Xəbər verdiyimiz kimi, Gürcüstanın “Samtredia” klubunda çıxış edən Nicat Qurbanov Azərbaycana qayıdıb. Buna səbəb futbolçunun zədələnməsidi. Son məşqlərin birində xəsarət alan oyunçu qonşu ölkədə mövsümün sonuna az qaldığına görə orda qalmağı lazım bilməyib.
Qonşu ölkənin mediasında yer alan məlumata görə, Nicatın “Samtredia”ya qayıdıb-qayıtmayacağı sual altındadı. Çünki klubda növbəti mövsüm üçün büdcə təsdiqlənməyib. Yalnız büdcə təsdiqlənəndən sonra Nicatın “Samtredia”ya qayıdıb-qayıtmayacağı məlum olacaq.
Həm zədəsinin durumunu öyrənmək, həm də gələcək karyerası ilə bağlı məlumat almaq üçün Nicatla əlaqə saxladıq. Yarımmüdafiəçi ilə futbol, Vətən müharibəsi və başqa məsələlər ətrafında da söhbətləşdik...
- Nicat, necəsən? Özünü necə hiss edirsən?- Şükür Allaha, yaxşıyam. Sağlamlığımı bərpa etməyə çalışıram. Bu müddətdə də ailəmlə, övladımla vaxt keçirirəm.
- Mediayada yer alan xəbərlərə görə, “Samtredia”dan ayrılmısan...- Bəli, doğru xəbərdi. Gürcüstanda çempionat bitmək üzrədi. Mən də zədələndim. Bu səbəbdən klub rəsmiləri ilə razılaşdıq ki, mövsümün sonunu gözləməmiş komandadan ayrılım. Onsuz da zədəni bərpa etməliydim. Bu həftə Gürcüstanda mövsüm başa çatır. Mən də “Samtredia”ya kömək edə bilməyəcəm. Bu səbəbdən də ayrıldım.
- Zədəni sağaldandan sonra kluba qayıdacaqsan?- Yox, müqaviləm mövsümün sonuna kimi idi. Yeni saziş imzalamaq haqda düşünmürəm. İndi bütün fikrim-zikrim zədəmin sağalması ilə bağlıdı. Ondan sonra karyeram haqda qərar verəcəm.
- Nicat, səhv eləmirəmsə, bu mövsüm artıq ikinci dəfə zədələnirsən. Hansısa böyük problemin var?- “Samtredia”ya təzə gedəndə yaxşı idim. Divizionda çıxış edəndə, demək olar ki, heç zədələnmədim. Bu mövsüm sanki göz dəydi. İki dəfə zədələndim. Şükür Allaha, böyük problem yoxdu. Ayağımı əzmişəm.
- Bundan qabaq zədələnən də eyni ayağın idi? - Hə!
- Həkimlər nə deyir bununla bağlı? Bəlkə artıq xroniki zədədi?- Qəribəsi budu ki, zədələrim ayrı-ayrı yerlərdədi. Birinci dəfə zədələnəndə sağ ayağımın başqa yeri idi, ikincidə başqa yerdi. Nöqtələr fərqilidi. Budəfəkində bir az ağır oldu. Bakıda müalicə olmağın daha yaxşı olacağını düşündüm. Bu səbəbdən də ölkəmə qayıtdım.
- Zədəni sağaldandan sonra nə etməyi düşünürsən? Karyeranı davam etdirəcəksən?- Əlbəttə. Təkliflər olsa, dəyərləndirəcəm.
- Azərbaycanda çıxış etmək ehtimalın var? Ümumiyyətlə, bizim çempionatda yenidən oynamaq istəyirsən?- Premyer-liqa klublarından təkliflər olsa, dəyərləndirəcəm. Əlbəttə, öz ölkəmin çempionatında çıxış etmək mənim üçün xoş olar. Yenə deyirəm, hər şey təkliflərdən asılıdı. Məni istəyən klubumuz olsa, niyə də oynamayım?! Təklif olmasa, yenidən karyeramı xaricdə davam etdirmək barədə düşünəcəm. Hətta Gürcüstan çempionatında belə oynaya bilərəm. Bunu zaman göstərəcək. İndi isə zədəmi tam sağaltmağa köklənmişəm.
- Bəlkə də Gürcüstanda daha yaxşı komandalarda oynamağa layiq futbolçusan. Səni nə məcbur etdi ki, “Samtredia”ya keçdin?- Həmin ərəfədə “Sumqayıt”la müqaviləmin müddəti bitmişdi. Mən də özümə klub axtarırdım. “Samtredia” mənimlə yaxından maraqlandı. Mən özüm də 1-ci divizionda çıxış etmək istəmirdim. Klub rəhbərliyi məni inandırdı ki, gələn mövsüm əsas liqada çıxış edəcəklər. Məndən də bunu həyata keçirtmək üçün kömək istədilər. Onsuz da “Samtredia”nın həmin mövsümdəki çıxışından bilmək olurdu ki, gələn mövsüm əsas liqaya vəsiqə qazanacaqlar. Mən də təklifi qəbul etdim. Düşünürəm ki, yaxşı da çıxış edirdim. Sonra əsas liqaya vəsiqə qazandıq. Burda zədəli olduğum müddətləri nəzərə almasaq, bütün qarşılaşmalarda meydanda oldum. Gürcüstan çempionatında 10 qarşılaşmada 4 qol vurdum. Sadəcə, zədəm imkan vermədi ki, bu qrafiki davam etdirim.
- Sən Gürcüstan çıxış etdiyin müddətdə Qarabağda döyüşlər gedirdi. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Gürcülərin buna münasibəti necə oldu?- Həm bizimlə, həm də ermənilərlə qonşu olduqları üçün neytral mövqe göstərirdilər. Rəsmi olaraq sərhədləri də bağladılar ki, silah-sursat daşınmasın. Amma mənimlə danışanların hamısı bizi dəstəkləyirdilər. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirdilər. Çünki gürcülərin də Abxaziya problemi var. Bizim yaşadıqlarımızı onlar da yaşayırlar.
- Döyüşlər gedən ərəfədə sosial şəbəkələrdə çox aktiv idin. Şəhərlərimizin işğaldan azad olunması xəbərlərinin sevincini necə yaşayırdın?- Sizdən fərqli idi. Çünki mən orda tək idim. Çıxıb küçədə doyunca qışqıra, zəfər mahnıları oxuya bilmirdim. Hər məlumatı, qələbə xəbərini sosial şəbəkələrdə paylaşmağa çalışırdım. Bakıda olan dostlarıma, futbolçular zəng edib, saatlarda qələbəmizdən danışırdım. Amma Azərbaycandakılar kimi küçəyə çıxıb, qələbəni qeyd etmək istəyərdim.
- Hazırda Qəbələ paradı keçirilir. Nə hisslər keçirirsən?- Möhtəşəm anlar yaşayırıq. Sözlə ifadə etmək mümkün deyil. Uzun illərdi arzusunda olduğumuz qələbəni bayram edirik. Əsgərlərimizə, prezidentimizə minnətdarım ki, bu sevincli anları bizə yaşatdılar. Artıq Azərbaycan torpaqlarını itirmiş ölkə deyil. İndi biz düşməni qısa müddətdə darmadağın edən xalqıq. Əsgərlərimiz bizə heç vaxt yaşamadığımız qələbəni bəxş etdilər. Hamısının qarşısında baş əyib, təşəkkürümü bildirirəm.
İLKİN SULTANLI