Hər kəs, hamı, Azərbaycan sevinir!Azərbaycan və dostları bugünkü bayram təntənələrini səbirsizliklə gözləyir. Bəli, müstəqillik tarixində ilk Qələbə paradına şahidlik edəcəyik. Günlərdi bu haqda danışılır, artıq hər bir soydaşımızın müəyyən təsəvvürü var. Görəsən, futbol ictimaiyyətinin nümayəndələrinin paradla bağlı düşüncələri necədi? Onlar qələbə duyğularını necə yaşayırlar?
Bu suallar ətrafında premyer-liqa klublarının və AFFA rəhbərliyinin fikirlərini öyrəndik.
Vaqif Sadıqov (AFFA-nın vitse-prezidenti): “Möhtəşəm anlardı. Sözlə ifadə etməkdə çətinlik çəkirəm. Əsgərlərimizin qarşısında baş əyirik. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid ataları, anaları, ailələri bizim doğmalarımızdı. Onların övladları tarix yazdılar. 30 illik münaqişəyə son qoyduq. Qarabağ müharibəsində möhtəşəm qələbə qazandıq. Artıq başımız dik, rahatlıqla gəzə bilərik. Bu qələbəni bizə yaşadan Ali Baş Komandana təşəkkür edirik. Onunla, əsgərlərimizlə fəxr edirik. Bu qələbə paradını illərdi gözləyirdik. Şükür yaradana ki, bizə bu anları qismət etdi. Övladlarımız, nəvələrimiz bu günləri gördülər. Bütün Azərbaycanı görmək həqiqətən də qürurvericidi. Hər bir azərbaycanlı bu qələbəyə görə böyük qürur hissi keçirir”.
Maqsud Adıgözəlov (“Sabah”ın prezidenti): “Azərbaycan Ordusu Vətən müharibəsində tarixi zəfər qazandı. Bu zəfər Vətənimizin tarixinə qızıl hərflərlə yazılacaq. Müharibə zamanı hər birimizin ürəyi ordumuzla birgə döyünürdü. Azərbaycan Ordusu layiq olduğu zəfəri qazandı və Qarabağımızı bizə qaytardı. Bu gün baş tutacaq zəfər paradını hər bir azərbaycanlı kimi mən də böyük fəxr hissi ilə izləyəcəm. Ancaq bu zəfər sevincini bizə yaşadan qazilərimizi, şəhidlərimizi heç vaxt unutmamalıyıq. Biz bir ömür boyunca onlara borclu olacağıq. Bu zəfəri bizə yaşatdığına görə başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, Azərbaycan Ordusuna təşəkkür edirəm”.
Taleh Nəsibov (“Zirə”nin prezidenti): “İlk növbədə Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə hamını təbrik edirəm. Bu qələbədə xidməti olan hər kəsə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün ordumuza təşəkkür edirəm. Şəhidlərimizə Allah rəhmət etsin! Təbii ki, illərlə gözlədiyimiz qələbə hər kəsi sevindirir. Torpaqlarımız düşmən işğalından azad olundu. İndi hamımız bu möhtəşəm zəfərin qürurunu, sevincini yaşayırıq. Hərbi parad da qələbəmizin nümayişidir. Şübhəsiz, hamı bu paradı yaxından izləmək istəyər. Orda həm müzəffər ordumuzu görə bilərik, həm də düşməndən qənimət kimi götürülmüş hərbi texnikanı izləmək imkanı var”.
Riad Rəfiyev (“Sumqayıt”ın prezidenti): “Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm qələbəsi hər birimizi sevindirdi. Bu günləri gördüyümüz üçün çox xoşbəxtik. Düşünürəm ki, sabah paytaxtımızda keçiriləcək hərbi paradla igid əsgərlərimizin, ölkəmizin qələbəsini qeyd etmək çox gözəl hissdi. Azərbaycan Ordusunun, Azərbaycan xalqının nələrə qadir olduğunu hər kəs görməlidir. Qalib ordumuzla, xalqımızla fəxr edirik”.
