Zaur Hacı-Məhərrəmov: “Sadəcə, biz bu işləri reklam etmək niyyətində deyilik”Azərbaycanın futzal üzrə 17 və 19 yaşlılardan ibarət yığmasının şərəfini qorumuş, yüksək liqada çıxış edən “Marafon”un formasını geymış Kənan Əsədli Vətən müharibəsində yaralanıb. Bununla bağlı həmkarımız Araz Əhmədov sosial şəbəkədə paylaşım edib: “19 yaşlı Kənan haqq savaşımızda ön cəbhədə olub, qəhrəmancasına vuruşub və ağır xəsarətlər alaraq yaralanıb. Bir aydan artıqdı hospitalda olan ölkəmizin ən perspektivli oyunçularından biri Futzal Federasiyasının laqeyd münasibətilə üzləşib. Çox böyük təəssüflə qeyd etmək istəyirəm ki, kasıb ailənin övladı olan Əsədlini yada salan, xatırlayan, maraqlanan, kömək etmək istəyən bir nəfər belə federasiya rəsmisi tapılmayıb. Möhkəm ol, Kənan. Biz yanındayıq”.
Qazilərimizə yardım etmək, onların ehtiyacını qarşılamaq hamının borcudu. Futzal Federasiyasının rəhbərliyinin cəbhədə yaralanmış futzalçıya biganə münasibəti isə heç də yaxşı hal deyil. Məhz Kənan kimi oğulların sayəsində ordumuz ikinci Qarabağ savaşından qalib ayrıldı, noyabrın 10-da Bakıda Zəfər paradı təşkil olundu.
Araz bəyin yazdıqlarına münasibət öyrənmək üçün AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmovu aradıq. Və məlum oldu ki, Futzal Federasiyasının rəhbərliyi qazi futzalçının taleyinə heç də laqeyd qalmayıb: “AFFA, federasiya rəhbərliyi ilk gündən Kənan Əsədlini diqqət mərkəzində saxlayıb. Özü, atası ilə əlaqə yaratmışıq, daim durumu ilə maraqlanmışıq. Sadəcə, biz bu işləri reklam etmək niyyətində deyilik. Onunla maraqlanmaq, yardım etmək bizim borcumuzdu. Bilirsiz ki, bu gün koronavirus səbəbindən nəinki hərbi hospitala, ümumiyyətlə, heç bir xəstəxanaya girişə icazə verilmir. Allah qoysa, hospitaldan çıxıb evinə dönəndə yanına gedəcəyik. Necə lazımdısa, yardım olunacaq, ehtiyaclarını qarşılayacağıq. Bununla bağlı atası ilə söhbətimiz olub. Yaxşı olardı ki, belə həssas məsələlərlə bağlı paylaşım etməmiş bizimlə də əlaqə saxlayardılar, fikrimizi öyrənərdilər. Qazimizə kömək etmək hamımızın borcudu”.
RƏŞAD