Sizin reklam burada

Təbriz Həsənovun millinin qrupda uğur qazanacağına ümidi yoxdu

Title

“Bizim böyük turnirlərdə iştirak şansımız ancaq Millətlər Liqasındadı”
Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində rəqiblərimiz bəlli oldu. Yığmamız A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq milliləri ilə qarşılaşacaq. Bundan əlavə, komandamız hazırlıq məqsədi ilə Qətərlə iki qarşılaşma da keçirəcək. Komandanın bu qrupda uğur qazanmaq şansı varmı? Canni De Byazinin yetirmələri tsikli yüksək pillələrdə bitirə bilərmi? Bu suallarla bağlı yığmanın məşqçisi Arif Əsədovla danışmağı düşünürdük. Amma De Byazi fikirlərini açıqladığından, AFFA-dan onun köməkçisinin danışmasını məqsədəuyğun saymadılar. Bu üzdən tanınmış mütəxəssislərdən Təbriz Həsənovla əlaqə saxladıq.
- Təbriz müəllim, necəsiz?
- Şükür Allaha, hər şey yaxşıdı. Koronavirus pandemiyasının ölkəni cənginə aldığı bir vaxtda özümüzü qorumağa çalışırıq. Futbol izləyərək başımızı qatırıq.
- Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli oldu. Qrupdakı şansımızı necə dəyərləndirərdiz?
- Rəqiblərin hamısı çox güclüdü. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Serbiya və İrlandiya atletik futbola üstünlük verir. Yığmamız həmin komandalara qarşı oyunlarda həmişə çətinlik çəkib. Portuqaliya haqda nəsə deməyə ehtiyac yoxdu. Düşünürəm ki, qrupda ikincilik uğrunda Serbiya və İrlandiya yığmaları mübarizə aparacaq. Bizim isə xal ala biləcəyimiz yeganə rəqib Lüksemburqdu.
- 6 xal?
- Yox! Mən bunu demədim. Son Millət Liqasındakı nəticələrdən gördük ki, onlardan xal və ya xallar ala bilərik. Amma asanlıqla məğlub edə, “6 xallıq rəqib” olduqlarını düşünə bilmərik.
- Qrupdan çıxmaq ehtimalımız, ümumiyyətlə, yoxdu?
- Rəqiblərə baxdıqda hər şey aydın görünür. İndiki məqamda buna ümid etməyə dəyməz. Lakin futboldu, hər şey ola bilər. Bizim böyük turnirlərdə iştirak etmək şansımız ancaq Millətlər Liqasındadı. Burda da nəticə əldə edə bilmədik.
- Qətər millisi də müsabiqədənkənar əsasda bu qrupda yer alan yığmalarla qarşılaşacaq. Yoldaşlıq oyunları xarakterli qarşılaşmalar olacaq. Bunun millimizə xeyri olacaq, ya ziyanı?
- Bu haqda dəqiq məlumatım yoxdu. Rəsmiləşib, ya ehtimal olunur?
- Dəqiqdi. Hətta federasiya onlarla oyunlarımızın tarixini də açıqlayıb. Bir dəfə öz evimizdə, bir dəfə də səfərdə qarşılaşacağıq. Amma ikinci qarşılaşma Qətərdə yox, Avropanın hansısa ölkəsində olacaq.
- Qətər yaxşı komandadı, Asiya çempionu olub. Düşünmürəm ki, onlarla qarşılaşmaq qrupdakı çıxışımıza təsir etsin. Bilirsiz ki, 5 komandalı qruplarda boşda qalan yığmalar olacaqdı. Artıq həmin zaman üçün rəqibin axtarılıb, tapılması problemi qalmadı. Düzdü, Avropa ölkələrinin biri ilə daha ciddi oyun keçirə bilərdik. Lakin Asiya çempionu olan komanda ilə qarşılaşmaq da millimiz üçün yaxşı sınaq olacaq.
