Firuz Abdulla: “Bu eksperimentdən daha əvvəl də istifadə olunub”Xəbər verdiyimiz kimi, dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atıldı. A qrupunda yer alan yığmamızın rəqibləri Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq milliləri oldu. Bundan əlavə, UEFA son Asiya çempionu Qətəri 2022-ci ildə keçiriləcək mundiala hazırlıq məqsədilə dəvət edib. Asiyalılar A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.
Püşkatmadan əvvəl və onun gedişində bununla bağlı hansısa məlumat verilməmişdi. Görəsən, UEFA milli federasiyalara əvvəlcədən xəbərdarlıq edibmi? Bu suala cavab tapmaq üçün AFFA-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisinin məsələyə münasibəti belə oldu: “Onlar mundialda birbaşa iştirak edəcəklər. Bu səbəbdən də dünya çempionatının əsas matçlarına yaxşı hazırlaşmaq üçün FIFA və UEFA-ya müraciət ediblər. Adı çəkilən qurumlar da bunu müsbət qarşılayıb. Bu eksperimentdən daha əvvəl də istifadə olunub. Fransa millisi AÇ-2016-nın seçmə mərhələsi üçün belə müraciət etmişdi. O zaman da qarşılaşmalar yoldaşlıq xarakteri daşıyırdı. Bu barədə bizə əvvəlcədən məlumat verilmişdi. Bilirdik ki, Qətər millisi ilə qarşılaşmaq ehtimalı var. Bu, FIFA və UEFA-nın, yəni mundialı və bura yollanacaq komandaların seçimini təşkil edən qurumların qərarıdı. Bizim də borcumuzdu ki, bu qərara hörmət edək”.
Qeyd edək ki, bu, Qətər millisi ilə ilk dəfə baş vermir. Qətərlilər 2019-cu ildə keçirilən CONMEBOL turnirində də iştirak ediblər. Yarışın püşkü yanvarın 24-də Braziliyanın Rio-de-Janeyro şəhərində atılmışdı. Burda iştirak edən 12 komanda hər birində üçü olmaqla 4 səbətdə yer almışdı. 2018-ci il noyabrın 23-də keçirilən CONMEBOL Şurasının iclasında komandaların səbətlərə paylanmasının FİFA reytinqinə əsasən müəyyən olunması qərara alınmışdı. Bu qərar Amerika Kubokunun gələcək turnirləri üçün də etibarlı olacaqdı. Dəyişikliklərdən ən əsası iki qonaq komanda - Yaponiya və Qətərin turnirdə iştirak etməsi idi. Yaponlar C qrupunda 2 xal yığaraq 3-cü, ərəblər isə B qrupunda 1 xalla sonuncu olmuşdular.
İLKİN SULTANLI