Sizin reklam burada

De Byazinin hədəfi yaxşı oynamaqdı

Title

Santuş: “Azərbaycana səfərin tezliklə olmasını istəyirəm”
Milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis Polşa mətbuatına açıqlamasında bunları deyib: “Çətin qrupa düşmüşük. İlk pilləni Portuqaliya tutacaq. İkinci yer uğrunda isə Serbiya və İrlandiya yığmaları mübarizə aparacaq. Biz 5-ci səbətdən gəldiyimizi bilirik və favorit deyilik. Əlimizdən gələni edəcəyik. Daha yaxşı oynamaq və potensialımızı tam açmaq üçün bacardığımız hər şeyi edəcəyik”.
64 yaşlı mütəxəssis Vətən müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün böyük problem oldu. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil".
Rəqib komandaların düşərgəsindən də püşklə bağlı açıqlamalar gəlir ki, onlarla tanış olmağa dəyər.
Lyubinko Druloviç (Serbiya millisinin sabiq baş məşqçisi): “Kənardan bu qrup sanballı görünə bilər. Amma düzünü deyək ki, heç bir komanda Portuqaliya ilə müqayisə oluna bilməz. Onların çox güclü komandası var. Avropa çempionu və Millətlər Liqasının qalibidi. Portəgizlər qrupun favoritidi. O qədər geniş heyətə malikdilər ki, seçmə mərhələyə iki komanda buraxa bilərlər. Kriştiano Ronaldo yığmadakı oyun və qol sayında rekordlar üçün vuruşur. İnanın ki, istəyinə çatmasa, dayanmayacaq. Qrupumuzda yalnız üç komanda – İrlandiya, Lüksemburq və Azərbaycan olsaydı, işimiz daha asan olardı. Amma indi ikinci yer uğrunda əsas rəqibimiz İrlandiyadı. Onlar bizim üçün çox qeyri-münasib komandadı. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı. Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdu. İkinci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədi”.
Lük Holts (Lüksemburq millisinin baş məşqçisi): "Lüksemburqda xeyli serbiyalı və portuqaliyalı yaşayır. İrlandiyanın da çoxlu sayda azarkeşi var. Ümid edirəm ki, oyunları yeni stadionda və azarkeşlər qarşısında keçirə biləcəyik. Bundan əlavə, bütün futbolçuların hazır olması vacib amillərdən biridi”.
Stefan Kenni (İrlandiya millisinin baş məşqçisi): “Həyəcanverici qrupa düşmüşük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidi. Serbiya böyük futbol ənənəsinə sahibdi. Lüksemburq olduqca inkişaf etmiş komandadı. Həmçinin qrupumuzda Azərbaycan da var. Nə istədiyini düşünürsən, ancaq nə olacağını heç vaxt bilmirsən. Bəzən əvəvlcə daha yaxşı komandalarla görüşmək yaxşıdı. Ancaq bilmirsən ki, nə vaxt oynamaq yaxşıdı. Azərbaycan yığması bir az naməlum komandadı. Müvafiq qaydada hazırlaşacağıq. Beş komandalı qrup maraqlıdı, altı yox. Beş komandalı qrupda olmağımız martda 3 oyun “pəncərə”sinin, 3 rəqabətli matçın olmaması deməkdi. Bu müsbət haldı. Qarşıdakı seçmə mərhələ yeni bir yarış olacaq. Düşünürəm ki, marta qədər bir çox oyunçumuz hazır vəziyyətdə olacaq. Bu da müsbət məqamdı. Son iki ayda 10 futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Təcrübəli futbolçularımızı da onlara əlavə etsək, martda komandamızın daha güclü olacağını demək olar. Bizim üçün gözlənilməz qrup olmadı. Ümid edirəm ki, koronavirus pandemiyası dönəmində irəliləyişə nail olacağıq və fantastik azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq”.
