Rəhim Məhərrəmov: “Bütün futbolçular vahid bir mərkəzdə yoxlanılsa, daha yaxşı olar”
Mehman Muradlı: “Karantin müddəti 14 gündü və buna riayət edilməlidi” Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!Yəqin Süleyman Rüstəmin bu şeirini ölkəmizdə bilməyən yoxdu. Mərhum şair ölkəmizin möhtəşəmliyini bu misralarla ifadə edib. Həqiqətən də Azərbaycan qəribəliklər və gözəlliklər diyarıdı. Vətənimiz tanrının bütün möhtəşəmliklərindən bəhrələnib. Azərbaycan təbiəti, sərvəti, insanları ilə sayılıb-seçilənlər sırasındadı.
Düşünürəm ki, Odlar yurdunun yarımadığı bir sahə var ki, o da futboldu. Azərbaycanın “idmanın şahı”ndakı nəticələrinə, uğursuzluqlarına, burda baş verən proseslərə baxanda belə qənaətə gəlmək olar. Düşünürəm ki, Süleyman Rüstəm ölkə futbolunu bir bənd şeirlə ifadə etsəydi, aşağıdakı kimi olardı:
Futbolumuzun seyrinə çağırmıram elləri,
Dəhşət görmək istəyən millimizin oyunlarını izləsin!
Dağılıb başdan-başa klublar, komandaları,
Biabırçılıq görmək istəyən premyer-liqanı izləsin!Süleyman Rüstəmin ruhu qarşısında baş əyərək, onun möhtəşəm şeirini bu hala saldığım üçün üzr istəyirəm. Lakin fikirlərimi başqa cür ifadə edə bilməzdim. Nəticələri, uğursuzluqları, premyer-liqada 8 klubun çıxış etməsini, regionlarda komandaların olmamasını qoyuram bir kənara. Amma yaxşı-pis keçirdiyimiz, uzun illərdi bir komandanın hegemonluq etdiyi çempionatımız var. Onun da keçirilməsi sual altına düşüb. Çünki futbolumuzun başbilənləri qalıblar bütün dünyanı cənginə alan koronavirusun əlində. Ötən mövsüm ölkədə COVID-19 infeksiyasına yoluxma sayı 300-400 arası olanda çempionatı yarımçıq dayandırmağa qərar verən AFFA, PFL respublika üzrə vəziyyətin faciəvi həddə çatdığı indiki günlərdə premyer-liqanın dayandırılmasına qərar verə bilmirlər. Bəli, bunu bilirik ki, dünyanın heç bir ölkəsində pandemiyaya görə futbol yarışları dayandırılmayıb. Lakin başqaları bu problemi sistemli şəkildə həll edirlər. Hətta bir çox ölkələr öz çempionatlarını izləmək üçün az da olsa, azarkeşləri buraxırlar. Bizim “möhtəşəm” premyer-liqamızda nə baş verir? Klublar koronavirusa kütləvi yoluxma üzündən meydana çıxarmağa futbolçu tapa bilmirlər. Nəticə etibarı ilə hər tur hansısa oyunun vaxtı dəyişdirilir. Ya da həftə ərzində keçiriləcək bütün qarşılaşmalar təxirə salınır.
“Bunu hardasa başa düşmək olar. İnsan sağlamlığını düşünürlər, futbol atılır ikinci plana”, - deyə düşünmək istəsək də, baş verən proseslər əksini göstərir. Gəlin, hadisələri ardıcıllıqla izləyək.
Onlar əməl edir22 noyabr. “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli koronavirusa yoluxduğuna görə premyer-liqanın 10-cu turunda keçirilən “Zirə” ilə səfər matçını buraxır.
29 noyabr. “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli 11-ci tur çərçivəsində “Sabah”la 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxır.
Yuxarıda başverənlər Türkiyənin hansısa serialının ardıcıl iki bölümündən deyil. “Möhtəşəm” Azərbaycan premyer-liqasında baş verən hadisədi. Klub rəsmən məsələyə belə münasibət bildirmişdi: “Vüsal özünü yaxşı hiss edirdi. Həftə ərzində 3 dəfə COVID-19 testi verib və hamısının nəticəsi neqativ olub. Bu səbəbdən də oyundan öncə yalnız komanda ilə birgə bir məşq keçdi. Özünü hazır hiss etdiyi üçün “Sabah”la matçda meydana çıxdı”.
Göründüyü kimi, Azərbaycan futbolunda bəzi şəxslər koronavirusun super müalicə üsulunu tapıblar. 14 gün karantində qalmalı olan şəxs mistik hadisə nəticəsində 7 günə sağalır, hətta meydana da çıxır.