Elşən Abasov (“Keşlə”nin idarə heyətinin sədrinin 1-ci müavini): “Vətən müharibəsi ölkəmizin, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Çox sevindirici haldı ki, çətin, hətta deyərdim ağır keçən 2020-ni belə gözəl və şanlı şəkildə yola salırıq. Dekabrın 10-u da Azərbaycan üçün çox vacib gündü. Qalıb, rəşadətli ordumuz sabah paytaxtımızın əsas meydanında məğrur addımlar atacaq, Ali Baş Komandanımız bu paradı qəbul edəcək. Hər bir azərbaycanlı kimi, mən də çox həyəcanlıyam və paradı fəxr hissi ilə izləyəcəm”.
Fariz Nəcəfov (“Qəbələ”nin prezidenti): “Bu möhtəşəm qələbə Ali Baş Komandanın başçılığı altında qısa vaxt ərzində ordumuzun zabit və əsgərlərinin, son damla qanına kimi döyüşərək şəhid olan cəngavər oğullarımızın sayəsində qazanıldı. Bu qələbə bizə tək itirilmiş torpaqlarımızı qaytarmadı, bu qələbə sayəsində torpaqla bərabər itirilmiş inamımızı, həmrəyliyimizi geri qaytardıq, ləkələnmiş adımızı təmizlədik, zədələnmiş qürurumuzu bərpa etdik. Biz bu müharibədə qalib gəlməklə gələcək nəsillərimizə fəxr olunası tarix yazdıq. Qalib ordumuzla, xalqımızla fəxr edirəm”.
Fərəc Əliyev (“Səbail”in baş meneceri): “Şahidi olduğumuz tarixin zəfərini – bu gün Azadlıq meydanında keçiriləcək Zəfər Yürüşünü səbrsizliklə gözləyirik. Bu bizim müstəqilliq tariximizin ən şanlı və ən qürurlu Zəfər Paradı olacaq!
Sabahkı paradın “Zəfər Paradı” adlandırılması çox qürurverici hissdi. Biz bu zəfəri hüququndan keçən hər bir əsgərin qəhrəmanlığına borcluyuq! 2783 şəhidimizə, qazi və yaralı əsgərlərimizə, sağ qayıdan bütün qəhrəmanlarımıza sonsuz təşəkkür edir, Vətənimizin oğulları ilə fəxr edirik! Üzləri, hekayələri, qəhrəmanlıqları ilə dastan yazıb, hər birimizin ürəyinə toxundular. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarix yazdı! Müharibə ərzində çıxışları ilə xalqına dəstək olub, sevinc gözyaşlarına boğan və qürurlandıran ölkə başçısının sabahkı çıxışını da səbrsizliklə gözləyirik! Qarabağ Azərbaycandı!”
Kamran Quliyev (“Neftçi”nin prezidenti): “İştirak etmək hüququm olsa, qaça-qaça gedərəm. Bu mənim üçün şərəf olar. Böyük sevinc hissi ilə gedərəm. Bizim hər birimizin qəlbində hazırda qələbə hissi var. Yenə deyirəm, qaça-qaça gedərəm. Biz hamımız əsgərik. Ali Baş Komandanın əsgərləriyik. İnsan olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq, böyük məmnuniyyətlə iştirak edərdim. Vətən müharibəsindəki qələbəmizin doğurduğu hissləri sözlə ifadə etmək çox çətindi. Bu, sadəcə, hiss deyil. Bütün damarlarımızdan qələbə sevinci coşub-daşır. Qürur hissi keçiririk. Böyük xalqın, böyük millətin qələbə sevincidi. Sağ olsun müzəffər Azərbaycan Ordusu! Sağ olsun Ali Baş Komandan İlham Əliyev! Böyük qələbə qazandıq, heç vaxt unudulmayacaq qələbə qazandıq!”
Təəssüf ki, “Qarabağ” rəhbərliyi ilə əlaqə yaratmaq istəyimiz baş tutmadı...
İLKİN SULTANLI