- Canni De Byazi Millətlər Liqasında yenilənmiş heyətlə çıxış etdi. Sizcə, o, dünya çempionatının seçmə mərhələsi üçün yeni futbolçular axtarmalıdı?
- Pandemiya səbəbindən başqa ölkələrdə çıxış edən oyunçularımız milliyə kömək edə bilmədilər. Bu səbəbdən də yerli çempionatda oynayanlara üstünlük verildi. Düşünürəm ki, italiyalı məşqçi bu mərhələ üçün artıq heyətini bəlli edib. Komandamızın heyətində yaxşı futbolçular var. Onlara şans vermək lazımdı.
- Sizcə, De Byazinin diqqətindən kənarda qalan futbolçular oldumu?
- Təkcə Rauf Əliyevi deyərdim. Onun potensialından istifadə etmək olardı. Bəlkə də müəyyən oyunlarda təcrübəsindən yararlanıb, qol vura bilərdi. Millətlər Liqasındakı oyunlarda gördük ki, fərqlənə bilmirik. Raufun bu problemi həll etməkdə yığmaya kömək ola biləcəyini düşünürəm. Lakin yenə də əsas qərar Canni De Byazinindi. Bəlkə də Rauf onun oyun üslubuna uyğun gəlməyib.
- De Byazi baş məşqçi olmamış Əmir Ağayev, Sezar Meza Kolli və Filip Ozobiçin “milliləşdiriləcəyi” haqda söz-söhbət var idi. İndi həmin futbolçulara ehtiyac varmı? Seçmə mərhələdə millimizə xeyir verə bilərlərmi?
- Ehtiyac yoxdu. Gül kimi gənc futbolçularımız var. Elə İsmayıl İbrahimli. Düşünürəm ki, həmin mövqedə onun çıxışı daha yaxşıdı, nəinki adını çəkdiklərinizin. Hələ gələcəkdə daha çox inkişaf edəcək və yığmamıza xeyir verəcək.
- İtaliyalı mütəxəssis bir çox matçlarda gənclərə şans verməklə bizi yaxşı mənada təəccübləndirdi. Musa Qurbanlı, Xəyal Nəcəfov, İsmayıl İbrahimli kimi futbolçuları milliyə dəvət etdi. Artıq onlardan daha çox istifadə etməyin vaxt çatıb?
- Həqiqətən də onun bu qərarı təqdirəlayiqdi. Yerli və potensiallı futbolçuları milliyə dəvət edərək, oyunlarda sınayaraq ölkəmiz adına xoş iş görmüş oldu. Düşünürəm ki, dünya çempionatının seçmə mərhələsində onlara daha çox şans veriləcək. Lakin Rauf Əliyev kimi təcrübəli futbolçuları da kənarda qoymaq olmaz. Onun potensialından da yararlanmaq lazımdı.
- Koronavirus pandemiyası ölkə futbolunu pis vəziyyətə salıb. Çempionatın dayandırılması müzakirə olunur. Sizcə, premyer-liqada oyunların keçirilməməsi milliyə ziyan vura bilərmi?
- Vallah, vəziyyət kritikdi. Əvvəllər 300-400 yoluxma olanda qohum-əqrəbaya zəng edib, hal-əhval tutanda “kimlərdi e, bu koronavirusa yoluxanlar”, - deyə sual verirdik. İndi isə ətrafımızda olan 5 nəfərdən üçü bu xəstəlikdən əziyyət çəkir. Ona görə bu haqda fikir söyləməyə çətinlik çəkirəm. Klublarda vəziyyət kritikdisə, bir müddət dayandırmaq olar. Çünki əsas insan sağlamlığıdı. Milliyə də heç bir təsiri yoxdu bu məqamda. Yox, ümumiyyətlə, premyer-liqanı ləğv etmək haqda fikirləşirlərsə, o zaman bunu yaxşı-yaxşı düşünmək lazımdı. Çünki martda yığmanın oyunları var. Çempionatda oynamayan futbolçu daha güclü rəqibin qarşısında aciz qalacaq. Ümid edirəm ki, bu vəziyyətdən tezliklə çıxarıq və premyer-liqamız da dayandırılmaz.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.