Sizin reklam burada

Ümid verməyən il…

Baxış Sayı:445

Dekabrın 20-si və 24-də keçiriləcək oyunlarla daha bir futbol ilinə son qoyacağıq. Təbii ki, burda “futbol ili” ifadəsi şərti xarakter daşıyır. Əvvəldən axıra qədər qapanmalar, sərt karantin tədbirləri ilə müşayiət olunan il nə futbol, nə də həyatın başqa gözəllikləri mənasında könlümüzü oxşadı. 2020-ni yalnız ona görə sevmək mümkündü ki, uzun aradan sonra işğal altındakı torpaqlarımıza qovuşa, bu utancı, ləkəni üzərimizdən ata, ailə-uşağın yanında başıuca dayana bildik. Düzdü, rus-erməni alyansı yenə Qarabağda hər cür hoqqabazlıqla məşğuldu, amma bütün bunlar bizi zərrəcə qorxuda bilməz. Dəmir yumruq bir dəfə qalxdısa, ikinci dəfə də qalxar!
Qarabağla bağlı nə qədər nikbiniksə, futbolla bağlı o qədər bədbinik. Ölkə klublarında koronavirusa kütləvi yoluxma, bu günə qədər də problemin həllini tapmaması qorxunc məqamdı. Mənə elə gəlir ki, Avropanın heç bir başqa ölkəsinin futbolunda koronavirus bu qədər geniş yayılmadı, heç yerdə bu qədər adamı “ağuşuna almadı”. Dünyasını dəyişənlərlə bağlı vəziyyət aydındı, yaşlıların orqanizmi bu xəstəliklə tam effektiv şəkildə mübarizə aparmağa imkan vermir. Amma koronovirusun klublarda bu qədər geniş yayılması peşəkarlıqla bağlı ciddi problemin olduğuna daha bir sübutdu. Qəzetimizin ötən saylarında bu mövzuya toxunmuşuq deyə, detallara varmaq istəmirəm. Sadəcə, bir məqam dəqiqdi ki, peşəkarlıq olan yerdə xəstəlik futbolçuların canına belə asanlıqla hopmamalıydı.
Azərbaycan futbolunun 2020-si, demək olar ki, azarkeşsiz keçdi. Söhbət həm ölkədaxili yarışlardan, həm də yığmaların və klubların beynəlxalq oyunlarından gedir. UEFA sağ olmasın, yığmalara və “Qarabağ”a mühacir həyatı yaşatmaqla bizi geriyə - 90-cı illərin ortalarına qaytardı. Oyunlar bitəndən sonra isə qadağanı aradan qaldırdı. Guya yaxşılıq etdi, amma bu, yaxşılıq yox, pislik idi. Əminəm ki, “Qarabağ”ın nəticələrinin belə bərbad alınmasında ev oyunlarını neytral meydanda keçirmək də böyük rol oynadı. Çünki stadiona azarkeş buraxılmasa belə, ev oyunu elə ev oyunudu.
Əsas yığmadan tutmuş bütün aşağı yaş qruplarına qədər nəticə mənasında ürəkaçan heç nə yoxdu. Arabir futbolun hansısa elementini, məsələn, müdafiə olunmağı öyrənirik, amma hücum etmək yaddan çıxır. Və ya U-21 bir oyunda yaxşı təsir bağışlayırsa, növbəti oyunda aşkar autsayderə uduzur. Özü də əsas yığma ilə U-21-in çalışdırıcısı əcnəbidi, yəni onları bu məntiqlə gətirmişik ki, bizimkilərə nəsə öyrətsinlər. Nədənsə mənə elə gəlir ki, Canni De Byazi artıq bəzi həqiqətləri özü üçün üzə çıxarıb, aydınlaşdırıb, sadəcə, “bu futbolçular Avropa çempionatına apardığım albanlardan zəif deyil” kimi gəlişigözəl, amma reallıqdan uzaq ifadələr işlətməklə bizim uşaqlara qeyri-adi motivasiya verməyə, ruhlandırmağa çalışır. Digər tərəfdən koronavirusun hələ uzun müddət çəkilməyəcəyini, deməli, ölkə futboluna damğa vuracağını da nəzərə alsaq, italyan mütəxəssisin işinə birmənalı qiymət vermək çətindi. Düzünə qalsa, Milan Obradoviçə inamım daha böyükdü. İndiki U-21 yetərincə maraqlı oyun göstərir və ayrı-ayrı oyunlarda müəyyən xırda detallara fikir versəydi, yetərincə çox xal toplaya bilərdi. Bu mənada Obradoviçin müqavilə müddətinin uzadılması - özü də maraqlıdı ki, daha aşağı şərtlərlə işbirliyinə davam qərarı verilib - bu mütəxəssis üçün özünəməxsus avansdı. Serb avansı doğrultmalı, növbəti seçmə mərhələdə daha iddialı nəticələr göstərməlidi.
Bütün bu bədbin notların fonunda işıqlı nöqtə tapmaq, oxucunun diqqətini ona yönəltmək istəyirəm. Amma heç cür alınmır. Çünki boğazdan yuxarı deyilən sözlər, pafos olacaq. İlin futbolçusu adına namizəd göstərməyə 10 ad tapa bilmiriksə, nədən danışmaq olar? İndi yalnız ümidin, quruca ümidin ətəyindən yapışmağa məcburuq. Ki, 2021 ölkəmiz, futbolumuz üçün 2020 ilə müqayisədə daha uğurlu, daha məhsuldar olsun, nəticələr yaxşılaşsın, koronavirus rədd olub getsin, yığmaların və klubların beynəlxalq oyunlarından ləzzət alaq və s. və i.a. Kəsəsi, nə olur-olsun, təki ümidimiz ölməsin!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR