çıxdıq. Bir az gəzmişdik ki, uzaqdan fit səsini eşitdik. Özümüzə də maraqlı gəldi ki, axşam saat 10-nun yarısı bazada fit çalan kimdi? Bunu aydınlaşdırmaq üçün səs gələn tərəfə getdik və gördük ki, baş məşqçimiz Hacıbala Abdullayevdi. Müəyyən pauza ilə iki dəfə fit çalıb dayandı. Bizə qəribə gəlsə də, üstünü vurmadıq. Ertəsi yenə yeməkdən sonra gəzirdik ki, fit səsini eşitdik. Səs gələn tərəfə yaxınlaşanda gördük yenə baş məşqçi müəyyən fasilə ilə iki dəfə fitini səsləndirib, istirahətini davam etdirir. “Buna nə olub, niyə belə edir, bu fitlər kimə və yaxud nəyə hesablanıb” kimi suallar bizi gic edib. 3-cü gün yenə gəzintiyə çıxmışıq. Ancaq bu dəfə uşaqlarla öz aramızda razılaşmışıq ki, baş məşqçinin həndəvərində olaq ki, fiti kimə və yaxud nəyə çaldığını öyrənə bilək. Bir neçə dəqiqə keçmişdi ki, gördük Hacıbala müəllimin telefonuna zəng gəldi. Telefon selektorda olduğundan danışanın klub prezidenti olduğunu eşitdik. Abullayev onunla salamlaşdıqdan sonra hazırda məşqdə olduğunu bildirdi və ardınca da fitini səsləndirdi. Bir-iki kəlmə də danışıb, ikinci fiti çaldı. Sən demə, hər gün eyni saatda prezident baş məşqçiyə zəng vurub, komanda ilə maraqlanırmış. Hacıbala müəllim də onunla danışmağa həvəsli olmadığından hər gün ona deyirmiş ki, komanda məşqdədi, arada da fit çalırmış ki, məşq görüntüsü yaratsın. Beləcə gecə 10-nun yarısında səslənən fitin sirrini açmış olduq.
“Gülü dostumun xanımına almışam, şokolad uşağın, konyak da bizim”
Yenə Moris Mutembadan danışacam. “MKT-Araz” Sumqayıtda təlim-məşq toplanışında idi. Eyni otaqda qaldığımızdan bu xasiyyətini bilirdim. Bilirdim ki, qızla tanış olmaq istəyir. Ancaq qaradərili olduğundan heç kimə yaxınlaşa bilmir. Bir gün komandadakı ukraynalı legionerlə qərara gəldik ki, bununla məzələnək. Adını unutduğum ukraynalı futbolçu Morisin telefonuna zəng vurub qız səsi ilə danışmağa başladı. İncə səslə “səndən xoşum gəlir, səni görüb bəyənmişəm. İstəyirsənsə, görüşə bilərik” deyincə Mutemba dəstəyin o tərəfində dondurma kimi əridi. Özünü necə itiribsə, heç sual da vermədi ki, sən məni harda görmüsən, nömrəmi kimdən almısan? Vəziyyətin belə olduğunu görən ukraynalı “sabah parkda ağacın altındakı tək oturacağa gələrsən. Mənim qızılgüldən xoşum gəlir. Bir dəstə alsan, pis olmaz” söylədi. Ertəsi gördük ki, Moris yeməkdən sonra heç kimə heç nə demədən yığışıb harasa gedir. Soruşanda “işim var” deyib aradan çıxdı. Biz bilirik axı hara tələsir. Ukraynalı, mən və Zeynal Zeynalov saat 9-da getdik həmin oturacaq olan yerə. Kənardan baxıb görürük ki, Moris böyük gül dəstəsi ilə oturub gözləyir. Yanından keçənlər də təəccüblə buna baxırlar. Təxminən saatyarım gözləyəndən sonra ukraynalının telefonuna zəng vurdu. Yenə incə səslə ona cavab verən futbolçu “bu gün gələ bilmədim. Sabah eyni yerdə və eyni vaxtda görüşərik” deyib, ardınca da “mən şokoladı