Vüsal İsgəndərlinin başına gələn hadisə qanun pozuntusudu və dünyada tayı-bərabəri yoxdu. Onun meydana çıxmasına razı olanlar, bu məsələyə qol qoyanların hər biri günahkardı. Gəlin, bu hadisənin qanun pozuntusu olduğunu aşağıdakı faktlar əsasında sübut edək.
13 oktyabr. "Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub. 35 yaşlı hücumçu karantinə alınıb. O, Millətlər Liqasında İsveçlə keçirilən matçı buraxıb. Bundan başqa, Kriştiano A seriyasında "Krotone" və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Kiyev "Dinamo"su ilə görüşdə iştirak edə bilməyib.
28 oktyabr. Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçib. Ondan götürülən analizlərin cavabı yenə müsbət çıxıb. Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Barselona” ilə matçdan bir gün əvvəl götürülən test portəgiz futbolçunun hələ də sağalmadığını müəyyənləşdirib. Bu üzdən də 35 yaşlı oyunçu Kataloniya təmsilçisi ilə görüşü buraxmalı olub.
Portuqaliyalı ulduzun oktyabrın 30-da verdiyi test neqativ olub və karantindən buraxılıb. Ronaldo sağaldıqdan sonra noyabrın 1-də “Yuventus”un heyətində ”Spetsiya”ya qarşı matçda meydanda olub.
Burdan göründüyü kimi, Ronaldo 14 gün karantində qalandan sonra ikinci testi verib. Növbəti analizin nəticəsi də pozitiv çıxdığından 2 gündən sonra yenə testdən keçib. Sonuncuda isə nəticə neqativ olub. Burda diqqəti çəkən məsələ Ronaldonun 14 gün karantində qaldıqdan sonra ardıcıl COVID-19 testi verməsidi. Azərbaycan futbolunun perspektivli futbolçusu nə edib? Bir həftə ərzində 3 dəfə koronavirus testindən keçib. Yəqin İsgəndərlinin orqanizmi Ronaldonunkundan dəfələrlə güclüdü. Bunun başqa cavabı yoxdu.
7 günə sağalmaq olar?!Görəsən, həqiqətən də belə şey mümkündü? Bir idmançı bir həftə ərzində müalicə alaraq, karantində 14 gün qalmadan sağala bilərmi? Sualımızı cavablaması üçün ölkənin tanınmış idman həkimlərindən Rəhim Məhərrəmova müraciət etdik.

Cüdo millimizin əsas tibb işçisinin cavabı belə oldu: “Normalda 10 və ya 14 gün karantində qalmaq lazımdı. Bir idmançının testinin nəticəsi pozitiv çıxırsa, daha sonra 3 dəfə neqativ olursa, bu, onun orqanizminin həqiqətən də güclü olması deməkdi. Lakin karantin müddəti bitməmiş məşqə çıxması, oyunda iştirak etməsi düzgün deyil. Hələ söhbət futbolçudan gedirsə, heç olmaz. Çünki kollektiv idman növündə yoluxma daha çox olur. Ola bilər ki, test neqativ göstərsin, amma həmin şəxs simptom daşıyıcılığını özündə saxlasın. Bu da komanda yoldaşlarının yoluxmasına səbəb olur. Çünki məşqlərdə onlarla təmasda olur, sosial məsafə qorunmur. Yenə deyirəm, testin nəticəsi dəfələrlə neqativ olubsa, həmin şəxsi məcbur etmək olmaz ki, sən mütləq 14 gün karantində qalmalısan. Çünki adamın verdiyi analiz başqa şey göstərir və o, özünü təcrid etməyə bilər”.
Rəhim Məhərrəmov COVID-19 testinin əvvəlcə müsbət, daha sonra dəfələrlə neqativ olmasının səbəbini də açıqladı: “Bunu konkret iddia etmirəm, amma ola bilər ki, ilk analizin nəticəsi səhv olub. Elə hallar olur ki, şəxsdə heç bir simptom olmur, amma koronavirus testi müsbət çıxır. Belə şeylər həmişə baş verə bilər. Mümkündü ki, testləri düzgün yoxlamırlar. Bütün futbolçular vahid bir mərkəzdə yoxlanılsa, daha yaxşı olar. Müalicə almaq üsulu da fərqli ola bilər. Ola bilər ki, Vüsal İsgəndərlinin qəbul etdiyi dərmanlar, qidalar onu tez sağaldıb. Güclü həkim nəzarətində olması da bərpa prosesini sürətləndirib. Bəzi sistemlər var ki, daha bahalı və effektlidi. Onların tərkibində vitaminlər çoxdu və qanın daha yaxşı hərəkət etməsinə səbəb olur. Bu da xəstəliyin daha tez sağalmasına gətirib çıxarır. Ümumiyyətlə, bəzi bahalı sistemlərdən idmançılar istifadə edirlər. Bunlar dopinq sayılmır. Lakin yenə deyirəm, koronavirus testinin nəticəsi müsbət olubsa və simptomlardan hansısa birini özündə hiss edibsə, 14 günlük karantində qalması daha yaxşı olardı. Çünki sonradan başqalarını yoluxdurmaq ehtimalı var. Amma test neqativ olubsa, kimisə məcbur etmək olmaz ki, mütləq karantində qal!”
Karantin müddəti qanunla tənzimlənir
Xatırlayırsızsa, milli komandanın üç üzvü koronavirusa yoluxmuşdu. Təmkin Xəlilzadə və Rahil Məmmədov bu səbəbdən Xorvatiyada, Maksim Medvedev isə Lüksemburqda qalmışdı. Onlar 10 gün karantin müddətini həmin ölkələrdə keçirməli olmuşdular. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla qəzetimizdə açıqlamalarında futbolçuların özünütəcrid prosesindən sonra yenidən test verməli olduqlarını bildirmişdi. Qurumun rəsmisi bunun Xorvatiya və Lüksemburq hökümətlərinin pandemiya qanunlarına uyğun həyata keçdiyini qeyd etmişdi. Hətta həmin ölkələrdə futbolçularımıza münasibət xoş olmamışdı. Onlar oteldən kənara çıxa bilməzdilər, xidmətçilər yeməklərini qapının ağzına qoyub qaçırdılar. Belə hadisələrin olmasına rəğmən, hər üç futbolçu karantin müddətini bitirdikdən sonra yenidən test vermişdilər. Təmkinin testinin nəticəsi pozitiv, Maksim və Rahilinki isə neqativ olmuşdu. “Qarabağ”ın üzvləri keçən həftə sağalaraq geri dönüblər. Burdan aydın olur ki, Xorvatiyada və Lüksemburqda koronavirusa yoluxanlar karantində qaldıqdan sonra yenidən COVID-19 testi verə bilərlər, bizdə isə kimin ürəyi nə vaxt istədi onda? Bəs normalda bu məsələ qanunda necə tənzimlənir? Koronavirusa yoluxan şəxs karantin müddətini bitirməmiş yenidən test verə bilərmi? Ümumiyyətlə, Azərbaycanda karantin müddəti varmı? Cavabsız qalan məqamlar çoxdu. Sualları cavablaması üçün tanınmış hüquqşünas Mehman Muradlıya müraciət etdik.

Vəkillər Kollegiyasının üzvünü dinləyək: “Burda qaranlıq heç nə yoxdu. Futbolçunun testinin nəticəsi əvvəlcə pozitiv çıxıb. Yeddi gün müddətində yenidən 3 dəfə analiz götürülüb və neqativ olub. Bunun ertəsi futbol matçında meydanda olub. Bu, qanun pozuntusudu. Ölkəmizdə karantin müddəti 14 gündü. Bu zaman ərzində koronavirusa yoluxan şəxs heç yerə gedə bilməz. Belə bir hadisə baş veribsə, cinayət məsuliyyəti yaradır. Loru dildə desək, epidemiyanın yayılmasına səbəb olub. Sanitariya və gigiyena qaydalarına əməl olunmayıb. Karantin müddəti 14 gündü və buna riayət edilməlidi. Əks təqdirdə aşağıdakı cəzalara məruz qalmalıdı:
17 mart 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində edilmiş əlavə və dəyişikliklərdən sonra karantin (sanitariya-gigiyena, epidemiya əleyhinə rejimdə) rejiminə riayət olunmaması halında məsuliyyət tədbirləri konkretləşdi.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya sayılan COVİD-19 virusu ilə bağlı Azərbaycan Respublikasında da tətbiq edilən karantin rejiminin pozulması hallarında nəzərdə tutulan məsuliyyət tədbirləri.
Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması
139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Göründüyü kimi, pandemiya ilə bağlı qanunları bilməmək və riayət etməmək bir çox fəsadlara gətirib çıxarır. Vüsal İsgəndərlinin karantində qalmamasının komanda yoldaşlarının koronavirusa yoluxmasına səbəb olub-olmadığını konkret deyə bilmərik. Lakin “Keşlə”nin, AFFA və PFL-in qanun pozuntusuna göz yumduğunu açıq-aşkar görürük. Diqqətli olmaq lazımdı, cənablar! İnsan həyatı oyun deyil ki, nəticələrinə göz yumaq. Burda yaşana biləcək ən xırda problemə görə məsuliyyət daşıyırsız!
İ
LKİN SULTANLI