Demyen Daff (İrlandiya millisinin məşqçisi): "Püşkatmada ikinci səbətdən üçüncüyə geriləməklə işimizi kifayət qədər çətinləşdirdik. Amma hər şey daha da pis ola bilərdi. Debüt matçları hər zaman çətin olur. Amma bu, bizi qorxutmamalıdı. Ümid edirəm ki, milliyə dəvət alan futbolçular formada qalmaq üçün klublarında daha çox oyun şansı qazanacaqlar".
Fernandu Santuş (Portuqaliya millisinin baş məşqçisi): "Nə edəcəyimizi yaxşı bilirik. İlk növbədə qrupu birinci sırada bitirməliyik. Qrupda sürprizlərin ola biləciyini istisna etmirəm. Odu ki, ehtiyatlı olmalı və rəqibləri yaxşı təhlil etməliyik. AÇ-2020-nin seçmə mərhələsində oxşar problemlə üzləşdik. Həm Serbiya, həm də Ukrayna ilə matçlarda xal itirdik və vəziyyəti qəlizləşdirdik. Hesab edirəm ki, qrupda ən çətin rəqib Serbiyadı. Bu yığmanın heyətində Avropanın müxtəlif klublarında çxış edən elit səviyyəli futbolçular var. Onlarla qış aylarında qarşılaşmaq istəməzdik. Çünki səfər matçında hava şəraiti və meydan amili əleyhimizə olacaq. Bu isə futbolçularımızın çıxışına mənfi təsir edəcək. Bəzi rəqiblərlə az oynasaq da, onları yaxşı tanıyırıq. Bu isə təhlillərdə bizə kömək edə bilər. Məsələn, Azərbaycana səfərin tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna əsas namizədlərdən biri olmaq istəyiriksə, bu mərhələni keçməliyik".
Şeyx Həməd bin Xəlifə bin Əhməd əl Tani (Qətər Futbol Assosiasiyasının prezidenti): "Dünya çempionatının seçmə mərhələsində A qrupunda iştirak etmək və Portuqaliya kimi komandalara qarşı oynamaq yığmamızın performansını artırmaq üçün ideal fürsətdi. Komandamız son illərdə önəmli uğurlara imza atıb. Bunlardan ən əsası 2019-cu ildə Asiya Kubokundakı layiqli qələbədi".
Nikola Lazetiç (Serbiya millisinin sabiq hücumçusu): “Püşkatmanın nəticəsindən razıyam. Çox çətin ola bilərdi, ancaq eyni zamanda torbadan daha asan komandalar da çıxarmaq mümkün idi. Kağız üzərində final mərhələsinə vəsiqə qazanmaq şansının real olduğunu görmək xoşdu. Seçmə mərhələyə iddialı qoşulmaq və mümkün olan ən yaxşı nəticəyə ümid bəsləmək vacibdi. Komandamızın bu qrupdakı potensialı ilə bağlı çox nikbinəm. Bizim dövrümüzdə məhz Azərbaycan millisi ilə oyunlardakı itkilər önümüzü kəsmişdi. Bu, kağız üzərində yazılanların müasir futbolda mühüm rol oynamadığının ən yaxşı sübutudu. Favoritlər heç vaxt arxayınlaşmamalı və hər bir rəqibi mütləq dəyərləndirməlidi. Oyunlar istəklə qazanılır, heç kimin özünü öncədən qalib elan etməsinə icazə verilmir. Azərbaycanla Podqoritsadakı qarşılaşmada çox xoşagəlməz təcrübə yaşadıq. Mənim də qol vurduğum görüşdə 2:0 öndə olsaq da, qələbə qazana bilmədik. Bu təcrübə bizə baha başa gəldi. Çünki Avropa çempionatına vəsiqə yolunda qızıl xallar itirdik. Ümid edirəm ki, mən və o vəziyyətdən keçən oyunçularımızın əksəriyyəti hazırkı millinin diqqətini Azərbaycana qarşı görüşlərdə onları gözləyən tələlərə yönəldə biləcəyik. Əminəm ki, bundan maksimum istifadə edəcəklər”.
Qeyd edək ki, milli komandamız DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar çıxış edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.