Sizin reklam burada

Yığmanın çalışdırıcısı atasını və bacısını itirdi

Title

17 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi Zamir Həsənov ağır itkiylə üzləşib. 36 yaşlı mütəxəssinin atası və bacısı koronavirus xəstələyindən vəfat edib. Həsənov bu haqda "feysbuk" səhifəsində məlumat verib: "Bu acımasız xəstəlik COVID-19-la bağlı bəzi ağrılı-acılı yazı yazmağı özümə borc bildim. Noyabrın 19-da özümdə test nəticələri pozitiv çıxdığından 14 günlük karantinə qapanmağa məcbur oldum. Mənimlə, demək olar, eyni vaxtda atam, 40 ildən çox pedaqoji əməyi olan, şəxsən özümün də müəllimim, yaxın dost hesab etdiyim Mənsur müəllim, ardınca bacım, ömrünün 43-cü yaşında atamın adaşı sayıla biləcək Mənsurə bu amansız xəstəliyə yaxalandılar. Vəziyyət gündən-günə ağırlaşdığından, hər üçümüz xəstəxana şəraitində müalicə almalı olduq. Noyabrın 25-də atamın vəziyyəti anidən ağırlaşdı və haqqın dərgahına qovuşaraq dünyasını dəyişdi. Mənə ən çox əzab verən bundan iki gün sonra xəbər tutmağımdı. Təəssüf ki, son mənzilə atamı çiyinlərimdə yola sala bilmədim. Ən çətini isə bacım da bu bəladan mübarizə apardığına görə acımızı tam yaşaya bilmirdik ki, bircə xəbəri olmasın, həyat mübarizəsini apara bilsin. Təəəsüf ki, o da dekabrın 8-də dərdimizin üzərinə dərd gətirdi. Atamızı bu dünyada olduğu kimi, o dünyada da çox tək buraxmadı, o da bu həyatdan köçdü. Cəmi 13 gün aralıqla çox doğma adamlarımı itirdim. Belə uzun, təfərrüatı ilə yazmaqda məqsədim ətrafımda bu xəstəliyi hələ də ciddiyə almayanların olmasıdı. Xəstəxananın çölündə içəri düşmək üçün yalvaranları gördüyümdən, içəridə isə kömək üçün yalvarıcı baxışlarla həkimlərə zillənən gözləri hələ də unuda bilməməyimdən xahiş edirəm, qoruyun özünüzü. Qapınızdan içəri girməmiş ciddiyə alın bu bəlanı".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.