Sizin reklam burada

“Bacoya olan sevgi məni “Yuventus”a olan sevgiyə də gətirib çıxardı”

Baxış Sayı:162


Rüstəm Əfsərli Kosovoda kiminlə mübahisə edib?
Şərhçilik kənardan göründüyü qədər asan iş deyil. Burda sıravi tamaşaçının, azarkeşin gözdən qaçırdığı, bəlkə də heç bilmədiyi çoxlu nüans var. Şərhçiləri bəzən şou-biznes nümayəndələrinə bənzədirlər. Çünki onlar tamaşaçıların hansısa oyuna, yarışa baxmasına kömək etməklə yanaşı, həm də auditoriyanı əyləndirməli, bəzən heç baxımlı olmayan qarşılaşmanı bəzəməlidlıər. Təbii ki, burda auditoriyanın səviyyəsi və maraq dairəsi də nəzərə alınır. Məsələn, elə adam var ki, çılğın şərhləri sevir, bəziləri əksinə, nisbətən sakit üslüba üstünlük verir. Belədə yenə də yük şərhçilərin üzərinə düşür.
Bəzi məqamlar ətrafında söhbətləşmək üçün “CBC Sport”da şərhçilər qrupuna rəhbərlik edən, səs tembri və futbol biliyi ilə diqqət mərkəzində olan Rüstəm Əfsərlini seçdik. Onunla müsahibənin ikinci hissəni sizlərə təqdim edirik.
(əvvəli ötən sayımızda)
- Futbol camiəsi yaxşı bilir ki, Rüstəmin İtaliya futboluna çox böyük sevgisi var. Bu məhəbbətin taixçəsi haqda danışardın...
- İtaliya futboluna sevgim 1994-cü ildən yaranıb. Yaxşı yadımdadı, 7 yaşım var idi və mənim baxdığım ilk dünya çempionatı idi. Bəlkə də kimlərəsə qəribə görünə bilər, ancaq o yaşda baxdığım mundialın bütün görüşləri yadımdadı. İtaliya sevgisi də ondan yaranıb. O millinin, xüsusilə də Roberto Baconun oyunu məni valeh etmişdi. Bu günə qədər Baco mənim sevimli futbolçum olaraq qalır. Hətta bir dəfə sosial şəbəkələrin birində “Roberto mənim gördüyüm futbolçular arasında gəlib-getmiş ən yaxşı futbolçudu” yazmışdım. Buna görə mənə çoxları narazılığını bildirdi, “Messi, Ronaldo olan yerdə o kimdi” yazanların sayı yetərincə çox idi. Ancaq bilirsiz ki, bu zövq məsələsidi, subyektiv fikirdi. İtaliya futbolunu o gündən başlayaraq yaxından izləyirəm. İnformasiya əldə etmək üçün əvvəllər daha çətin idi. “Futbol+”də İtaliya səhifəsi ən sevimli səhifəm idi. Oxucu olduğum ilk vaxtlarda əvvəlcə 8 səhifəni, Azərbaycan futboluna aid olan hissəni nöqtə-vergülünə qədər oxuyurdum, ondan sonra isə beynəlxalq aləmdən İtaliya haqda məlumat əldə edərdim. Doğrudan da, əvvəllər çətin idi. Bu qədər geniş məlumat almaq mümkün deyildi. Həftədə bir dəfə Rusiya və Türkiyə telekanallarında, arabir Azərbaycan TV-sində İtaliya çempionatının oyunlarından fraqmentlər verərdilər və ya verməzdilər. Bacoya olan sevgi məni “Yuventus”a olan sevgiyə də gətirib çıxardı. Məncə, istənilən futbol azarkeşinin hər hansı ölkəyə və yaxud komandaya məhəbbəti bir oyunçudan başlayır. 2005-ci ildə jurnalistikaya başlayandan sonra - həmin vaxt Azərbaycan televiziyasında İtaliya çempionatının bəzi oyunları yayınlanırdı - “İdman”, daha sonra bizim telekanal eksküliziv olaraq bu ölkənin çempionatının yayın hüququna yiyələndi. Belədə bu sevgi bir az da artdı, daha çox ürəkdə yer aldı. Mən İtaliya futboluna iş kimi yanaşa bilmirəm. Məsələn, çalışıram digər Avropa ölkələrinin çempionatları haqda oxuyum, məlumat əldə edim. Hansısa verilişə ekspert kimi dəvət aldığım halda məlumatım olsun. Ancaq İtaliya futbolu haqda danışanda, çalışıram Azərbaycan futbolu kimi, o ölkənin çempionatı barədə də tamaşaçıya informasiya verim. Mənim üçün ilk pillədə Azərbaycan, sonra isə İtaliya çempionatı gəlir. Ancaq onu da deyim ki, son bir-iki ildə bu hisslər bir qədər korşalıb. Ola bilsin, hərdən artıq futbolun içindəyik deyə bizlərdə bir doyma hissi var. Mənə bunu çox adam deyib. İtaliya futboluna azarkeşlik edən şəxslər, ümumiyyətlə, bu ölkə ilə bağlı olan çox şeyi sevir. Bilmirəm, bu nə qədər düzdü? Bəlkə futbol bu ölkəyə sevgini artırıb və yaxud ölkəyə olan məhəbbət futboluna da yansıyıb? Mən özüm İtaliya mədəniyyətini çox sevirəm. İtaliyada olmuşam. Mənə görə ölkəmiz və Türkiyədən sonra Avropada ən çox İtaliyada olmağı istəyərəm. Orda özümü çox rahat hiss edirəm. Bəlkə də bu dil bilgisindən, bizə bənzəmələrindən irəli gəlir - deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, italyanlar bizim kimi çox qonaqpərvər, istiqanlı, xoşməramlı xalqdı. Fikrimcə, İtaliya futbolu zövq və əyləncə üçün deyil, mənəvi hissləri təmin etmək üçündü.