da çox sevirəm. İstəsən, sabah gələndə buketlə yanaşı, mənim üçün şokolad da gətirərsən” dedi. Sabah yenə eyni vaxtda Mutemba bu dəfə gül dəstəsi ilə yanaşı, bahalı şokolad qutusu ilə görüş yerində idi. Bu dəfə də xeyli gözləyəndən sonra öz aləmində qıza zəng vurdu. Ukraynalı bu dəfə “qardaşım evdədi, çıxa bilmirəm. Sabah növbədə olacaq, yenə həmin yerdə, həmin vaxtda görüşərik. Sənə bir söz də deyim ki, mən konyak xəstəsiyəm. Şokoladla konyakın dadına baxıb, əylənərik” deyincə Moris ”öldü”. Axşam otağa gələndə buket və şoklad qutusunun yanında artıq “Napoleon” da var idi. “Bu nədi” soruşanda “sabah Bakıdakı dostlarla görüşəcəm. Gülü dostumun xanımına almışam, şokolad uşağın, konyak da bizim” deyib öz aləmində guya məni aldatdı. Ertəsi yenə həmin yerdə Morisi gördük. Artıq bu dəfə özümüz ona yaxınlaşaraq, onunla zarafat etdiyimizi bildirdik. Əvvəlcə çox hirsləndi, bizdən küsdü, parkın içində söyüb bizdən aralandı. Bir qədər getdikdən sonra geri qayıdıb, “yaxşı, olan olub. Gəlin gedək şokoladla konyakı özümüz içək” deyib, barışıq üçün əlini bizə uzatdı.
“Bu qarışıqlıqda birdən Seymur mənə bir tərs sillə çəkdi”
1993 və ya 1994-cü il idi. U-19-la birgə Trabzona təlim-məşq toplanışına yollanmışdıq. Toplanış dönəmində komandaya istirahət verildi. Biz də bundan istifadə edib dükanlara alış-verişə çıxdıq. Gəzib-dolaşıb servislər satılan dükana girdik. Adama deyərlər ki, futbolçusuz, orda nə işiniz var? Dükanda dayanıb bahalı servislərə elə baxırrıq ki, elə bil “Ermitaj”a gəlmişik. Bizdə həmin vaxt elə qab-qaşıq nə gəzirdi?! Birdən dükanda işləyən satıcı qayıtdı ki, bahalı servislərdən biri yoxdu, yəqin siz götürmüsüz. Nə qədər and-aman eləsək də, xeyri olmadı. Mənim də yekə bir alverçi çantasına oxşayan çantam var. O biri dükanlardan aldığım paltarları ora yığmışam. Satıcı mənə çatanda “çantanı aç” dedi. Özümə güvənərək çantanı açdım və servisin orda olduğu gördüm. Sonradan bildik ki, onu ora bizimlə olan uşaqlardan kim qoyub. Guya zarafat edirmiş, ancaq çox uğursuz zarafat idi. İndi özümü itirmişəm, utandığımdam dilim söz tutmur. Özlüyümdə bu biabırçlığın altından necə çıxacağımı, atamı-anamı fikirləşirəm. O saniyələrdə bütün nəsil-nəcabətim gözümün qabağına gəldi. Satıcı da elə qışqırıb-bağırır ki, lap qorxuram. İndi “Neftçi”də baş məşqçinin köməkçisi olan Seymur Rəhimov da bizimlə idi. Bu qarışıqlıqda birdən Seymur mənə bir tərs sillə çəkdi. O yaşa qədər heç atam məni elə vurmamışdı. Üzünü satıcıya tutaraq “abi, sən narahat olma, mən bunun dərsini özüm verəcəm” deyib, guya böyük qardaşım kimi məndən əl çəkmir. Dayanmadan dükanın içində məni vurur, söyür. İndi satıcı məni onun əlindən ala bilmir. Nə isə, birtəhər ordan çıxıb otelə qayıtdıq. Seymur rola girib, dükanda o hoqqanı çıxarmasaydı, bəlkə də satıcı məni polisə verəcəkdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR