Sizin reklam burada

Yığmamızın bəxti: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq

Title

De Byazi: “Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik”
Dünən 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atıldı. İsveçrənin Sürix şəhərində təşkil olunan, Bakı vaxtı ilə saat 21.00-da başlayan tədbir ərəfəsində Azərbaycan yığmasının 5-ci səbətdə qərarlaşdığı bəlli idi. UEFA üzvü olan 55 ölkənin yığmaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa bölündü. 5 komandalı qrupa düşən yığmamızın rəqibləri Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq oldu.
Seçmə mərhələnin oyun günləri də bəllidi. Komandalar gələn il martın 24-25-i, 27-28-i, 30-31-i, sentyabrın 1-2-si, 4-5-i, 7-8-i, oktyabrın 8-9-u, 11-12-si, noyabrın 11-13-ü və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-i və 28-29-da təşkil olunacaq.
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN.
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo.
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva.
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Hersoqovina, Qazaxıstan.
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya.
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova.
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq.
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Cənubi Kipr, Malta.
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino.
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.
Onu da qeyd edək ki, qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, 2-ci yeri tutan 10 komanda və Millətlər Liqasından gələcək daha 2 komanda pley-off qarşılaşmalarından sonra Avropa zonasından DÇ-yə yollanacaq son üç iştirakçını müəyyənləşdirəcək.

Reaksiyalar
Canni De Byazi: "Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, AÇ-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orda qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".
Vüsal İsgəndərli: "Çətin qrupa düşdük. Amma hər bir rəqibə qarşı oynamaq olar. Son oyunlarda millidə nəticələr pis olmadı. Həm qol buraxmadıq, həm də uduzmadıq. İstənilən rəqiblə oynaya biləcək gücdəyik. İnanıram ki, daha yaxşı hazırlaşacağıq. Seçmə mərhələdə uğur qazanmaq istəyirik. Əminəm ki, qrupda sonuncu olmayacağıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümidvaram. Portuqaliya qrupun favoritidi. Ən çətin oyunlarımız bu komandaya qarşı olacaq".
Ramil Şeydayev: “Tam normal qrupdu. Yalnız bir şeyi istərdin ki, qrupumuzda 6 komanda olsun. Əlbəttə, Ronaldoya qarşı oynamaq böyük motivasiyadı. Millinin məqsədi ən yüksəkdi. Turnirin startınadək hələ vaxtımız var. İndiki vəziyyətdə hələ ki heç nə ehtimal etmək istəmirsən".
Xəyal Nəcəfov: “Qrupun favoriti, heç şübhəsiz, Portuqaliyadı. Digər rəqiblərə gəlincə, Millətlər Liqasında bizlə eyni qrupda yer alan Lüksemburqun nəyə qadir olduğunu gördük. Məncə, yeni seçmə mərhələdə onlardan xallar almağı bacaracağıq. Balkan təmsilçisi olan Serbiya yığması son illər adından söz etdirməsə də, heyətində həmişə güclü futbolçular olub. Onların Millətlər Liqasının qrup mərhələsindəki bir neçə oyununu izləmişəm. Türkiyə və Rusiyaya qarşı matçlarda özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Xüsusilə də şimal qonşularımızı böyük hesabla yenmələri onların gücünün göstəricisidi. İrlandiyanı yaxından tanımasam da, bilirəm ki, tipik Britaniya üslubunda oynayırlar. Onlar xüsusilə “ikinci mərtəbə”də və standart vəziyyətlərdə təhlükəli olurlar. Çox güman, qrupun lideri Portuqaliya olacaq. O biri rəqiblərlə isə başabaş mübarizə apara bilərik. İndidən “qrupda neçənci ola bilərik” sualını cavablamaq çətindi”.
Marko Panteliç (Serbiya Futbol İttifaqının vitse-prezidenti): “Portuqaliya çoxdankı tanışımızdı. Bu komanda ilə əvvəlki seçmə tsikllərdə də qarşılaşmışıq. Sözsüz, bizi iki güclü və maraqlı oyun gözləyir. İrlandiya ilə də yaxşı tanışıq. Onların özünəməxsus oyun üslubu var və on illərdi inkişaf etdirirlər. Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olmuş Lüksemburqu yaxşı tanıyırıq. Azərbaycan yığması ilə çoxdan oynamırıq. Amma bu, sözsüz, maksimal nəticəyə nail olmaq istədiyimiz rəqiblərdəndi. Əlbəttə, qrupda 1-ci yer uğrunda mübarizə Portuqaliya ilə Serbiya arasında gedəcək".

Maraqlıdı…
Yığmamız indiyədək bu komandalardan üçü ilə görüşüb. Yalnız İrlandiya ilə qarşılaşmamışıq. Qalan rəqiblərlə 14 dəfə üz-üzə gəlmişik. 1 qələbə, 4 heç-heçəsi olan yığma 9 dəfə uduzub. 7 qol vuran futbolçularımız bu komandalardan 33 top buraxıb.
Portuqaliya: 1 heç-heçə, 5 məğlubiyyət
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan 7:0
4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 1:1
7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya – Azərbaycan 3:0
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 0:2
11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya – Azərbaycan 3:0
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya 0:2
Serbiya: 3 məğlubiyyət
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan 1:0
17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya 1:6
7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan – Serbiya 1:4
Lüksemburq: 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan 1:2
22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan 0:0
7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq 1:1
5 sentyabr 2020. Bakı. ML. Azərbaycan – Lüksemburq 1:2
17 noyabr 2020. Lüksemburq. ML. Lüksemburq – Azərbaycan 0:0
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.