“Bunu iddia edənlər başqa xülyalarla yaşayırlar”Ölkə futbolu koronavirus pandemiyasına görə çətin günlərini yaşayır. Premyer-liqa klublarından təkcə “Zirə”də COVID-19-a yoluxan yoxdu. Qalan 7 komandanın futbolçuları, məşqçiləri pandemiyadan əziyyət çəkirlər. Bu problemlə üzləşənlərdən biri də “Neftçi”di. Flaqmanın heyətində bu günə kimi Anton Krivotsyuk, Mirabdulla Abbasov, Emin Mahmudov, Vəfadar Quliyev (məşqçi), Cabir Əmirli, Prins İbarra, Mərt Çelik, Mamadu Mboc, Voyislav Stankoviç, Fəhmin Muradbəyli və Samir Abbasov koronavirusa yoluxmuşdular. Hazırda onların çoxu sağalıb. Qalanları isə müalicə alır.
Komandadakı ümumi vəziyyəti öyrənmək üçün baş məqşçi Samir Abasovla əlaqə saxladıq. 42 yaşlı çalışdırıcı ilə premyer-liqanın davam etdirilməsi, qərarın “Neftçi”yə mümkün təsiri və flaqmanın indiki durumu haqda söhbətləşdik.
- Samir bəy, özünüzü necə hiss edirsiz?- Yaxşıyam. Salamatlıqdı. Tam sağalmaq üzrəyəm.
- Yəqin xəbəriniz var. Bu gün premyer-liqa ilə bağlı qərar qəbul edildi.- Bəli. Gələn həftə matçlar keçiriləcək. Bunun üçün hazırlaşırıq. Görək testlərin nəticəsi necə olacaq. Ümid edirəm ki, heç kimdə nəticə müsbət olmaz. Çünki komandada kimdəsə virusa aşkarlanması həm itkidi, həm də yoluxmanın artmasına səbəb ola bilər. Ümid edək ki, hər şey yaxşı olacaq.
- Qərarın “Neftçi”yə hansı təsiri olacaq?- Burda iki ehtimal var. Ya müsbət, ya da mənfi təsiri olacaq. Ümid edirik ki, pandemiyadan əziyyət çəkənlər sağlam olacaqlar. İstərdik ki, hamının nəticəsi neqativ olsun. Onda rahat şəkildə oyunlara hazırlaşa bilərik. Çünki yoluxmanın olmayacağına əmin olarıq. Bir nəfərdə belə testin nəticəsinin müsbət olması yenidən yoluxmanın baş verməsi ehtimalını yaradacaq. Bütün futbolçularımız sağlam olsa, qərarın “Neftçi”yə mənfi təsiri olmayacaq. Çünki tam heyətlə qarşılaşmalara çıxa biləcəyik. Düzdü, zaman baxımından problem var. Amma bu, bizi qorxutmur. Dövrənin 2 oyununu keçirəcəyik. Bundan sonra qış fasiləsi olacaq. Yeni ildən isə çempionat öz axırı ilə davam edəcək.
- Sağalandan sonra qısa müddətdə yaşıl meydanlara qayıtmaq problem olmayacaq?- Belə deyək, çempionatın keçirilməsinə qərar verilib. Biz də buna riayət etməliyik. Təbii ki, bütün futbolçuların tam sağlam olması “Neftçi” üçün çox yaxşı olar. Çünki tam şəkildə meydana çıxa biləcəyik. Lakin əsasnaməyə görə yoluxanların sayı 7 və daha artıq olacağı təqdirdə meydana çıxa bilmərik. Hələ vaxtımız var. Düşünürəm ki, bu 10 gün ərzində hər şey yaxşı olacaq. Mən də xəstələnmişdim. İndi özümü yaxşı hiss edirəm. Koronavirusa yoluxan futbolçularımızın çoxu sağalmaq üzrədi. Oyunlar keçirilənə kimi də karantində qalmaq müddətləri başa çatacaq. Bundan sonra isə testlərin nəticələrini gözləməliyik. Yenə deyirəm, yaxşı olar ki, heç kimdə xəstəlik aşkarlanmasın və çıxıb, rahat şəkildə oyunlarımızı oynayaq, məşqlərimizi edək.
- İlk dövrə tamamlanmadan qış fasiləsi olacaq. Bundan sonra isə təxminən bir aya yaxın müddət olacaq ki, çempionatın qalan hissəsinə hazırlaşasınız. Az deyil?- Daha yaxşı olardı ki, dövrə vaxtında bitsin. Amma kim istəyərdi ki, belə problemlə üzləşək?! Koronavirus bütün dünyanı cənginə alıb. Ölkə çempionatının da başa çatmasını istəyirik. Buna uyğun qrafik qurulub. Digər dövrlər üçün hazırlıq prosesi haqda qərarı isə fasilədən sonra verəcəyik. Təlim-məşq toplanışının xaricdə keçirilməsi daha yaxşı olardı. Amma prosesləri izləməliyik ki, ölkədən kənara çıxa bilərik, ya yox. Buna uyğun rəhbərlik öz qərarını verəcək. Lakin ölkə xaricində toplanışda olmasaq belə, bu “Neftçi”yə pis təsir etməyəcək. İstənilən səviyyədə hazırlaşıb, öz məqsədimizə çatmağa çalışacağıq.
- Samir bəy, bir ay yenidənqurma işləri üçün az vaxt deyil?- “Neftçi”nin bu prosesə ehtiyacı yoxdu. Həm struktur, həm də heyət baxımından hər şey qaydasındadı. Yenidənqurmaya ehtiyac yoxdu. Mən əvvəlcə də demişdim, indi də bildirirəm ki, komandamdan razıyam. Oyunçularım məqsədlərimizə çatacaq güclədirlər. Onların heç birində problem yoxdu. Hamısına tam şəkildə güvənirəm. Xəstələnməsək, koronavirusa yoluxmasaq, hər şey yaxşı olacaq.
- Yəni qış fasiləsində transfer etməyi planlaşdırmırsız?- Bunu klubun rəsmi kanalına açıqlamamda da demişəm. Hələlik ehtiyac yoxdu. Komandadakı futbolçular istədiyim səviyyədədi. Yazılar ki, “Neftçi”də dəyişiklər olacaq, futbolçular göndəriləcək. Bunu iddia edənlər başqa xülyalarla yaşayırlar. Belə şey yoxdu. “Neftçi”də çıxış edən heç kimi göndərmək fikrində deyiləm. Hamısı mən istədiyim potensialda, gücdədirlər. Bütün futbolçularımdan razıyam. Yeni transferlər haqda düşünmürəm. Buna ehtiyac yoxdu.
- Güclənmədən ikinci dövrədə istənilən səviyyədə çıxış edə biləcəksiz?- Yenə deyirəm, oyunçular güclü və peşəkardılar. Onlarla birgə hədəflərimizə çata bilərik. Normal məşq eləsək, heç kim xəstələnməsə, bunun şahidi olacaqsız.
İLKİN SULTANLI