Sizin reklam burada

Təbriz Həsənovla keçmişə səyahət

Baxış Sayı:150

“Pandemiya səbəbindən başqa ölkələrdə çıxış edən oyunçularımız milliyə kömək edə bilmədilər. Bu üzdən də yerli çempionatda oynayanlara üstünlük verildi. Düşünürəm ki, italiyalı məşqçi bu mərhələ üçün artıq heyətini bəlli edib. Komandamızın heyətində yaxşı futbolçular var. Onlara şans vermək lazımdı” – bu sözləri Təbriz Həsənov qəzetimizə müsahibəsində deyib. Bizim veteran futbolçulardan olan Həsənov uzun müddət Azərbaycanın aşağı yaş qrupları üzrə millilərində baş məşqçi kimi çalışıb. 17 yaşadək futbolçulardan ibarət yığma tarixində birinci və sonuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəndə də onu Təbriz Həsənov çalışdırırdı. 2016-cı ildə Bakıda keçirilən həmin qitə çempinatı futbolumuz və futbolçularımız üçün tarixi şans idi. Təəssüf ki, bayram ab-havası elə ilk turda Portuqaliyaya 0:5 hesabıyla məğlub olmağımızla korlandı. Bu yerdə qeyd edim ki, millimiz Avropa çempionatına dişiylə-dırnağıyla vəsiqə qazanmamışdı, ev sahibi kimi həmin turnirə qatılmaq hüququ əldə etmişdi. UEFA bir növ yaxşı təşkilatçılıq qabiliyyətimizə görə, zəngin və səxavətli tərəfdaş kimi onların ümidlərini doğrultduğumuz üçün bizi mükafatlandırmışdı. Yoxsa bundan sonra 50 il də keçsəydi, qitə çempionatının final mərhələsinə vəsiqə qazana bilməzdik.
Həmin Avropa çempionatından ölkə olaraq çox şey qazana bilərdik. Sözsüz, mən maddi qazancı nəzərdə tutmuram. Azərbaycanda düz-əməlli futbol olmasa da, Bakıda futbol infrastrukturu yaxşı inkişaf etdirilib. Bu da AFFA-nın SOCAR-ın pullarından gen-bol istifadə etməyə başlamasından sonra mümkün olub. Pulları daşa-divara, süni örtüklərə xərcləyiblər, amma futbolçu yetişdirmək, gələcəyə hesablanan faydalı layihələr həyata keçirmək mümkün olmayıb. Tikilən həmin o stadionlar da bər-bəzəkli “qonaq otağı” kimi elə xaricdən gələn qonaqlara göstərilmək, bir də UEFA bayrağı altında keçirilən yarışlara evsahibliyi etmək üçün yararlıdı. Necə ki, nəhəng Bakı Olimpiya Stadionunda U-17 Avropa çempionatının açılış oyununu keçirdi və komandamız nəhəng (amma yarıboş) tribunaların vahiməsindən qorxuya düşdü. 0:5 hesablı məğlubiyyətdən sonra elə komandamızın baş məşqçisi Təbriz Həsənov da bunu etiraf etmişdi. Bildirmişdi ki, yeniyetmə futbolçular bu boyda nəhəng stadionda oynadıqları üçün “yandılar”. Mən iddia etmirəm ki, Portuqaliya ilə başqa stadionda oynasaydıq, gələcəyin çempionlarına uduzmayacaqdıq. Amma hər halda, hesab daha abırlı olardı. UEFA-nın sonradan BOS-dakı oyunların yerini dəyişməsi də dediklərimin sübutudu. 17 yaşını tamamlamış uşaqlar belə nəhəng stadionda oynamağa hazır deyildilər.
Qayıdıram Avropa çempionatından nə qazana biləcəyimizə. Həmin çempionatdan gələcəkdə bizi uğurla təmsil edə biləcək, Azərbaycan futbolunun şərəfini uca tutmağı bacaracaq milli komanda qazana bilərdik. Adi hesablamayla götürsək, görərik ki, 2016-cı ildə 17 yaşı olan futbolçunun indi 21 yaşı olmalıydı. Həmin komandanın üzvləri indi əsas milliyə ayaq açmalı, U-21 millimizi uğurdan-uğura daşımalıydı. Bu iddiam səbəbsiz deyil. Hamımız yaxşı bilirik ki, Təbriz Həsənovun çalışdırdığı komandanın üstündə AFFA necə əsirdi. Özü də həmin vaxt ölkədə futbolun da vəziyyəti yaxşı idi. Mübariz Mənsimov, Hafiz Məmmədov, Sadıq Sadıqov kimi adamlar futboldan pullarını əsirgəmir, bir-biriylə yarışa girirdilər. “Neftçi”nin aşağı yaş qruplarında xeyli uşaq futbolun sirlərini öyrənirdi, “Bakı”nın futbol akademiyası hər kəsi qürurlandırırdı, “Xəzər Lənkəran” cənub bölgəsinin istedadlarını qayğı ilə əhatə edirdi. Kövrək addımlarını atan bu akademiyaların yetirmələri də aşağı yaş qrupları üzrə komandalara dəvət alırdı. Hafiz Məmmədov “Bakı”nın akademiyasının azyaşlı futbolçularını Madridə, “Atletiko”nun düşərgəsinə göndərmişdi. Bu layihə U-17 komandasını da əhatə etməliydi. Amma sonradan AFFA U-17-nin sayılıb-seçilən üzvlərinin “Atletiko”ya göndərilməsinə dəstək vermədi.
Bununla belə, Avropa çempionatına qədər Təbriz Həsənov və komandası tez-tez beynəlxalq turnirlərə, xaricdəki təlim-məşq toplanışlarına yollanırdı. Hiss olunurdu ki, AFFA komandanın uğurlu çıxışı üçün səxavətini əsirgəmir. Bu beynəlxalq turnirlər, xaricdə keçirilən yoxlama oyunları yetişməkdə olan futbolçuların inkişafına təkan verirdi, onların yeni səviyyəyə yüksəlməsinə imkanlar açırdı. Təəssüflər olsun ki, AFFA bütün digər yaxşı işlər kimi, həmin komandanın da sonunu uğurlu gətirə bilmədi. Portuqaliyaya uduzan yeniyetmələr sonradan toparlandı, qalan iki oyunda Belçika və Şotlandiyaya uduzmadıq, 4 xal qazandıq. Hətta Şotlandiya ilə oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev şəxsən nazir Azad Rəhimovla birlikdə paltardəyişmə otağına getdi, futbolçuları qələbə münasibətiylə təbrik etdikdən sonra yaxşı bir vəd də verildi. Həmin vəd beləydi ki, bu komandanı dağıtmayacaqlar, inkişaf etməkdə olan futbolçulara dəstək göstəriləcək. Hətta belə bir iddia səslənirdi ki, yeni yaradılacaq “Səbail” bu komandanın üzvlərindən formalaşacaq, baş məşqçi də Təbriz Həsənov olacaq. Bu ideya da həyata keçmədi. Futbolçular da hərəsi bir tərəfə dağıldı. Komandanın ən yaxşılarından olan Pilağa Mehdiyev indi İstanbulda kafedə işləyir. Başqaları da onun kimi itib-batmaqdadı. Təbriz Həsənov da deyir ki, yaxşı futbolçularımız var, onlara şans vermək lazımdı. Kim verəcək o şansı, Təbriz bəy?!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR