Sizin reklam burada

Divizionun qəhrəmanları

Baxış Sayı:118

Dostumuz, həmkarımız Rəşad Qasımov qəzetimizin ötən saylarının birində maraqlı bir məqama toxunmuşdu. Dəyərli həmkarımız haqlı olaraq sual vermişdi ki, nə üçün premyer-liqanı cənginə alan koronavirus bəlası birinci divizionda öz fəsadlarını göstərmir?! Elita klubları qısa müddət ərzində qorxulu virusa yenik düşdü, baş məşqçilər meydana buraxmağa futbolçu tapmadılar. Nəticəsi də o oldu ki, AFFA nın “ağsaqqallığı” ilə klub nümayəndələri bir araya gəlib, videokonfrans keçirdilər. İki gün, iki gecə davam edən müzakirələrdən sonra məsuliyyəti PFL-in üzərinə atdılar. Bunun arxasında da nəyin dayandığını hamımız gözəl başa düşürük. Allah göstərməsin, sabah hansısa xoşagəlməz hal yaşansa, kiminsə vəziyyəti ağırlaşsa, desinlər ki, biz çempionatı saxlamaq istəyirdik, amma PFL icazə vermədi. AFFA-nın, konkret Elxan Məmmədovun belə anlarda yaxasını necə ustalıqla kənara çəkməsini hamımız çox görmüşük. Milli komandayla “Avropa turnesi”nə getməyən Elxan bəy qəfil İstanbulda peyda olmuş, Türkiyə Futbol Federasiyasının rəsmiləriylə görüşlər keçirmişdi. Ötən yazılarımın birində bu məqamlara toxunmuşam, siz də bu incəliklərdən xəbərdarsız. Eyni zamanda da PFL-in cəsarətli mövqeyini alqışlamış, premyer-liqanın davam etdirilməsini cəsarətli və doğru qərar kimi qiymətləndirmişdim.
Məlum məsələdi ki, PFL ağlaşma quran klubların mövqeyini nəzərə alıb, premyer-liqanın qış fasiləsinə qədər olan üç turunu yaza qədər təxirə salsaydı, bu həm ölkəmizin, həm də futbolumuzun imicinə ciddi zərbə vuracaqdı. Avropalılar bizə baxıb gülərdilər. Deyərdilər ki, yayda qitə birinciliyinin final mərhələsini keçirməyə iddia edirsiz, amma özünüz 8 komandanın iştirakı ilə rəqabətsiz bir çempionatı keçirib başa çıxa bilmirsiz. Bu mənada PFL öz qətiyyətli mövqeyi ilə bizi böyük biabırçılıqdan xilas etmiş oldu. Ümid Riad Rəfiyevlə Ayxan Abbasova qalsaydı, indi hamımız ağlaşma qurub oturmuşduq, yenə də qonşularımızın yanında aciz bəndələr kimi başımızı aşağı dikmişdik. Heç kimə sirr deyil ki, premyer-liqa klublarının düşərgəsində vəziyyətin belə acınacaqlı səviyyəyə çatmasında əsas rolu millinin Avropa səyahəti böyük rol oynadı. Kimsə məsuliyyətsizlik etdi, qaydaları vecinə almadı. Ondan sonra da əvvəl özünü, sonra da ətrafındakıları, yəni milli komandanın düşərgəsində olan futbolçuları yoluxdurdu. Cəzasını da bütün Azərbaycan futbolu çəkdi.
Məsuliyyətsizlərin sırası təkcə həmin o yoluxduranla məhdudlaşmır. Hadisələrin sonrakı axarı göstərdi ki, AFFA və klub rəhbərləri, xüsusilə də həkimlər koronavirusa dirnaqarası yanaşıblar, təhlükənin böyüməməsi üçün heç bir tədbir görülməyib. Millinin düşərgəsində ilk qığılcımlar başlayanda ehtiyat tədbirlər görmək, izolyasiyaya başlamaq vacib idi. Bakıya gəldikdən sonra mütləq karantin tətbiq edilməliydi. Səfərdən gələnlərin klubların düşərgəsindəki sağlam futbolçulara qaynayıb-qarışmasını əngəlləmək isə koronavirusun yayılmasını əngəlləyəcəkdi. Maraqlıdı ki, işi-gücü başqalarına ağıl öyrətmək olan, özünü tayı-bərabəri olmayan həkim kimi aparan, AFFA-nın əl üstündə Ukraynadan Azərbaycana gətirdiyi Vyaçeslav Xomenko nə üçün bunu unudub? İndi ən ucqar kənddəki həkim belə koronavirusla mübarizə aparmağın “qızıl qaydalarını” öyrənib və bu sadə qaydaları tətbiq etmək elə də ciddi məsrəf, yaxud da əziyyət tələb etmir. Nə sirri-xudadısa, karantin tədbirləri, futbolçuların izolyasiya edilməsi çox hörmətli Xomenkonun və AFFA rəhbərliyinin ağlına gəlməyib. Bunun da fəsadlarını sonradan bütün Azərbaycan futbolu çəkdi.
Amma günahı təkcə Xomenkonun və ya AFFA-nın üzərinə atmaq olmaz. Acınacaqlı mənzərə ilə üz-üzə qalmağımızda klubların həkimlərinin də “ayı xidməti” var. Millinin həkimi, AFFA unutmuşdu, bəs onlara nə olmuşdu? Niyə onların ağlına gəlmədi ki, səfərdən gələn futbolçuları müəyyən müddət burda qalanlardan uzaq tutsunlar, kütləvi yoluxmanın qarşısını alsınlar? Nəyi qoyub, nəyi axtarıram. “Keşlə”nin bu xəstəliyə necə dırnaqarası yanaşdığını da bugünlərdə gördük. Qəzetimizə açıqlama verən vəkil Mehman Muradlı da, həkim Rəhim Məhərrəmov da “Keşlə”nin futbolçusu Vüsal İsgəndərlinin tez-tələsik meydana çıxmasının, 14 günlük karantin müddətini başa vurmadan kollektivə qoşulmasının qanun pozuntusu olduğunu bildirmişdilər. Özü də bu cür laqeydlik təkcə qaydaları pozmur, həm də başqalarının sağlamlığı üçün təhlükə yaradır. Çox təəssüf ki, günümüzdə yetkin insanlardan, öz işinin peşəkarı hesab edilən səlahiyyət sahiblərindən belə hərəkətlər görürük.
Bütün bu gərgin günlərin, cansıxıcı hadisələrin fonunda sevindirici bir məqam da oldu. Rəşadın yazısında vurğulandığı kimi, həmin məqam divizion klublarının xəstəliklə sona qədər döyüşməsidi. Premyer-liqa dayandırıldı, amma divizionun futbolçuları çətinlikdən, xəstəlikdən qorxmadılar. Obrazlı desək, Azərbaycan futbolunun şərəfini qorumağı, futbolu yaşatmağı bacardılar. Hər birinə ürəkdən minnətdarıq. Qoy bu qəhrəmanlar koronavirus adlı bəladan sona qədər uzaq olsunlar, Azərbaycan futbolu üçün fədakarlıq etməyə davam etsinlər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR