AFFA ABŞ şirkətinə məktub göndəribAmerika Milli Futbol Liqasının təşkil etdiyi hərracda Azərbaycana qarşı siyasi təxribata yol verilib. Hərracda “Nike” şirkətinin xüsusi istehsalı olan və heç bir dövlət tətəfindən tanınmayan separatçı “Daqlıq Qarabağ” rejiminin bayrağı əks edilən “krossovka” satışa çıxarılıb. Onlayn-hərrac dekabrın 1-də başlayıb və 2021-ci il yavnarın 6-dək davam edəcək. “Sputnik Armenia” saytı yazır ki, hərracdan gələn gəlir Ermənistana və Dağlıq Qarabağa kömək üçün “Ayastan” fonduna keçiriləcək. Adını çəkdiyimiz fond Vətən müharibəsinin gedişində topladığı pulları erməni əsgərləri üçün silah-sursatın alınması və başqa məqsədlər üçün xərcləyib. İdman ayaqqabıları "New England Patriots" futbol klubunun erməni direktoru və baş məşqçisi Berjem Nacaryan tərəfindən hərraca qoyulub. “Nike” şirkətinin dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir rejimin “bayrağı” əks olunan xüsusi “krossovka” hazırlaması təəccüb doğurmaya bilməz.
Premyer-liqanın üç klubu – “Səbail”, “Sabah”, “Neftçi”, eləcə də Azərbaycanın bütün yaş qrupları üzrə yığmaları və əsas milli məhz “Nike” firmasının istehsal etdiyi formalardan yararlanırlar. “Nike”ın bu addımı cavabsız qalmamalıdı. AFFA və bu şirkətin idman geyimindən istifadə edən premyer-liqa təmsilçiləri ya şirkətə etirazını bildirməli və məlum idman ayaqqabısı hərracdan çıxarılmalı, ya da assosiasiya və klublar ABŞ brendi ilə əməkdaşlığa son qoymalıdı.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Firuz bəy başverənlərdən xəbərdar olduqlarını və assosiasiya tərəfindən “Nike”a məktub ünvanlandığını bildirdi: “Nike” idman malları istehsal edən qlobal bir şirkətdi. Sözügedən idman ayaqqabısı da cəmi 1 cüt istehsal olunub. Ümumiyyətlə, belə şirkətlər sifariş əsasında eksklüziv mallar istehsal edirlər. Buna baxmayaraq, AFFA əməkdaşlıq etdiyi şirkətin bu addımını heç də yaxşı qarşılamadı. Assosiasiyanın Marketinq Departamenti məlum məsələ ilə bağlı “Nike” şirkətinə məktub ünvanlayıb”.
RƏŞAD