- “Yuventus” azarkeşisən. “Qoca sinyora” istisna olmaqla, hansı komandanın və ya komandaların oyununu şərh etmək sənin üçün maraqlı olub?
- Tam əksini deyərdim. Mənim üçün “Yuvenstus”un oyunlarından çox başqa komandaların qarşılaşmalarını şərh etmək daha maraqlı olur. Bilmirəm, bəlkə “Yuventus” haqda hər şeyi bilirəm deyə belədi, yoxsa başqa səbəb var. Şübhəsiz, “Yuventus”un vacib oyunlarını şərh edirəm. Azarkeşlər də, şərhçi yoldaşlarım da xahiş edirlər ki, “ağ-qaralar”ın həlledici oyunlarını mən şərh edim. Bunu da deyim ki, mən şərhçiliyə Azərbaycan millisinin, klublarının oyunlarını şərh etmək üçün gəlmişəm. Həmişə bu arzu ilə yaşamışam və şükürlər olsun ki, buna da çatmışam. Mənim üçün ən maraqlı oyunlar yığmanın görüşləri və premyer-liqanın oyunları olub. Təbii ki, ölkə kubokunu da unutmaq olmaz. Mənim üçün bundan maraqlısı yoxdu. Ola bilər “Yuventus”un hansısa matçını ürəksiz şərh edim, baxmayaraq ki, sevdiyim klubdu. Ancaq bizim çempionatın ən maraqsız görüşünü belə o komandanın ən maraqlı qarşılaşmasına dəyişmərəm. Bəli, efirə çıxanda məcbursan ki, peşəkarlığı qoruyasan, tamaşaçıya nəyisə büruzə verməyəsən. Yeganə Azərbaycan çempionatının oyunlarıdı ki, hər şeyi ürəkdən edirəm.
- “CBC Sport”da şərhçilər üçün “qırmızı xətt”, müəyyən çərçivə var?
- “CBC Sport”da, ümumiyyətlə, çərçivə anlayışı yoxdu. “Qırmızı xətt” isə var. Bu xətt nə deməkdi? Hər bir Azərbaycan vətəndaşı kimi dövlətçiliyin, ondan başqa idman kanalı olduğumuz üçün ölkə idmanının mənafeyini qorumaq. Bu bizim üçün “qırmızı xətt”di. Nə qədər pafoslu səslənsə də, olanı deməliyəm: dövlətimizə və dövlətçiliyimizə, xalqımıza xidmət edirik. Daha bir “qımızı xətt” isə təhqir, jurnalistika prinsiplərinə hayqırı və bu kimi məsələlərə yol verməməkdi. Nədi bu jurnalistika prinsipləri? Təhqirə, şər-böhtana “CBC Sport” telekanlında yer yoxdu və olmayacaq da. Dəqiqləşdidirilməmiş məlumatların paylaşılması, jurnalist etikasına zidd olan hərəkətlər, ifadələr və sair olmamalıdı. Mənə elə gəlir, bu istənilən mətbu orqana və telekanala şamil olunmalıdı. O ki qaldı sənin vurğuladığın məqama, klubların, şəxlərin tənqid olunub-olunmamasına, hər şeydən əvvəl onu deməliyəm ki, Azərbaycanda senzura rəsmi şəkildə ləğv olunub. Və bizim ölkədə hansısa jurnalisti senzuraya məcbur etmək yolverilməzdi. Hər kəs təhqirə yol vermədən öz fikirlərini “CBC Sport” telekanalında ifadə edə bilir və edir də. Dəfələrlə bizim telekanalda canlı yayında bütün qurumlar tənqid olunub. Dəfələrlə milli komanda, klublar, ayrı-ayrı şəxslərin ünvanına “xoş sözlər” səsləndirilib. Ancaq heç vaxt bizi buna görə qınayan, “niyə belə deyildi” şəklində ittiham edən edən olmayıb. Düzünü desəm, bəzən sosial şəbəkələrdə bu yöndə fikirlərə rast gələndə təəccüblənir və təəssüflənirəm. Bugünkü görülən işin üstündən xətt çəkmək kimi olmasa da, ən azı kölgə salmaq kimi görünür. Heç istəməzdim ki, işimizə kimlərsə ləkə salsın. Bir daha deyirəm, şərhçilərimizə efir vaxtı hansısa çərçivə qoyulmur, hər kəs doğru bildiyini səsləndirə bilər.
