Yoluxanlar sağalır, yeni yoluxma yoxduKoronavirus sərt caynağını ölkə futboluna tuşlayıb. Dünən futbolumuzun veteranlarından Elbrus Abbasov dünyasını dəyişdi, Qəhrəman Əliyevin sağlıq durumu yerində deyil. Bildiyiniz kimi, ölkə çempionatında çıxış edən futbolçular arasında da koronavirusa yoluxanlar çoxdu. Düzdü, dekabrın 20-də çempionat bərpa olunacaq. Bəs görəsən, klublarda bu baxımdan vəziyyət necədi?
Sevindirici haldı ki, artıq iki klubda – “Qəbələ” və “Zirə”də aktiv xəstə yoxdu. Bu klublarda koronavirusa yoluxan bütün futbolçular sağalıb. “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Murad Axundovun dediyinə görə, komanda üzvləri bu gün yenidən testdən keçəcək. Koronavirusa yoluxan əksər futbolçular sağalıb. Son testə qədər komandada üç aktiv xəstə olub. Con Kamara, Turan Vəlizadə və Miyusko Boyoviç koronavirusdan sağalmayıb. “Sabah”da da karantin müddəti davam edən futbolçular var. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirir ki, hazırda 4 futbolçunun müalicəsi davam edir: “Bizdə son oyunlardan öncə test nəticəsi pozitiv çıxan futbolçulardan Yevgeni Koçuk, Kevin Kubemba, Xulio Sezar Rodriges və Coşqun Diniyevin sonradan verdiyi testin nəticəsi neqativ olub. Nəticəsi pozitiv olan Ozan Can Kökçü, Məhəmməd Mirzəbəyov, Slavik Alxasov və Nikola Vuyadinoviç isə hələ ki təkrar test verməyib”.
“Sumqayıt”da da aktiv xəstələr var. Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, son testlərdə 6 nəfərin nəticəsi neqativ olub, amma 10 aktiv xəstə var və onların müalicəsi davam edir. “Səbail”də də vəziyyət yaxşıdı. Baş məşqçi Aftandil Hacıyevin sözlərinə görə, komandada ilk koronavirusa yoluxan şəxslər artıq sağalıb. Hazırda komandada bir koronavirus xəstəsi var – Orxan Qurbanov. Son günlərdə komandada koronavirusa yoluxan olmayıb.
Bəs ölkə futbolunun nəhənglərində vəziyyət necədi? “Neftçi”nin bir neçə futbolçusu və məşqçisi koronavirusdan sağalıb. Klub televiziyasının yaydığı xəbərə görə, baş məşqçi Samir Abasov və onun köməkçilərindən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan isə Voyislav Stankoviç, Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Asim Əlizadənin təkrar testlərinin cavabı neqativ olub. Sabir Buqrin, Kamran İbrahimov, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir.
“Qarabağ”da da vəziyyət sabitləşməkdədi. Qəzetimizin ötən saylarından birində baş məşqçi Qurban Qurbanovun növbəti testinin mənfi nəticələndiyini xəbər vermişdik. Koronavirusa yoluxanlardan Abbas Hüseynov hələ də İstanbuldadı. Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emreli özünütəcrid qaydalarına əməl edir. Son günlər düşərgədə koronavirusa yoluxan olmayıb.
AYGÜL