Sizin reklam burada

Aslan Şahgəldiyev Ayxan Abbasovun iradları ilə razılaşmadı

Müəllif: football Tarix: 4-12-2020, 15:04 141 Baxış

Premyer-liqanın 11-ci turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” matçından sonra təşkil olunan mətbuat konfransında Ayxan Abbasovun səsləndirdiyi fikirlər istər mediada, istərsə də sosial şəbəkələrdə çox müzakirə olunur. “Kimyaçılar”ın baş məşqçisi COVID-19-a yoluxma səbəbindən aparıcı futbolçuların xidmətindən yararlana bilmədiyini, belə hallarda PFL-in oyunu təxirə salmamasının səbəbini başa düşmədiyini vurğulayıb: “Test veririk, cavabı neqativ çıxır, amma həmin gün axşam 7-8 oyunçumuz qızdırmadan əziyyət çəkir. Vəziyyət çox gərgindi. Ehtiyat qüvvə yoxdu. Zədəlilərlə xəstələri nəzərə alsaq, gələn turdan sonra dayanmaq məcburiyyətindəyik. Bu dəqiqə bilmirik, sağlamlıq, yoxsa futbol önəmlidi. Mən yoluxanlarla bağlı qərarları anlaya bilmirəm. Koronavirusa yoluxanların minimum 14 günə sağaldığı deyilir. Ancaq görürük ki, həmin oyunçular 5-7 gündən sonra meydana çıxırlar. Gərək hamımız pandemiyaya yoluxaq? Bu gün bizim komandada testlər neqativ çıxsa da, futbolçularımızda xəstəliyin simptomlarını görürük. PFL deyir, 7 nəfər olmalıdı ki, oyunun təxirə salınması ilə bağlı qərar verək. İndi biz nə edək, 7 nəfəri yoluxduraq? 5-6 oyunçu komandanın yarısı deməkdi”.
Abbasovun narazılığına münasibət öyrənmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq. Aslan bəyin cavabından belə çıxdı ki, “Sumqayıt”ın baş məşqçisinin iradları yersizdi: “Ayxan müəllimin “Qəbələ” ilə oyundan sonra səsləndirdiyi fikirlər haqda dərhal məlumatım var idi. Əməkdaşımız onun səs yazısını mənə göndərmişdi. Onu da qeyd edim ki, mətbuatda Abbasovun fikirləri bir qədər fərqli yazılmışdı. Ayxan müəllim yaxşı, iddialı məşqçidi. Mübariz komanda qurub. Açıq danışsaq, mövsümün əvvəlində “Sumqayıt”ın belə nəticələr qazanacağına bəlkə də heç kim inanmazdı. Bu gün komandanın heyəti geniş deyil. İstər zədə, istərsə də cəza səbəbindən oynaya bilməyən futbolçular var. Bundan başqa, özünü pis hiss edən oyunçuların da olduğunu unutmayaq. Onlar COVID-19-a yoluxmayıblar, sadəcə, hərarətləri yüksəlib. Sözügedən matçdan əvvəl Əsasnamənin tələblərinə uyğun olaraq, bütün komandalar test veriblər. “Sumqayıt”ın heyətində bir nəfərin də testinin nəticəsi pozitiv çıxmayıb. Əksinə, “Qəbələ”də 5-6 oyunçu koronavirusa yoluxduğuna görə meydana çıxa bilmədi. Bunun fonunda Ayxan müəllimin şikayət etməsi mənə qəribə gəldi. “Qəbələ” rəsmiləri, baş məşqçi Elmar Baxşıyev şikayətçi olsaydı, bunu hardasa başa düşmək olardı. Oyunun təxirə salınmasından söhbət belə gedə bilməzdi. Çünki üzv olduğumuz bütün beynəlxalq qurumlarda oyunlar keçirilir. Çempionatın dayandırılması müzakirə mövzusu deyil”.
Şahgəldiyev bizimlə söhbətdə “Sumqayıt”ın çalışdırıcısının “PFL deyir, 7 nəfər olmalıdı ki, oyunun təxirə salınması ilə bağlı qərar verək. İndi biz nə edək, 7 nəfəri yoluxduraq? 5-6 oyunçu komandanın yarısı deməkdi” fikirlərinə də toxundu: “Əsasnmədə “hansı hallarda oyun təxirə salına bilər”lə bağlı qeyd var. Komandalarda yoluxma halı həddən çox olarsa, onda AFFA ilə PFL birgə qərar qəbul edir və bunu klublara açıqlayır. “7 nəfər” məsələsinə gəlincə, bu yöndə bir çox araşdırmalar aparılıb. Avropa Peşəkar Futbol Liqalarına müraciət etmişdik. Məsələn, elə liqalar var ki, orda bir komandada 7 nəfər koronavirusa yoluxan varsa, oyun təxirə salınır. Başqa çempionatda yoluxma olduğu halda matç təxirə salınmır, komandaya texniki məğlubiyyət verilir. Eləsi də var ki, komandada yoluxmayan 7 oyunçu varsa belə, qarşılaşma keçirilməlidi. Biz isə öz aramızda belə ortaq məxrəcə gəlmişik ki, hansısa kollektiv üzvlərindən 7 nəfərdə COVID-19 üzə çıxarsa, bu halda qarşılaşma təxirə salına bilər. Yoluxanların sayı azdısa, matçı təxirə salmağın nə mənasi var? Düzdü, bizdə müəyyən şübhələr olub komandalarla bağlı. Bəzi əlamətlər olub. Belədə komanda təkrar testə gedib və məlum olub ki, hər şey qaydasındadı. Bir-iki nəfərdə, bəzən klubun futbolçu olmayan digər şəxslərində test pozitiv çıxıb. Buna görə isə oyun təxirə salınmır”.
Ayxan bəyin oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərdən ən çox diqqəti çəkəni “koronavirusa yoluxanların minimum 14 günə sağaldığı deyilir. Ancaq görürük ki, həmin oyunçular 5-7 gündən sonra meydana çıxırlar” oldu. Onun sözlərindən belə çıxır ki, çempionatı təşkil edən qurum ikili standartlara yol verir. Ancaq Şahgəldiyev bununla razılaşmadı: “Komandaların çempionat oyunundan əvvəl verdiyi testlərin cavabı bizə təqdim olunur. Matça təyinat alan AFFA nümayəndəsinə də testin nəticələri göndərilir. Bir futbolçu bir həftədən sonra meydana çıxırsa, deməli, ondan götürülən növbəti testin cavabı neqativ olub, onda koronavirusun əlamətləri yoxdu. Bunu test də təsdiq edirsə, kim buna nə deyə bilər?”
RƏŞAD
SON XƏBƏRLƏR