- Efir vaxtı başına gələn maraqlı olay...
- Bizdə belə maraqlı olaylar çox olub. İndi bir-bir onları yada salmaq mənim üçün çətindi. Kosovo ilə məlum oyunu, çətin ki, azərbaycanlı futbolsevərlər yadından çıxarsın. Bilirsiz ki, Priştinada keçirilən oyundan əvvəl Azərbaycan himni fitə basılmışdı. Mən də həmin görüşü stadiondan canlı şərh etməliydim. Təsəvvür edirsiz ki, mən bunu eşitməmişəm. Fasilədə “feysbuk”a daxil olanda tamaşaçıların yazdıqlarından bilmişəm ki, belə hörmətsizlik olub. Mən bir tərəfə, heç telekanalın rəhbəri, həmin səfərdə birlikdə olduğumuz Volkan Üst də himnə hörmətsizlik edildiyini duymayıb. Həmin vaxt biz kosovolu texniki əməkdaşla mübahisə edirdik. Mən canlı yayındayam, o isə qarşımdakı avadanlığı qurdalayır. Bir neçə dəfə canlı yayında olduğumu bildirdim və əlavə etdim ki, mənə mane olursan. Hər dəfə də mikrofonu söndürüb bununla danışıram. Bədbəxlikdən bu adam da öz dilindən başqa heç bir dili bilmir. Nə türkcə, nə ingiliscə, nə də rusca danışır. Yeri gəlmişkən, Kosovoda türkcə bilənlərin sayı yetərincədi. Arsenalımızda olan bütün dillərdən istifadə etdik, ancaq çifayda. Buna efirdə olduğumu başa salınca himnlər səsləndirildi. Biz də bu səbəbdən eşitmədik. Kim istəsə, “yutub” kanalında bunu izləyə bilər. Reportajın əvvəlində mən bəzən danışıram, bəzən səsim eşidilmir. Həmin an çox əsəbləşmişdim. İndi bəzən həmin anı yada salanda təbəssümlə qarşılayıram. Burdan ora gedəsən və bizim himni fitə basdıqlarını fasilədə biləsən, bu, qeyri-adi olaydı.
- “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun məlum statusla bağlı başına gələnlərdən sonra “mən ədalət yerini tapmayınca UEFA-nın bayrağı altında keçirilən oyunları şərh etməyəcəm” açıqlamasını verdin. Şər deməsən, xeyir gəlməz. Qitə futbol qurumu Nurlana qarşı ədalətsiz davransa və futboldan uzaqlaşdırsa, belə çıxır ki, Əfsərlinin səsini Çempionlar Liqasında, Avropa və Millətlər Liqasında eşitməyəcəyik...
- Gəldik zurnanın son dəliyinə. Açığı, bu haqda çox danışmaq istəmirəm, bütün fikirlərimi “CBC Sport”un efirində söyləmişəm. Sadəcə, onu demək istəyirəm ki, bu məsələdə müəyyən anlaşılmazlıq var. Kim istəsə, həmin gün efirə çıxan proqrama baxa bilər. Mən orda Nurlanın yazdıqlarına haqq qazandırmamışam, sadəcə, UEFA-nın belə hal üçün həddən artıq ağır sanksiya qəbul etdiyini düşünürəm. Onda da bu fikirdəydim, indi də mövqeyim dəyişməyib. İnanıram ki, qitə futbol qurumu ədaləti bərpa edəcək. Həm “Qarabağ”a verilən 100 min avroluq, həm də Nurlan İbrahimova verilən cəza yumşaldılacaq, yüngüldəşdiriləcək. Bunu necə edəcəklər, özləri bilərlər. UEFA-nın müdriklik göstərəcəyinə inanmaq istəyirəm. O ki qaldı sualın son bölümünə, bu bir etiraz forması idi. Nəzərə almaq lazımdı ki, mən şərhçiyəm, həyatım bununla bağlıdı. Sonrakı prosesləri rəhbərliyimlə müzakirə edəcəm. Çünki indiki halda ən önəmli məqam rəhbərliyimin qarşımda qoyduğu tələblər və onların mövqeyidi. Fürsətdən istifadə edib şərhçimiz Süleyman Vəliyevlə də bağlı fikir bildirmək istəyirəm. Vətən müharibəsi başladığı ilk gündən cəbhədə idi. Zəfərlə bitən savaşın son gününə qədər Süleyman döyüş gedən bölgədə olub. Təbii ki, məlum səbəbdən onun harda olduğunu və nədən keçdiyini deyə bilmərəm. Ancaq sağ-salamatdı və onun, Mahal Məmmədovun, ön cəbhədə olan digər idman jurnalistlərimizin yolunu gözləyirik. Eşq olsun Azərbaycan ordusuna, Azərbaycan xalqına. Əlbəttə, möhtəşəm bir qələbədi. Ruhumuz cuşa gəldi bu qələbə ilə. Və telekanal olaraq, Süleymanın simasında azərbaycanlı şərhçilərin də bu qələbəyə töhfəsi dəydiyinə görə xoşbəxtik.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR